11:22 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
415911

"Burada yaşamaq gündən-günə çətinləşir. Biz özümüz üçün yox, uşaqlarımız üçün qorxuruq"

BAKI, 6 yan — Sputnik. Bakı İstintaq Təcridxanasının (BİT) yaxınlığında, Zabrat-Pirşağı yolunun kənarında yerləşən Zabrat gölü uzun illərdir ki, sakinlərin həyatını cəhənnəmə çevirib. Yayda göldən gələn üfunət iyi, qışda isə gölün daşması sakinləri ciddi şəkildə narahat edir.

Ötən il yağışların intensivləşməsi gölün sahəsinin genişlənməsinə və suyun səviyyəsinin artmasına səbəb olub. Belə ki, indi gölün suyu BİT-in yaxınlığında yerləşən evlərin zirzəmilərinə, həyətlərinə dolur. Sakinlər artıq bu ərazidə yaşamağın mümkün olmadığını bildirirlər.

Zabrat gölü
© Sputnik / Irade JELIL
Ərazidə evlərin sayı artdıqca göl də böyüyür

Sputnik-ə danışan Pirşağı sakini Elçin Qurbanovun sözlərinə görə, ərazidə evlərin sayı artdıqca göl də böyüyür. Bu da sakinlər üçün böyük təhlükəyə çevrilib: "Yağış bir az çox yağan kimi canımıza qorxu düşür ki, evimizi su basacaq. Yayda da vəziyyət acınacaqlı olur. Ağcaqanad, milçək və bir də üfunət qoxusu ətrafa yayılır. Burada yaşamaq gündən-günə çətinləşir. Biz özümüz üçün yox, uşaqlarımız üçün qorxuruq".

Qeyd edək ki, hazırda gölün suyu əsas magistrala da qalxır. Yolun bir hissəsi palçıq və kanalizasiya suları altında qalıb. Sakinlərin sözlərinə görə, artıq göldən 1 km uzaqda yerləşən ərazidə belə nəmişlik hökm sürür, həyətlərdən su çıxır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Sputnik-ə açıqlamasında bildirib ki, nazirlik əməkdaşları ötən ilin sonlarında sözügedən əraziyə baxış keçiriblər: "Gölün suyu 50 sm qalxıb. Həmin ərazidə olan bütün evlərin zirzəmiləri su ilə dolub. Eyni zamanda, su Zabrat-Pirşağı istiqamətinə gedən magistral yolun üzərinə də keçib".

Zabrat gölü
© Sputnik / Irade JELIL
Yayda göldən gələn üfunət iyi, qışda isə gölün daşması sakinləri ciddi şəkildə narahat edir

"2016-cı ildə yağışların intensiv olması, eyni zamanda yeni salınmış fərdi yaşayış evlərinin kanalizasiya sisteminin olmaması səbəbindən, məişət və suvarma sularının hamısı gölə axıdılır. Gölün də axarı, yəni çıxışı yoxdur. Qış ayı olduğu üçün, buxarlanma da olmur. Nəticədə gölün suyu artır" — nazirlik rəsmisi bildirib.

Qaralovun sözlərinə görə, əvvəllər yolun altı ilə borular keçirmiş və gölün suyu Maştağa kanalına vurulurmuş: "Amma hal-hazırda göldəki sular idarə olunmur. Vətəndaşlar da bu problemdən əziyyət çəkirlər. Elə evlər var ki, suyun içindədir".

Zabrat gölü
© Sputnik / Irade JELIL
Hazırda gölün suyu əsas magistrala da qalxır, yolun bir hissəsi palçıq və kanalizasiya suları altında qalıb

O, əlavə edib ki, bu sıxıntılı proses 2016-cı ilin yaz aylarından başlayıb və bu problemlə əlaqəli bülletenlər hazırlanaraq müvafiq qurumlara göndərilib: "Yerli qurumlar məsələ ilə bağlı tədbirlər görməlidir. Evlərdə körpə uşaqlar da var. Ərazinin sakinləri acınacaqlı vəziyyətə düşüblər. Yerli bələdiyyə, icra hakimiyyəti, "Azərsu" ASC məsələ ilə bağlı addım atmalıdır. Suyun axarı yenə əvvəlki kimi Maştağa kanalına yönləndirilməli, oradan da dənizə axıdılmalıdır".

Durumu Sputnik-ə şərh edən ekoloq Vaqif Əliyevin sözlərinə görə, problemin yaranmasında sakinlərlə yanaşı, ərazi üzrə aidiyyəti qurumların da məsuliyyəti var: "Qabaqlar gölün Maştağa kanalına çıxışı vardı. Amma onu qeyri-müəyyən səbəblərdən bağladılar. Göl böyüdü, axmağa yer olmadığı üçün də daşmağa başladı".

Ekoloq bildirir ki, məsələ belə davam edərsə, gölün suyu magistral yolu sıradan çıxaracaq: "Bu da əlavə xərclər deməkdir. Problemin aradan qaldırılması yerli qurumların vəzifə borcudur. Buraya kanalizasiya suları axır. Bu da xəstəlik deməkdir. Ətrafda yaşayan insanların vəziyyəti acınacaqlıdır. Yoluxucu xəstəliklərin yayılmayacağına dair kimsə zəmanət verə bilməz".

Məsələ ilə bağlı Sputnik-ə açıqlama verən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllının sözlərinə görə, Zabrat gölü ilə bağlı yaşanan problemin "Azərsu"ya heç bir aidiyyəti yoxdur: "Komissiya təşkil edilib. Həmin komissiyanın təklif və qərarlarına əsasən göllərlə bağlı iş müvafiq qurumlara tapşırılacaq. Düşünürəm ki, məhz o zaman da küçələrdə, yollarda kanalizasiya sistemlərinin bərpası "Azərsu"ya tapşırılacaq. Hələ ki, Zabrat gölünün problemlərinin "Azərsu"ya aidiyyəti yoxdur".

Əlaqədar

Azərbaycanda bu da varmış – gölün içində qəbiristanlıq
Rusiya yasda: 13 azyaşlı uşaq göldə batdı
Daş karxanalarının yerinə süni göllər yaradılacaq
Böyükşor gölü üzərindən səkkiz zolaqlı yol çəkiləcək
Teqlər:
üfunət, BİT, göl, Zabrat, su, xəstəlik, təhlükə

Əsas mövzular