19:28 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Jurnalist iş masası arxasında

Vaxt varkən, başınıza çarə qılın

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
İsmayıl MƏMMƏDLİ
80300

Yaxud jurnalistlərə bəd xəbər: "Yerinizə işçi axtarırlar"

BAKI, 23 yan — Sputnik. Bax, özümüz özümüzü belə işə salırıq. Axtarıb tapırıq ki, Çində "doğulan" robot-jurnalist artıq ilk məqaləsini yazıb. Həm də 300 heroqlifdən ibarət olan məqaləni, cəmi 1 saniyəyə bitirib.

Jurnalistlər
© Sputnik / Murad Orujov

"Sao Nan" adlı robot Pekin Universitetində düzəldilib. Onun hazırlanması ilə bağlı layihəyə professor Van Syaotszyun rəhbərlik edib. Alim deyib ki, robot-jurnalist təkcə qısa məqalələr deyil, iri həcmli yazılar da yazmaq qabiliyyətinə malikdir.

Layihə müəlliflərinin sözlərinə görə, robot-jurnalist onun ixtiyarında olan rəqəmləri analiz etmək qüdrətindədir. Məlumatların analizi və məqalənin yazılması üçün robota ştatlı müxbirdən daha az vaxt lazım gəlir.

Əminəm ki, bu xəbər media cəmeəmizdə ildırım sürəti ilə yayılıb. İndi yəqin ki, 3 nəfərin yerinə 1 jurnalisti çalışdıran bəzi media rəhbərləri, Çinə gedib-gələn alverçiləri dilə tutmağa başlayıblar: "Sən Allah, ordan mənə 1-2 robot-jurnalist al gətir. 5 nəfər jurnalistin hərəsinə ayda 300 manat verməkdənsə, onların yerinə 2 robotu basıb işlədərəm, həm də pulsuz-parasız. Üstəlik, ev-eşiyin işlərini də gördürərəm…"

Guya bu gün Azərbaycan jurnalistinin robotdan nə fərqi var ki? Sifarişli yazıların, hazır mətnlərin altına imza qoyan, qəpik-quruş müqabilində (onu da aylarla ala bilmir) küçələrdə reportaj axtaran, saatlarla kompüter qarşısında oturmaqdan gecələr gözləri ağrıyan, peşəsindən dolayı üzü tüpürcəkdən, qulağı tənədən qurtulmayan, illərlə qoruduğu imzasını peşkəş etmək zorunda qalan jurnalistin robotdan hansı üstünlüyü var axı? Və bütün bunlar, sırf məcburiyyət üzündən baş verirsə, robot yaradılmadığına peşman olmayasan, neyniyəsən?!

Bu yandan da mer çıxıb "boş-boş danışana kimi, əlinizə "lapatka" alıb arx təmizləyin" deyirsə, sən bu cəmiyyətdə hansı zümrəyə aid olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirsən. Yeri gəlmişkən, həmin məşhur açıqlamasında Hacıbala müəllim daha bir diqqətçəkən fikir səsləndirib: "Amma bilin! Fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər!" 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının bu cümlə ilə nə demək istədiyini kimsə başa düşməsə də, fikrinin davamı kifayət qədər anlaşılan idi: "Siz jurnalistlər kiçik bir göl görən kimi, başlayırsınız ki, Bakını tamamilə su basdı. Yaxşı ki, Zabratı su basmasını (!) görmədiniz. Amma mən gördüm. Getmişdik ora. Sadəcə arxı qazdıq, gölə ötürdük".

Və nəhayət möhtəşəm sonluq: "Sadəcə olaraq insanlarımız, əsasən də jurnalistlərimiz, yaxşı olardı, öz işindən 5 dəqiqə vaxt ayırıb o arxı açaydı. Nolardı?!"

Bu arada, robot-jurnalistin "atası" professor Van Syaotszyun onu da bildirib ki, bu robot hələlik jurnalistləri əvəz etmək qüdrətində deyil. Çünki onun müsahibələr zamanı əlavə suallar vermək qabiliyyəti yoxdur.

"Tak çto", işinizi bilin, əziz həmkarlar. Çünki məsələnin birinci tərəfi öz rəhbərlərinizin işinə yaradığı kimi, bu hissəsi də məmurların işinə gəlir. Məsələn, mer deyəndə ki, "Siz də gördüyünüz hər şeyi yazırsınız", robot-jurnalist sual verməyəcək ki, "Niyə də yazmamalıyıq?"

Yaxud Hacıbala Abutalıbov irad bildirəndə ki, "Qələmi burax, Zabratın suyunu qurut", yeni nəsil "jurnalist" ondan soruşmayacaq ki, "Bəs, BŞİH-nin mərkəzi aparatındakı 8 şöbənin, şəhər üzrə 21 müxtəlif səpkili idarə, şöbə, komitə, birlik və sairin (hər birində 15-20 işçi), üstəlik qeyri-rəsmi fəaliyyətini davam etdirən "JEK"lərin işçiləri nəyə görə maaş alırlar?"

Guya, biz soruşa bilirik…

Əlaqədar

Robot-jurnalist ilk məqaləsini yazdı
Tanınmış jurnalist Namiq İbrahimov vəfat edib
Jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri açıqlandı
Ağabəy Əsgərov: “Azərbaycan” Nəşriyyatında "reket" jurnalist yoxdur
Roma papası jurnalistləri "yıxıb-sürüdü"
Leyla Əliyeva gənc jurnalisti mükafatlandırdı
DTX "reket jurnalist" şəbəkəsini ifşa edib
Azərbaycan avstriyalı jurnalistin xahişini yerə salmadı
Jurnalist vəhşicəsinə döyüldü
Teqlər:
Van Syaotszyun, rəhbər, imza, yazı, arx, Hacıbala Abutalıbov, robot, jurnalist, məmur

Əsas mövzular