14:42 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
2144 0 0

Ekspert: "Bu olay cəmiyyətdə intihar hallarının ən azı 2 dəfə artacağına səbəb olacaq"

BAKI, 27 yan — Sputnik. İki gün öncə mənzilində meyiti tapılan psixoloq Dəyanət Rzayevin intiharı sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib. Onun ölümü yaxınları, dostları və ümumiyyətlə bütün onu tanıyanlar üçün şok effekti yaradıb. Bir şoxları bu fikirdədir ki, Dəyanət Rzayevin özünə qəsd etməsi cəmiyyət üçün ciddi nəticələrə səbəb olacaq.

Psixoloq Şükran Dədəyev
© Photo : STR
Psixoloq Şükran Dədəyev

Sputnik Azərbaycan-ın əməkdaşı, cəmiyyətdəki intiharlara qarşı hər kəsə maarifləndirici fikirlər söyləyən psixoloqun özünə qəsd etməsinin cəmiyyət üçün hansı nəticələrə səbəb ola biləcəyi ilə bağlı mütəxəssislərin rəyini soruşub. Psixoloq Şükran Dədəyev bildirib ki, psixoloq da insandır və onun da problemləri ola bilər: "Bunu həkimlərin timsalında da göstərə bilərik. Məsələn, ürək həkimləri hər kəsi siqaret çəkməməyə çağırırlar. Amma elə ürək həkimləri də var ki, başqasına məsləhət versələr də, özləri siqaret çəkir və bu səbəbdən də tez biz zamanda dünyalarını dəyişirlər".

"Psixoloqlar özləri də hər kəsə kömək etməyə çalışırlar. Amma onların özlərinin də bəzən mənəvi köməyə ehtiyacları olur. Mənəvi dəstək almadıqda psixoloq özü də pis vəziyyətə düşə bilər. "Psixoloq xəstələnə bilməz, depressiyaya düşə bilməz, intihar edə bilməz" kimi fikirlər düzgün yanaşma deyil. Sadəcə, psixoloqlar özləri cəmiyyəti intihardan uzaqlaşdırdığı üçün, onların intihar etməsi bir qədər qəribə qəbul edilir. Dəyanət Rzayev özü cəmiyyəti intihardan uzaqlaşdırmağa çalışan şəxs olduğundan, onun özünə qəsd etməsi çox pis haldır" — mütəxəssis bildirib.

Psixoloq onu da qeyd edib ki, Dəyanət Rzayevin intiharından sonra, onun yanına gələn xəstələrin, hətta digər zəif iradəyə malik insanların da intihara meyllənməsi baş verə bilər: "Bu da qorxulu haldır. Onlar da bu prosesi təkrarlaya bilərlər. Xüsusilə yeniyetmə və gənclər arasında intihar problemi ilə bağlı xəstələr olubsa, onların həyatı üçün xüsusi təhlükə yaranıb".

Psixoloq Tariyel Faziloğlu da "psixoloq intihar edə bilməz" yanaşmasını doğru hesab etmir: "Onlar şəxsi problemləri səbəbindən belə addım ata bilərlər. Dəyanətin başına gələn hadisədə vəziyyət başqadır. Çünki, Dəyanət öz intiharına hazırlaşıb. İntiharı planlı şəkildə edib. Bir psixoloqun hansısa cəmiyyətdə belə addım atması həmin cəmiyyətdə ciddi nöqsanlar olmasından xəbər verir".

Psixoloq Tariyel Faziloğlu
© Sputnik / Murad Orujov
Psixoloq Tariyel Faziloğlu

"Çünki, cəmiyyətdə baş verənləri ən qabarıq hiss edən psixoloqlardır. Psixoloqlar insanların yaşadıqları sıxıntıları insanlarla birgə hiss edir və yaşayırlar. Və təbii ki, bu amil psixoloqun da psixologiyasında dərin izlər buraxır. Cəmiyyətdə problemlərin böyüməsi, insanlarda psixoz və nevroz hallarının artması, intiharların çoxalması psixoloqlarda da stress və gərginlik yaradır" — Faziloğlu vurğulayıb.

Onun sözlərinə görə, Dəyanət Rzayev emosional insan olub və cəmiyyətdə baş verənləri emosional şəkildə yaşayıb: "Üst-üstə yığılan bu stresslər də Dəyanətin belə addım atmasına səbəb olub. Dəyanət Rzayevin intiharı nəinki onun xəstələri, hətta cəmiyyətin həssas təbəqəsi üçün böyük təhlükə yaradır. Bu olay cəmiyyətdə intihar hallarının ən azı 2 dəfə artacağına səbəb olacaq".

Rəsul Mirhəşimli
© R.Mirhəşimlinin şəxsi arxivindən
Rəsul Mirhəşimli

Tanınmış jurnalist, ilahiyyatçı Rəsul Mirhəşimli isə o fikirdədir ki, bir insanın özünü öldürməsinin səbəbini onun özündən yaxşı heç kim bilmir: "İntihar isə bu səbəbləri ölən insanla birlikdə aparır. İnsanın özünü öldürməsi yaxşı hadisə deyil. Amma yəqin ki, fərdi məsələ olduğu üçün, psixoloji sarsıntıların yaratdığı səbəblər dərindir".

"İntihar edən şəxsin ölümünə üzülən insanlar olduğu kimi, onu qınayan, tənqid edən, hətta lağa qoyanlar da az deyil. İntihar heç bir halda yaxşı hadisə olmasa da, dinimizin bizə öyrətdiyi bir hikmət var: "Ölənin arxasınca ya yaxşı danışın, ya da heç danışmayın". Çünki bundan sonra olacaqlar dünyasını dəyişənlə Allah arasındadır. Kiminsə buna qarışması təqdir olunan məsələ deyil" — deyə Rəsul Mirhəşimli əlavə edir.

İlahiyyatçı dinin intihara münasibəti barədə danışarkən bildirib ki, bu barədə buyurulan açıq-aşkar ortadadır: "Ey iman gətirənlər!…özünüzü öldürməyin!" ("Nisa" surəsi, ayə 29).

R. Mirhəşimli onu da qeyd edib ki, təkcə İslam dininin deyil, bütün səmavi dinlərin intihara münasibəti mənfidir: "Qədim xristian ənənələrinə görə, intihar edəni dini qaydada, hətta ümumi qəbirstanlıqda dəfn etməzdilər. Can Allahın insana verdiyi əmanətdir. Sahibindən aldığımız əmanəti Özünə yalnız Onun əmri ilə qaytarmalıyıq. Cana qıymaq Allahın bizə verdiyi əmanətə xəyanətdir. Bu dünyadan bezib canına qıyan şəxs, dinimizə görə, özünü axirət əzabına da düçar etmiş olur".

İlahiyyatçı sonda onu da vurğulayıb ki, istənilən insanın intihar etməsinin mütləq dərin sarsıntılara yol açan və canına qıymağa məcbur edən bir səbəbi var: "Dinimizin hikməti öz yerində. Özünü öldürən şəxsə görə təəssüf hissi keçirmək də anlaşılandır. Amma bu insanı ittiham etmək düzgün deyil. Belə görünür ki, bu cəmiyyətdə ən asan iş başqalarını suçlamaq, ondan da asanı özünü öldürəni ittiham etməkdir".

Əlaqədar

İntihar edən psixoloqun son məktubunda gözyaşardıcı qeyd
Keçmiş polis rəisi intihar etdi
Yaşlı qadın özünü asaraq intihar edib
Yeniyetmə yaşında intiharların vacib bir səbəbi var
İntihar edən azərbaycanlı məşhurlar
Vitse-spikerin qızı intihar etdi
Bakı kəndində zəncirvari intihar dalğası və açılmamış sirlər...
Teqlər:
psixoloji, Şükran Dədəyev, Tariyel Faziloğlu, ilahiyyatçı, Rəsul Mirhəşimli, depressiya, Dəyanət Rzayev, intihar, psixoloq, insan, Azərbaycan, cəmiyyət

Əsas mövzular