11:47 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Şərab, arxiv şəkli

Şimal-qərb bölgəsində şərab "üsyanı"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
1433590

Ən çox spirtli içki içilən rayonlarla bağlı apardığımız araşdırma digər bölgələrin əhalisinin narazılığına səbəb olub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 29 dek — Sputnik. Bu yaxınlarda Sputnik-də ən çox spirtli içki içilən bölgələrin statistikası dərc edilmişdi. Bu statistika, əslində zavodlarda istehsal olunan və rəsmi satışa çıxarılan araqların statistikası idi. Buna görə də bir sıra regionları təmsil edən insanlar bu statistika ilə razılaşmadılar.

Qazax, Tovuz, Qax, Şəki, Şamaxı və daha bir neçə rayonun nümayəndələri sosial şəbəkələrdə, məhz onların yaşadığı rayonlarda daha çox içki içildiyini bildirdilər. "Bizim rayonda demək olar ki, hər iki ailədən biri şəxsi istifadə üçün araq çəkir. Necə ola bilər ki, bu statistikada bizim rayonun adı olmasın?" — deyə Qax sakini, tələbə Elçin Musayev bildirib. O, eyni zamanda iddia edib ki, Azərbaycanda ən çox şərab, məhz Qax rayonunda içilir.

"Onların şərabsız günü olmur"

Araşdırmamızdan bəlli oldu ki, Şəki-Balakən bölgəsində, ümumiyyətlə şərab arağa nisbətən daha populyardır. Balakən rayonundan olan fermer Arif Mürsəlovun sözlərinə görə, onların rayonunda, demək olar ki, hər kəsin həyətində üzüm yetişdirilir. Bu üzümlər toplanaraq şirəsindən çaxır, cecəsindən isə araq çəkilir.

"Bizim rayonda nadir hallarda mağazadan içki alırlar. Hamı öz istehsalı olan içkiləri içir, yaxud da tanışlardan əldə çəkilmiş araq-çaxır alır" — deyə fermer bildirib.

Onun fikrincə, sözügedən bölgədə ən çox şərab Qaxda içilir. Çünki bu rayonda gürcülər çox yaşayır və onların da çaxırsız günü olmur.

Zaqatala rayonunun Göyəm kənd sakini Cəlal Ramazanov da o fikirdədir ki, Zaqatalada şərab istehsalı olsa da, Qaxla rəqabətə davam gətirməz: "Gürcülərin təkcə kişiləri deyil, qadınları da şərab içirlər. Onların bir məclisində içilən şərab yəqin ki, bütün Zaqatala rayonunda bir günə içilmir".

Şəki rayonundan olan şərab istehsalçısı Musa Musayev isə deyib ki, sovet dövründə Şəkidə üzümçülük sovxozları olub: "Eyni zamanda, camaatın da üzüm bağları olub. Sovxoz bağlarının çoxu ləğv olunsa da, fərdi üzüm təsərrüfatları qalıb. İndi camaat özünün içməsi və yaxın ətrafına pay vermək, satmaq üçün şərab istehsal edir. Şəkinin kəndlərində şərabsız məclisləri təsəvvür etmək çətindir".

Musa Musayev deyir ki, Şəkinin əhalisi Qaxın əhalisindən bir neçə dəfə artıqdır: "Ona görə də, əhalinin sayına baxanda, regionda ən çox şərabın, məhz Şəkidə içildiyini demək olar. Amma əhali nisbətinə baxmasaq, təbii ki, Qaxda şərabı daha çox içirlər. Çünki orada gürcülər çox yaşayırlar. Bizim zonada gürcülərə zarafatla "çaxırqarınlar" deyirlər. Şərab içməyən gürcünü təsəvvür etmək mümkün deyil".

Şərab nə vaxt və harada yaranıb?

Bəs şərab nə vaxt və harada yaranıb? Necə olub ki, əhalisinin çoxunu, şərabın haram hesab edildiyi İslam dininin nümayəndələri təşkil etməsinə baxmayaraq, Azərbaycanda şərab bu qədər populyardır?

Divan ədəbiyyatımızda bu içkinin adı tez-tez çəkilir. Ta qədimlərdən indiyə kimi bu içki barədə müxtəlif fikirlər dolaşır. Şərabın tarixi haqqında elə Qax rayonundan olan tarixçi Məcid Mehrani ilə danışdıq.

"Şərabın kim tərəfindən yaranması və hansı xalqa məxsusluğu hələ dəqiq bilinmir. Çünki üzüm hər ölkədə yetişən meyvədir. Şərabın yaranması haqqında bir neçə rəvayət mövcuddur. Rəvayətlərin birində deyilir ki, dağlıq yerlərdən birində üzüm anbar şəklində qayanın dibinə yığılır. Tədricən bu üzümlər sıxılıb suyu çıxır. Bu ərazidən keçən insanlar susamağa başlayırlar. Su axtarırlar və tapa bilmirlər. Sonra həmin üzüm anbarına yaxınlaşıb üzüm suyunun dadına baxırlar. Və təbii ki, üzüm suyunun dadını bəyənirlər və görürlər ki, onlarda xoş əhval-ruhiyyə yaranmağa başlayır", — deyir tarixçi.

Onun sözlərinə görə, sonra həmin insanlar özləri bu məhsulu hazırlamağa başlayırlar: "Üzümü sıxırlar və görürlər ki, həmin dad bu üzüm suyunda yoxdur. Bir neçə gün saxlayırlar və yenidən dadırlar. Bu dəfə görürlər ki, müəyyən müddətdə saxlanılan üzüm suyu təzə çəkilmiş üzüm suyundan daha dadlıdır. Və beləliklə də şərab yaranmağa başlayır".

"İlk dəfə odun, metalın, yeməyin əldə olunması kimi şərabın da yaranması tədricən olur. Ona görə də fikirləşək ki, təsadüfən baş verən bu hadisə hər bir xalqın başına gələ bilər. Eynən də şərabı hansı xalqın daha öncə yaradıb-yaratmadığını deyə bilmərik. Amma ola bilər ki, eyni vaxtda Misirdə də, Mesopotamiyada da, Orta Asiyada da insanların başına bir-birinə bənzər hadisə gələ bilər", — Mehrani əlavə edib.

Yaralı sərkərdənin başına nə gəlir?

Həmsöhbətimizin danışdığı digər rəvayətə görə isə, tayfa birlikləri dövründə bir sərkərdə olur. O, adəti üzrə hər döyüşə getməzdən öncə təzə üzüm suyu içir. Günlərin bir günündə onu təcili döyüşə çağırırlar və o, bu dəfə üzüm suyundan içmir. Amma nökəri böyük bir kuzədə onun üzüm suyunu yemək masasının yanına qoyur.

"Təxminən 10 gündən sonra sərkərdə döyüşdən yaralı qayıdır. Onu yatağına aparırlar və bir müddət ona az-az su verirlər. Birdən sərkərdə susamağa başlayır və yerindən qalxır, masaya tərəf yaxınlaşır, həmin kuzədəki üzüm suyunun hamısını içir. Bu dəfə sərkərdə üzüm suyunun dadının dəyişdiyini hiss edir və xoşuna gəlir. Bundan sonra onun yaraları da sağalır, ağrıları da azalır, əhval-ruhiyyəsi də yaxşılaşır", — tarixçi danışır.

"Günlər keçir, sərkərdə daha da yaxşılaşmağa başlayır. Üzüm suyunun dadının dəyişməsi sərkərdəni təəccübləndirir. Nökərlərinə həmin şərabdan hər gün hazırlamalarını əmr edir. Bir gün sərkərdə tayfa başçısının yanına dəvət alır. O, tayfa başçısının yanında cəsarətlə danışmağa başlayır. 10 günlük döyüşlərdə isə daha az və daha itaətkar rəftar edir. Bunun səbəbini öyrənmək üçün tayfa başçısı əsgərlərindən birini sərkərdəni izləmək üçün göndərir. Səbəbini öyrəndikdə tayfa başçısı həmin şərabdan hazırlanmasını əmr edir. Şərab hazırlanır və döyüşdən öncə həmin şərabdan içirlər və döyüşə gedirlər. Döyüşdən də qələbə ilə qayıdırlar. Bundan sonra da bütün qələbələrini şərab ilə qeyd edirlər. Və beləliklə də şərab yayılmağa başlayır", — o, əlavə edir.

Əlaqədar

Siqaret və spirtli içkilər bahalaşıb
Azərbaycanda satılan spirtli içkilərlə bağlı müdhiş fakt
Ramazanda spirtli içki içməyin cəzası nədir?
Prezidentlərin görüşündə spirtli içki qalmaqalı
Gəncədə saxta spirtli içki satan şəxs saxlanılıb
Spirtli içkilərin plastik kartlarla satışı dayandırıldı
İstanbulda spirtli içkilərdən ölənlər durmadan artır
Teqlər:
içmək, gürcü, üzüm, Məcid Mehrani, Qax, Balakən, region, şərab, bölgə, içki, araq, spirt, rayon, Şəki

Əsas mövzular