00:11 01 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
110222

Deputat bu addımı sosial zərurət kimi izah etsə də, müstəqil ekspert səbəbi büdcə gəlirlərinin azalmasında görür

BAKI, 2 mart — Sputnik. Milli Məclisin yaz sessiyasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirə olunacaq.
Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Musa Quliyev
Musa Quliyev

Xəbər insanlar arasında birmənalı qarşılanmayıb. Qanun layihəsi sosial şəbəkələrdə geniş müzakirə olunub və çoxsaylı suallar yaradıb. Sputnik Azərbaycan bu suallara cavab tapmaq üçün millət vəkili Musa Quliyevə müraciət edib.

Deputat bildirib ki, hazırda qadınlar 60 yaşında, kişilər isə 63 yaşında pensiyaya çıxırlar: "Ancaq Azərbaycanda orta yaş həddi 74 yaşdır. İnsanların çoxu da 65 yaşa kimi, bəzən isə hətta bu yaşdan sonra da işləmək istəyirlər. Bunları nəzərə alaraq, Azərbaycanda pensiya yaş həddinin 65-ə çatdırılması məsələsi gündəmə gəlib. Hətta onu da qeyd edim ki, dünyanın çox ölkəsində də pensiya yaş həddi 65-dir. Az ölkə var ki, orada pensiya 62-63 yaşında verilir".

Millət vəkili yaş hədlərinin birdən-birə deyil, 6 aydan bir qaldırılması məsələsinə də aydınlıq gətirib: "Pensiya yaş həddi ona görə birdən-birə deyil, 6 aydan bir artırılır ki, insanlar öz həyatlarını tənzimləyə və gələcəklə bağlı qərar verə bilsinlər. Bu, o demək deyil ki, kişi mütləq 65 yaşında pensiyaya gedəcək. Səhhəti yerindədirsə, işdə ona tələbat varsa, həmin insan qalıb daha çox işləyə bilər. Qadınların 65 yaşlıq pensiya həddinə çatması 10 il, kişilərdə isə 4 il ərzində həyata keçiriləcək".

"Bu gün işləyən və əmək haqqı alan hər bir şəxs Dövlər Sosial Müdafiə Fonduna pul ödəməlidir. İşə götürən 22 faiz, şəxs özü isə qazandığı məvacibdən 3 faiz pul ödəyir. Vergilər necə məcburi ödənilirsə, DSMF-ə də belə ödənilməlidir. Gələcəkdə könüllü sosial sığorta fondları yarana bilər. Bu zaman şəxslər həmin fondlara pul ödəyə bilərlər. Amma bu gün işləmək və DSMF-ə pul ödəməmək mümkün deyil" — M. Quliyev qeyd edib.

Qadir İbrahimli
© Photo : Şəxsi arxivindən
Qadir İbrahimli

"Güzəran" Sosial Araşdırmalar Birliyinin sədri, iqtisadçı-ekspert Qadir İbrahimli isə Sputnik Azərbaycan-a açıqlamasında bu qanun layihəsini büdcə gəlirinin azalması ilə əlaqələndirib: "Azərbaycanda yaş həddi 71-dir. "Pensiya yaş həddinin artırılması məsələsi hansı zərurətdən doğub" sualına gəldikdə, burada insanların orta ömrünün uzanmasından və ya yaşayış həddinin yaxşılaşmasından söhbət gedə bilməz. Sadəcə ölkədə neftdən gələn gəlir, ölkənin büdcə gəlirləri azalıb. Nəticədə sosial xərcləri azaltmaqla büdcənin yükünü azaltmaq istəyirlər. Bir müddət öncə də bəzi sosial güzəştlər ləğv edildi. Məsələn, məcburi köçkünlər ilə bağlı güzəştlərin bir hissəsi ləğv edildi. İndi də pensiya yaşı artırılır".

Ekspertin sözlərinə görə, Azərbaycanda orta əmək haqqı və pensiya yüksək deyil ki, insanlar aldıqları pulla yaşasınlar: "Ona görə də, yaşlı insanlar məcbur olaraq işləyirlər. Digər tərəfdən, iş yerlərinin azalması prosesi gedir. Bu halda, pensiya verilməsində də bəzi problemlər yaranır".

"Hökumət bu problemlərin həllini pensiya yaş həddini qaldırmaqda görür. Mən bunu yanlış addım kimi dəyərləndirirəm. Hökumət büdcə xərclərinə qənaət etmək istəyirsə, ilk növbədə idarəetmə islahatları aparmalıdır. Təxmini hesablamalara görə, idarəetmə xərclərini 30 faizə kimi azaltmaq mümkündür. Eyni zamanda, dövlət məmurlarının sayını 30 faizə yaxın azalda bilərlər" — Q. İbrahimli bildirib.

O, hesab edir ki, əgər hökumət bu cür radikal addımlar atsa, daha effektiv nəticə yaranar: "Rəqabət sistemi artırılmalıdır. Əks halda ölkədə onsuz da yaxşı olmayan sosial mühit daha da çətinləşəcək".

Qeyd edək ki, qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Əlaqədar

Pensiya qanunvericiliyinə ciddi dəyşiklik edilir
Pensiya həddini 120 yaşadək artırmaq təklif olunur
Minimum aylıq əməkhaqqı və əmək pensiyalarının sığorta hissəsi artırıldı
Vüqar Bayramlı: Pensiya yaşının artırılması məqsədəuyğun deyil
Görün, pensiya yaşını hansı səbəbdən qaldırmaq istəyirlər
Pensiyalar artacaq
Pensiyalar yeni qaydada hesablanacaq
Teqlər:
yaş həddi, yaz sessiyası, Musa Quliyev, Qadir İbrahimli, ekspert, iqtisadçı, Milli Məclis, deputat, millət vəkili, pensiya

Əsas mövzular