CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Missionerin sümüklərinin tapıldığı yerdə məbəd tikildi

© Sputnik / Shahperi AbbasovaQum məbədi
Qum məbədi - Sputnik Azərbaycan
Abunə olmaq
Qax rayonundakı bu məbəd V əsrin sonlarına - III Vaçaqanın Albaniyada hakimiyyətdə olduğu dövrə təsadüf edir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 fev — Sputnik. Azərbaycan tarixən dini tolerantlıq ənənələrini yaşadan ölkələrdən olub. Xüsusi qeyd etmək lazımdır ki, ölkə ərazisində yerləşən müxtəlif dinlərə aid qədim və unikal abidələr, məbədlər, səcdəgahlar həm dövlət, həm də cəmiyyət tərəfindən bu gün həssaslıqla qorunur.

Tarixin bütün dövrlərində Azərbaycan ərazisində məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərib. İndi də bu müqəddəs məkanları qorumaq ənənəsi davam edir. Tarix etibarilə bu abidələr Azərbaycanın nə qədər qədim bir tarixə malik olduğunu sübut etməklə yanaşı, həm də ölkəmizdə tolerantlıq səviyyəsinin göstəricisidir.

© Sputnik / Shahperi AbbasovaQum məbədi Qax rayonunun eyniadlı kəndinin mərkəzində, kiçik dağ çayının sahilində yerləşir
Qum məbədi Qax rayonunun eyniadlı kəndinin mərkəzində, kiçik dağ çayının sahilində yerləşir - Sputnik Azərbaycan
Qum məbədi Qax rayonunun eyniadlı kəndinin mərkəzində, kiçik dağ çayının sahilində yerləşir

Elə abidələr var ki, yerli əhali onlara xüsusi qayğı göstərir, qoruyur. Bunlardan biri də Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Qum məbədidir. Məbəd Qax rayonunun Qum kəndinin mərkəzində, kiçik dağ çayının sahilində yerləşir.

Tarixçi Məcid Mehrani Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu qədim alban məbədi dördbucaqlı və yarım qövs künclü formasında tikilib: "Bu binanın uzunluğu 26.4 m, eni 19.3 metrdir. Məbəd üç tərəfdən eyvanla əhatə olunub, içərisində üç zal var. Məbədin şərq tərəfində bitişik kvadrat şəklində otaqlardan biri qurbangah, digəri isə ruhani otağıdır".

"Məbədin daxili hissəsində iki cüt "F" şəklində sütun var. Mehrabın üstündəki hissə isə novşəkillidir. Məbədin 3 qapısı olub. Qapıların üstü də yarımqövs şəklində tağlarla bəzədilib. Qapıları eyvanlara açılır. Qum məbədinin tikintisində çiy çay daşlarından istifadə olunub. Daxilindəki divarlar isə bişmiş daşdan hörülüb. Damı da kirəmitlə örtülüb" — tarixçi bildirib.

Mehraninin sözlərinə görə, tədqiqatçılar arasında, memarlıq xüsusiyyətlərinə görə Qum məbədinin V əsrin sonlarında tikildiyi fikri yekdildir: "Bu, V əsrin sonlarına — III Vaçaqanın Albaniyada hakimiyyətdə olduğu dövrə təsadüf edir. Rəvayətə görə, bu məbəd III Vaçaqan tərəfindən tikilib. Tarixçi Musa Kalankatlı özünün "Alban tarixi" əsərində, xristian missionerlərindən olan Yeniseyin bu əraziyə səfərindən yazır. Kalankatlının yazdığına görə, Albaniyanın şimal-şərq ərazilərini gəzən Yenisey, burada öz istəyini yerinə yetirə bilməyib, Şəki ərazisinə gəlir. Burada o, Kiş kəndində kilsə inşa etdirir. Bundan sonra o, Qax ərazisində olan müqəddəs yerlərə gedir və orada onu öldürürlər".

© Sputnik / Shahperi AbbasovaRəvayətə görə, məbəd III Vaçaqan tərəfindən tikilib
Rəvayətə görə, məbəd III Vaçaqan tərəfindən tikilib - Sputnik Azərbaycan
Rəvayətə görə, məbəd III Vaçaqan tərəfindən tikilib

Mehrani Kalankatlının əsərinə istinadən deyir ki, Yenisey öldürüldükdən sonra onu "Qomlet" adlanan yerə gətirib atırlar: "Qomlet adlanan bu yer Qum kəndinin adına uyğun olduğuna görə, çox güman ki, haqqında bəhs etdiyimiz yerdir. Sonralar Yeniseyin sümüklərinin tapıldığı həmin yerdə III Vaçaqan bir məbəd tikdirib. Həmin məbəd də çox güman ki, elə Qum məbədidir. Çünki həm əsr, həm istiqamətlər, həm də tələffüz baxımından (Qum — Qomlet) uyğunluq göstərir ki, həmin məbəd III Vaçaqanın Yeniseyin şərəfinə tikdirildiyi məbəddir".

Onu da diqqətə çatdıraq ki, bəzi mənbələrə görə, Qum kəndi dahi şair Nizami Gəncəvinin baba yurdu hesab edilir. Ustad şair "Sirlər xəzinəsi" poemasında doğulduğu yeri belə təsvir edir: "Gəncə dənizində olsam da pünhan, Yerim Qum şəhridir, yurdum Dağıstan".

Xəbər lenti
0