15:18 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
77920

Şəhərdə parkomat problemi, yaxud "Mənim ərazim!" mübahisəsi

BAKI, 15 fev — Sputnik. Mağazaların, ofis və idarələrin qarşısında, şəxsi evlərin yerləşdiyi küçələrdə avtomobil saxlamaq olmur. Ya kimsə qarşına keçib "bura mənimdir" deyir, ya da xüsusi hazırlanmış "qadağandır!" nişanı ilə qarşılaşırsan. Demək olar ki, bu problemlə bütün sürücülər üzləşirlər. Hüququnu bilən sürücü heç kimi dinləmədən avtomobilini saxlayır, bilməyən isə…

Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb
© Photo : Azəravtoyol ASC-nin mətbuat xidməti

Sputnik Azərbaycan-a bu məsələ ilə bağlı müraciət edən Bakı şəhər sakin İlqar Əsədov deyir ki, bu yaxınlarda mağazalardan birinin qarşısında avtomobil saxlayıb, alış-veriş etmək istəyirmiş. Avtomobilini saxlayıb düşəndə gözlənilməz reaksiya ilə qarşılaşıb: "Mağazanın qarşısında avtomobilimi saxlayıb, su almaq istəyirdim. Yenicə saxlamışdım ki, satıcı qadın hücum çəkərək qışqır-bağır saldı, avtomobili mağazanın qarşısından çəkməyimi tələb etdi".

"Qadın elə qışrqırırdı ki, mən ona mağazadan nəsə almaq istədiyimi deyə bilmədim. O qışqırırdı, mən də dayanıb baxırdım. Əslində, su alıb gedəcəkdim. Amma mən də prinsipial adamam. Düz bir saat avtomobili mağazanın qarşısında saxladım və "nə bacarırsan, et" dedim. O, da deyinə-deyinə qayıtdı mağazasına. Mağaza ilə avtomobilimi saxladığım yerin arasında hardasa 2 metrlik bir piyada səkisi də var idi" — sürücü yazır.

Digər bir şikayətçi Əli Cavadov da eyni problemlə qarşılaşıb: "Dövlət qurumlarından birinin qarşısında saxlamışdım. Halbuki orada parkomat da var. Mühafizəçi çıxıb dedi ki, bura idarəyə aiddir və burada avtomobil saxlamaq olmaz. Ərazidə DYP tərəfindən "saxlamaq qadağandır" nişanı da qoyulmamışdı. Mən pulumu parkomata ödəyib, avtomobili saxlayıb getdim. Sadəcə mənim üçün maraqlıdır. Ofis, idarə, təşkilat, mağaza və şəxsi evlərin qarşısı onlara aiddirmi?"

Problemi Sputnik Azərbaycan-a şərh edən hüquqşünas Asif Abdullayevin sözlərinə görə, idarə, ofis, təşkilat, mağaza qarşısı olan küçələr dövlətə aiddir və orada xüsusi nişan qoyulmayıbsa, heç kimin "burada saxlama, mənimdir" deməyə haqqı yoxdur: "Düzdür, bəzən idarə və təşkilatların qarşısına qanunsuz olaraq xüsusi nişanlar qoyulur, amma bu nişanlar yola vurulmayıbsa, keçərli deyil. Yəni, siz həmin yerdə avtomobil saxlaya bilərsiniz. Bu, mağazalara və digər obyektlərə də aiddir. Siz dayanma-durma qaydasını yalnız işarə olan yerlərdə avtomobilinizi saxladığınız zaman pozmuş olursunuz".

Parklama
© Karikatura
Parklama

Hüquqşünas bildirir ki, DYP heç kimə "saxlamaq qadağandır" işarəsi vermir: "Bu işarə ancaq yollara vurula bilər. O ki, qaldı kiminsə mağazasının qarşısında avtomobil saxlamasına, mağaza qarşısı da dövlətə məxsusdur. Yəni mağaza sahibi sizdən heç kimə şikayət edə bilməz".

A. Abdullayev xüsusi evlərin qarşısında, qapılarının önündə avtomobil saxlamağı qanunsuz hesab edir: "Avtomobil çıxış yolunu bağlayırsa, ev sahibinin həmin ərazidə xüsusi işarə qoymağa ixtiyarı var. Çünki bəzən olur ki, evin çıxış qapısına bir neçə cərgə ilə avtomobil yığılır, ev sahibi özü evindən çıxa bilmir".

"İnzibati Xətalar Məcəlləsinin 162-ci maddəsinə əsasən, müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, işıqforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 150 manatdan 200 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək cərimə edilir. Yəni kimsə mağazasının, ofisinin, idarəsinin qarşısına hər hansı qadağanedici nişan qoyubsa, siz DYP-yə şikayət edə bilərsiniz" — həmsöhbətimiz vurğulayıb.

O, bundan əlavə, qeyd edib ki, qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən, parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimə müəyyən edilib: "Bu məbləğ 10 manatdır".

Nəqliyyat eksperti Azər Allahverənov da Sputnik Azərbaycan əməkdaşı ilə söhbətində deyib ki, kiminsə dövlətin yolunu zəbt etmək səlahiyyəti yoxdur: "Belə hallar tez-tez baş verir. Bəzi mağaza, kafe sahibləri elə hesab edirlər ki, kafenin qarşısı, ətrafı, hətta yol belə onlara aiddir. Yol dövlətindir. Kiminsə yolu zəbt etməsi, müəyyən əraziləri barmaqlıqlara alması təbii ki, qanun pozuntusudur və bu insanlardan şikayət edildiyi təqdirdə onlar 100 manatdan başlayaraq daha yüksək məbləğdə cərimə edilirlər".

Allahverənovun sözlərinə görə, sürüclər belə hallarla qarşılaşan zaman şikayət edə bilərlər. Bununla yanaşı, ekspert hesab edir ki, xüsusi həyəti olan, çəpərlənmiş idaərələrin, nazirliklərin, məktəblərin həyətində kənar avtomobillərin saxlanılması qanunla qadağandır.

"Hətta mən elə bir halla qarşılaşmışam ki, məktəbin həyətinin yarısı park yeri kimi kimlərsə tərəfindən zəbt edilib. Bu, qanunsuzdur. Bəzi obyekt sahibləri elə hesab edirlər ki, bir işçi tutub işçinin qoluna qırmızı lent bağlamaqla rəsmiyyət yaratmaq olur. Bu, düzgün deyil. Qısası, yol dövlətindir və onu qeyri-qanuni şəkildə zəbt etmək qanunu pozmaq deməkdir" — ekspert bildirib.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun bildirdiyinə görə, yolun hərəkət hissəsini məhdudlaşdırmağa qanun icazə vermir. "Qanunda qeyd edilir ki, yolun hərəkət hissəsinin dəmir və digər məmulatlarla məhdudlaşdırılması, avtomobillərin hərəkətinə maneə yaradılması inzibati xətadır" — o, Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu kimi hallar yalnız qanunvericiliklə tənzimlənməlidir: "Mənim mağazamın qarşısı mənim deyil. Bunun əksini düşünənlər öz şəxsi manefeyini düşünərək belə addım atırlar. Həmin ərazi — yol, küçə, səki heç kimin deyil, oradan hamının istifadə etmək hüququ var".

""Yol hərəkəti haqqında" qanuna əsasən, ümumi istifadədə olan yollarda, səkilərdə dəmir, taxta və digər məmulatlarla yolun hərəkət hissəsinin tutulması, həmin ərazilərə satış məhsullarının, qida məhsullarının, ticarət predmetlərinin qoyulması qeyri-qanunidir. Mülk sahibləri "bura mənimdir" deyə ərazini zəbt edə və ya digər avtomobillərin hərəkətinə məhdudiyyət yarada bilməzlər" — Əsədov bildirib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirildi ki, problem yaşanan ərazilər aidiyyəti icra hakimiyyəti qurumlarının balansında olan ərazilərdir: "Hansısa icra hakimiyyətinin ərazisində problem yaşanırsa, şikayətçi həmin icra hakimiyyətinə müraciət etməlidir".

Əlaqədar

Bu yerlərdə maşınınızı park edərkən onu böyük riskə atırsınız
İlham Əliyev paytaxtda yeni yaradılan park kompleksinin açılışında iştirak edib
Paytaxtda qanunsuz parklamalara qarşı mübarizə gücləndirilir
“Şamaxinka”da parkinq ləğv olundu
Teqlər:
Asif Abdullayev, səki, ofis, parklama, Vaqif Əsədov, Sputnik Azərbaycan, DYP, mağaza, Azər Allahverənov, ekspert, küçə, sürücü, avtomobil

Əsas mövzular