00:17 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
228671

Bu sadə azərbaycanlı öz emalatxanasında, əl əməyi ilə "daşınar ev" düzəltməyə nail olub

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 12 dek — Sputnik. Duş qəbul edib mətbəxə keçir, yüngül qəlyanaltı edirsən. Pürrəngi çayı istirahət otağında divanda əyləşib televiziyaya baxa-baxa içməyin bir ayrı ləzzəti var. Maraqlı veriliş tapmayanda yazı stolu üzərindəki noutbuku işə salmaq olar. Kondisoner otağı sərinləşdirdiyindən, bayırda göydən yerə od tökülməyindən xəbərin olmur. Divanın söykənəcəyini açıb uzana və yata da bilərsən.

Bu şərait hansısa tikilidə deyil, iri dəmir qutuda yaradılıb. Təkərlər üzərində olduğundan, onu avtomobilə qoşub hara istəsən, apara bilərsən. Tarlada, meşədə, bağda, lap səhrada belə, özünü evdəki kimi hiss edəcəksən. Onunla kiçik bir ailənin üzvləri, yaxud sevgililər birgə səyahətə də çıxa bilər…

"Məhsul yığımı zamanı fermerlər sahədə cəhənnəm əzabı yaşayırlar"

Elçin Əzizov
© Sputnik / Kamal Almuradlı
Elçin Əzizov

Salyan rayonunun Kürqaraqaşlı kəndində yaşayan Elçin Əzizov son illər "daşınar ev" düzəltməklə məşğuldur. Dediyinə görə onun nümunələrinə internetdə rast gəlib: "Təyinatından asılı olaraq, onlar müxtəlif cür hazırlanır. Bəziləri taxtadan, elə ev formasında yığılır. Bəziləri isə iri avtobusa bənzəyir. Əsasən ov və səyahət həvəskarları üçün təklif olunur. Səyyar stasionar müalicədən tutmuş fövqəladə hallar zamanı yaşayış evini itirən insanları müvəqqəti yerləşdirməyədək bir çox məqsədlər üçün istifadə olunur".

Sputnik-ə danışan Elçin Əzizov iddia edir ki, hazırkı vaxtda belə "ev"ə Azərbaycanda daha çox ehtiyac var, özü də dövlətin prioritet sahə hesab etdiyi kənd təsərrüfatında: "Bizdə əkinlərə qulluq, məhsul yığımı ilə bağlı qızğın işlər, əsasən yay mövsümündə görülür. Ölkənin hər yerində yay olduqca isti keçir, günün bəzi saatlarında açıq havaya çıxmaq olmur".

Elçin Əzizovun düzəltdiyi daşınar ev
© Sputnik / Kamal Almuradlı
Elçin Əzizovun düzəltdiyi "daşınar ev"

"Tarla işi görənlər qida qəbulu və istirahət üçün özlərinə şərait yarada bilmirlər. Çünki pay torpaqları yaşayış məntəqəsindən uzaqdadır, orada isə bina tikməyə icazə verilmir. Bostan-tərəvəz məhsullarının yığımı zamanı sahədə gecələyənlər cəhənnəm əzabı yaşayırlar. Adamlar onsuz da ehtiyac duyduqları çox şeyi avtomobillə sahəyə aparmalı olur, amma "daşınar ev"dəki şəraiti yarada bilmirlər", — deyir müsahibimiz.

"Evgördü"yə gələnlər arasında deputat da olub…

Elçinin əl əməyi ilə düzəltdiyi qoşqu "QAZel"in çarxları üzərində dayanır. O, istehlak bazarında olan dəmir, taxta və polietilen məmulatlardan yığılır. Cəmi 10 kv.m.-lik sahə istirahət otağı, sanitar qovşaq və mətbəx arasında zərgər dəqiqliyi ilə bölüşdürülüb.

"Ev"in daim yollarda olacağı, silkələnməyə məruz qalacağı nəzərə alınaraq, içəridəki bütün əşyalar divar və ya döşəməyə möhkəmcə bağlanılıb. Benzinlə işləyən generator, zəruri cihazları həm 12, həm də 220 voltluq elektrik enerjisi ilə təchiz edə bilir. Qoşqunun üzərinə təmiz su, altına isə məişət atqılarının toplanması üçün qablar quraşdırılıb. Çəkisi, təxminən 1,5 tondur. Bu ev 2 nəfərin istirahəti üçün nəzərdə tutulub.

Evin daim yollarda olacağı, silkələnməyə məruz qalacağı nəzərə alınaraq, içəridəki bütün əşyalar divar və ya döşəməyə möhkəmcə bağlanılıb
© Sputnik / Kamal Almuradlı
"Ev"in daim yollarda olacağı, silkələnməyə məruz qalacağı nəzərə alınaraq, içəridəki bütün əşyalar divar və ya döşəməyə möhkəmcə bağlanılıb

Elçin bildirir ki, iki il əvvəl belə bir "ev"i 4500 manata hazırlayıb. Son vaxtlar mal-material bahalandığından, xərc təxminən 50% artıb. Onun sözlərinə görə, qeyri-adi əşya ilə maraqlananlar çox olub, hətta yüksək çinli məmurlar, Milli Məclisin deputatlarından biri gəlib baxıb və işini bəyəniblər.

Usta hesab edir ki, daşınar ev ölkənin turizm sektoruna da canlama gətirə bilər
© Sputnik / Kamal Almuradlı
Usta hesab edir ki, "daşınar ev" ölkənin turizm sektoruna da canlama gətirə bilər

Amma indiyədək cəmi 2 "ev" satıb, hazırladığı sayca 3-cüdür. Əlində artıq vəsaiti olmadığından, birini satmamış təzəsini hazırlaya bilmir. Sifarişlərini əngəlləyən başlıca səbəbin sənədlə bağlı olduğunu söyləyir: "Sənədləşmə işi uzun bir prosedurdur. Gərək əvvəl standarta uyğunluğu qiymətləndirilə. Sonra texniki pasport, dövlət qeydiyyat nişanı, çoxsaylı orqanların razılıq və icazələri… Bütün tələb olunanları almaq üçün gərək bir ay Bakıda qalasan. Mən zavod açmamışam ki, durub bu qədər sənəd toplayım".

"Qoşqudan yükdaşıma, köşk və saxlama kamerası kimi də istifadə etmək olar"

Usta etiraf edir ki, belə bir əşya fərdi emalatxanada hazırlanmamalıdır, bundan ötrü hər cür alət, dəzgah və cihazlarla təchiz olunmuş xüsusi bir müəssisə yaradılmalıdır. Onun bəzi hissələri xaricdəki anoloji müəssisələrdən alınıb ölkəyə gətirilə və burada yığıla bilər. Kütləvi istehsal edilsə, məhsul ucuz qiymətə başa gələr.

Mətbəx və sanitar qovşağı
© Sputnik / Kamal Almuradlı
Mətbəx və sanitar qovşağı

"Mən hələlik istirahət üçün nəzərdə tutulan "daşınar ev" düzəltməklə məşğulam. Amma məhsulları daşımaq üçün fermerlərin müxtəlif həcmli yükdaşıma qoşqularına da böyük ehtiyacı var. Sahədən qoşquya yığılan məhsul birbaşa bazara çıxarıla və elə ondan da satışı həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, bir çox kənd təsərrüfatı məhsulu normal temperaturda saxlanmadığından, ya tez xarab olur, ya da keyfiyyətini itirir. Bir qoşqu həm yükdaşıma, həm köşk, həm də saxlama kamerası rolunu oynamaqla nə qədər fayda verə bilər. Qoşqullar müxtəlif çeşiddə hazırlanmalıdır ki, adamlar öz işlərinə uyğun seçim edə bilsinlər", — deyir.

Sadə Salyan sakini hesab edir ki, "daşınar ev" ölkənin turizm sektoruna da canlama gətirə, çay, dəniz kənarlarında və meşə massivlərindəki qanunsuz tikintilərin qarşısını ala bilər: "Belə yerlərdə istirahət edənlərin böyük xərc çəkməyinə də ehtiyac olmaz, "ev"i bir neçə günlük kirayələyə bilərlər. Onsuz da belə qoşquları alanlar daimi olaraq onda yaşamır ki. Yerli məhsulları bəyənməyənlərə xaricdən gətirilən komfortlu qoşqular da təklif oluna bilər. İmkanlı adamlara, yaxud xaricdən gələn turistlərə yüksək səviyyədə xidmət göstərilməlidir ki, təbiətin təbii düzəni pozulmasın, ətraf mühitə zərər dəyməsn".

Əlaqədar

Qollarını itirəndən sonra "qanad açan" insan
Dünya bu uşağın qarşısında üzüqaradır
Yüzlərlə azərbaycanlı uşağa ikinci ana olmuş rus qadın
Çörəyi "daşdan çıxan" adam və ya azərbaycanlı "Rembo"
Böyük divanın şahidi: "Bacısı məhkəmədə Mircəfər Bağırovdan imtina etdi"
Teqlər:
daşınar, Kürqaraqaşlı, Elçin Əzizov, araba, Salyan, maşın, istehsal, kənd təsərrüfatı, zavod, ev

Əsas mövzular