04:17 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
2158 0 0

Və ya MİS-dən MMMC-yə doğru: artıq vətəndaşı pulunu nəyə xərclədiyini yaxşı bilir

BAKI, 16 fev — Sputnik. Çoxmərtəbəli binaların idarə olunması məqsədilə indiyədək 40 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb. Paytaxt üzrə ən çox MMMC Binəqədi, Yasamal və Nəsimi rayonlarında yaradılıb. Abşeron rayonu üzrə isə artıq 2 MMMC qeydiyyatdan keçib.

Yanğın
© AFP 2020 / Sergei Supinsky

Qeyd edək ki, Mənzil Məcəlləsindəki son dəyişikliklərdə çoxmənzilli binanın ümumi əmlakının mülkiyyətçilərə, yəni sakinlərə məxsus olması, istismarı və saxlanmasının onlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Qanunvericiliyə görə, yaşayış binasında birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi əmlak hesab olunur və ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsusdur. Yeni idarəçilik formasına əsasən, binanın idarə edilməsi üsulunun və idarəedicinin seçilməsi, xidmətlərin nədən ibarət olması, eləcə də yaşayış sahəsinə görə haqqın miqdarı və bu kimi məsələlər mülkiyyətçilər tərəfindən müəyyən edilir.

Məktub
Məktub

Abşeron rayonu ərazisindəki MMMC-lərdən biri, "İlin dörd fəsli" MTK-nın inşa etdiyi "Yeni Bakı" şəhərciyində yaradılıb. MMMC-nin nəzdində bir bina var. Bina qazlaşdırılıb, binanın bütün xərcləri MMMC tərəfindən həyata keçirilir. MMMC-nin İdarə Heyətinin sədri Yeganə Tahirovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, MMMC-ni yaratmaq o qədər də asan başa gəlməyib.

Bina sakinləri yaşadıqları ərazidə kommunal xərclər, su, elektrik enerjisi və s. xərclərdən narazı qaldıqları üçün Mənzil Məcəlləsinə edilən yeni dəyişikliklərdən sonra MMMC-ni yaratmağa qərar veriblər. Hal-hazırda MMMC-nin nəzdində olan bir bina sakinlər tərəfindən idarə edilir. Y. Tahirovanın sözlərinə görə, MMMC-lərin yaradılması bina sakinlərinin xərclərini azaldıb. Yəni, bina sakini pulunu nəyə xərclədiyini artıq yaxşı bilir. MMMC-nin nəzdində olan binaya xüsusi qapı və nəzarət kamerası qoyulub. Yəni, binaya bina sakinlərindən başqa kənar şəxslər daxil ola bilmirlər.

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

Hazırda "Yeni Bakı" şəhərciyindəki digər binaların idarəçiliyi binanı tikən MTK-nın nəzarətindədir. Qeyd edək ki, yeni binaların idarəçiliyinin həmin binaları tikən MTK-ların nəzarətində qalması 2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsinin, eyni zamanda, həmin binların sakinlərinin hüquqlarının pozulması deməkdir.

Sözügedən məsələni Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Samir Əliyev deyir ki, SSRİ-nin mənzil təsərrüfatının bir hissəsi olmuş Azərbaycanda MİS-lər hələ də fəaliyyət göstərir və bu, anormaldır: "Əvvəllər bu qurumların fəaliyyəti 1982-ci ildə qüvvəyə minən və son 2 ilə qədər qüvvədə olan "Azərbaycan SSR Mənzil Məcəlləsi" ilə tənzimlənib. Belə ki, Məcəllə ilə dövlət və ictimai mənzil fondunun idarə edilməsi mənzil-istismar təşkilatlarına həvalə olunmuşdu. Məcəllənin 19-cu maddəsində göstərilirdi ki, dövlət və ictimai mənzil fondunun istismarı üçün təsərrüfat hesabı əsasında fəaliyyət göstərən mənzil-istismar təşkilatları yaradılır. Məcəlləyə görə, bu təşkilatların funksiyası mənzil fondunun qorunması və ondan lazımınca istifadə olunması, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək, habelə yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlama qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına nəzarət etmək olub".

"Ancaq Azərbaycan Respublikasının 2009-cu ildə qüvvəyə minən yeni Mənzil Məcəlləsi mənzil-istismar təsərrüfatlarını mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırdı. Yeni Məcəllədə dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur" — ekspert bildirib.

Onun sözlərinə görə, Məcəllənin 141-ci maddəsində göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarə edilməsinin aşağıdakı üsullarından birini seçməyə borcludur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilmə.

Əmlak eksperti Nüsrət İbrahimov
© Sputnik / Fuad Hasanov
Əmlak eksperti Nüsrət İbrahimov

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, yeni binalar kooperativ binalar hesab edilir və onların saxlanılması üçün istismar xərcləri var: "Buna görə də Mənzil Məcəlləsində Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması nəzərdə tutulub. MMMC yaradılandan sonra xərclərin smetası tutulur, ümumi yığıncaqda müzakirə edilir və qəbul olunur. Sonra da smetaya uyğun hərəkət edilir. Buraya binanın təmir xərcləri, lift, qaz, su problemləri, işçilərin saxlanılması xərcləri daxildir. MMMC ildə iki dəfə hesabat verir".

İbrahimov bildirir ki, hazırda MMMC-lərin yaradılmasında bir çox problemlər var: "Başlıca problem mənzil mülkiyyətçilərinin bu sahədə həvəssiz olmasıdır. MMMC-lərin yaradılması üçün mənzilləri tikən MTK binaları qəbul komissiyalarına təhvil verməlidir ki, 6 ay müddətinə MMMC-lər yaradılsın".

Mütəxəssisin sözlərinə görə, mənzillərə sahəsinə görə fərqli qiymətlər qoyula bilər: "Çünki elə bina ola bilər ki, onun saxlanma xərci 5 min manat olsun, elə bina da ola bilər ki, 35 min manat. Bura liftlərin sayı və orda elektrik şəbəkəsinin yüklənmə səviyyəsi, mühafizə sistemi, binanın nə dərəcədə elektronlaşdırılması, binaya baxmaq üçün saxlanılan işçi sayı da daxildir".

Hüquqşünas Tağı Hüseynov
© Photo : PUBLIC DOMAIN
Hüquqşünas Tağı Hüseynov

Hüquqşünas Tağı Hüseynovun sözlərinə görə də, MMMC-lərin yaradılması bina sakinləri üçün önəmli məsələdir. Lakin bir çox tikinti şirkətləri sənədləri vaxtında qəbul komissiyalarına tqədim etmirlər.

"Bunun da müəyyən səbəbləri var. Məsələn, yeni tikilən şəhərcikdə hazır binalarda yaşayış başlayır, ancaq tikinti hələ davam edir. Yəni binaların sayı çoxdur. Tikintinin nə zaman tam bitəcəyi məlum olmur. Bəzi MTK-ların maddi durumu tikintinin başa çatmasına mane olur. Bu zaman MTK-lar uzun müddət binalara nəzarət etməli olur" — hüquqşünas vurğulayıb.

Hüseynov əlavə edib ki, binaların MMMC-lərə verilməsi üçün tikintinin tam başa çatması və qəbul komissiyasından keçməsi lazımdır: "Bundan sonra bina sakinləri fərdi qaydada "Azərsu", "Azərişıq", "Azəriqaz" və digər xidmətlərin fərdi abonentinə çevrilə bilərlər".

Əlaqədar

Bu MTK-dan ev almayın
MTK-lara ödədiyimiz "mənzil haqları" hara gedir?
“Sevil Massivi” MTK-nın rəhbərliyinin məhkəməsi başladı
"Problemli MTK olmayan" şəhərdə bir mənzili 5 nəfərə kim satır?
“Sevil Massivi” MTK üzrə cinayət işinin istintaqı yekunlaşıb
Teqlər:
Tağı Hüseynov, Mənzil Məcəlləsi, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti, MMMC, çoxmərtəbəli bina, hüquqşünas, Nüsrət İbrahimov, kommunal, MTK, yaşayış, sakin, ekspert, Samir Əliyev, iqtisadçı, xərc

Əsas mövzular