CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

2016-cı ilə "damğa vuran" məhkəmə çəkişmələri

Abunə olmaq
Yola saldığımız il ərzində, daha çox hansı səpkili məhkəmə prosesləri keçirilib?

BAKI, 5 yan — Sputnik. 2016-cı il bir sıra hay-küylü hadisələrlə yadda qaldı. Xüsusilə, sosial-iqtisadi problemlər, manatın dəyər itirməsi və qalmaqallı məhkəmə prosesləri ötən ilə öz möhürünü vurdu.

ANS - Sputnik Azərbaycan
Ali Məhkəmə də ANS-ə "yox" dedi

Məhkəmə demişkən, 2016-cı il daha çox hansı səpkili məhkəmə proseslərinə şahid oldu? Sputnik əməkdaşı bu suala aydınlıq gətirmək üçün vəkillərlə həmsöhbət olub.

Vəkil Feyzulla Mehdiyevin sözlərinə görə, yola saldığımız il ərzində ən çox dələduzluq, oğurluq, quldurluq və narkotiklər üzrə məhkəmələr keçirilib: "Mülki məsələlər üzrə isə boşanma, mənzil və torpaq məsələləri, həmçinin bank işləri üstünlük təşkil edib. Ümumiyyətlə, ötən il hər sahədə məhkəmə proseslərinin sayı artıb".

Vəkil Səməd Vəkilov da ötən il məhkəmə işlərinin artdığını deyib. Onun sözlərinə görə, xüsusilə bank və boşanma məsələləri üstünlük təşkil edib.

Vəkil Azər Nağıyev 2016-cı il ərzində bank-kredit və boşanma-aliment işləri üzrə məhkəmə çəkişmələrinin üstünlük təşkil etdiyini qeyd edib. Həmçinin, narkotik vasitə və dələduzluq işləri üzrə də xeyli sayda məhkəmə prosesinin keçirildiyini bildirib.

Sadəcə mülki proseslərlə məşğul olduğunu deyən vəkil Elyar Həsənovun dediyinə görə, ötən il bank və kredit çəkişmələri çoxluq təşkil edib: "Devalvasiyadan sonra bank-vətəndaş çəkişmələrinin sayı xüsusilə artıb. Ailə münaqişələri ilə bağlı məhkəməyə müraciət edənlər də həddindən artıq çox oldu. Boşanma halları kütləviləşib və bundan irəli gələn aliment iddiaları da çoxalıb. Üçüncü sırada dayanan məhkəmə prosesləri isə vətəndaşların dövlət orqanlarından şikayətləri ilə bağlı olub. Onlar rəsmi qurumlar tərəfindən hüquqlarının pozulduğunu bildiriblər. Habelə, sahibkarların vergi orqanlarından şikayətləri üzrə də kifayət qədər proseslər olub".

Vəkil Asif Abdullayev dələduzluq, boşanma, aliment və borc tələbləri üzrə məhkəmə işlərinin çoxluq təşkil etdiyini söyləyib.

Vəkil Adəm Məmmədov da bildirib ki, ötən il narkotik maddə, dələduzluq, quldurluq, vergidən yayınmalar və boşanma işləri üzrə keçirilən məhkəmələr çoxluq təşkil edib. Əlavə edib ki, daha əvvəlki illərlə müqayisədə, ötən il məhkəmə proseslərinin sayı çoxalıb.

Vəkil Fuad Ağayev daşınmaz əmlak hüququnun inzibati orqanlar tərəfindən pozulması ilə bağlı işlərin üstünlük təşkil etdiyini qeyd edib.

Xəbər lenti
0