CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Partiyanın rəhbər orqanlarında çalışa-çalışa, oruc tuturdum..."

© Sputnik / Kamal AlmuradlıRoza Alışova
Roza Alışova - Sputnik Azərbaycan
Abunə olmaq
Əqidəsinə sadiq qalan qadın: "Mən kommunist olub baş kəsməmişəm, günah iş tutmamışam"

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 5 dek — Sputnik. "Mən sıravi müəllim olmuşam və həyatımın çox hissəsi bu peşəylə bağlıdır. Partiya, sovet orqanlarındakı fəaliyyətimin də əsas qayəsini insan tərbiyəsi, sağlam cəmiyyət quruculuğu təşkil edir".

Saatlı şəhərindəki orta ümumtəhsil məktəblərində rus dili və ədəbiyyatı fənnini tədris etmiş, Rayon Maarif Şöbəsinin metodisti olmuş, sonrakı vaxtlarda "Raykom"da məsul vəzifələrdə işləmiş Roza Alışova ilə söhbət edirik. Yarım əsrlik gərgin əmək fəaliyyətindən ayrılıb təqaüdə çıxandan sonra onun danışmağa çox sözü və vaxtı var…

Qurban Abbasov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Keçmiş sədr hələ də Leninin büstünü evində qoruyur

"Valideynlərim bu dövləti qoruyublar"

Roza xanım danışır ki, evləri Biləcəridə olsa da, atası iş yerini tez-tez dəyişdiyindən, uşaqlığı müxtəlif yerlərdə keçib: "Atam ali hərbi akademiyanı bitirərək sərhəd keşikçisi olub. O vaxt sərhəd xidməti Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətində idi. Müharibə illərində atamın işi ilə bağlı ailəmiz Biləcəridən Naxçıvana köçüb. Mən Culfada, sərhəd zastavasında doğulmuşam. Bir neçə il sonra atamın iş yeri Naxçıvan şəhərinə dəyişdirilib".

"1-ci sinfə Ordubadda getmişəm. 10 yaşım olanda ailəmiz artıq Şərqi Qazaxstanda, Sovet-Çin sərhədində idi. Əsgərlər məni 20 kilometr uzaqda olan məktəbə aparıb-gətirirdilər. 1952-ci ildə Biləcəriyə qayıtmışıq və orta təhsilimi burada tamamlamışam", — deyir müsahib.

© Photo : R.Alışovanın şəxsi arxivindənSaatlı kommunistləri Biləsuvarda
Saatlı kommunistləri Biləsuvarda - Sputnik Azərbaycan
Saatlı kommunistləri Biləsuvarda

Roza xanım etiraf edir ki, ona məsul vəzifələr etibar edilməsində valideynlərinin dövlət üçün xidmətləri də rol oynayıb: "Atam Candadaş Ağadadaşov 1943-cü ildə keçirilmiş Tehran konfransında iştirak edən dövlət başçılarına qarşı gözlənilən sui-qəsdin qarşısının alınmasından ötrü İrana göndərilən sovet kəşfiyyatçılarının arasında olub. Elə anam Səkinə xanım da bir müddət sərhəd xidmətində işləyib, istifadəsində tabel silahı olub. O dövrdə vəzifəyə təyin etməzdən əvvəl adamın bütün yaxın qohumları barədə məlumat toplanılırdı".

Praktikaya gələn müəllimi kənddən buraxmırlar…

1962-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun 4-cü kursunu bitirən gənc qız, praktika keçmək üçün Saatlı rayonunun Bayramovka (indiki Dədə Qorqud) kəndinə göndərilir. Növbəti il diplomunu alanda isə cer-cehizini də yığıb bu kəndə gəlin köçür.

O, daha 2 il kənd məktəbində işləyir. 1965-ci ildə Saatlı şəhərində kirayə ev tutub burada yaşamağa başlayırlar. Roza xanım Səməd Vurğun adına şəhər orta məktəbində işə düzəlir. Onun, necə deyərlər, ulduzu da burada parlayır.

© Photo : R.Alışovanın şəxsi arxivindənPambıqçılarla çay fasiləsində
Pambıqçılarla çay fasiləsində - Sputnik Azərbaycan
Pambıqçılarla çay fasiləsində

"Rus dili fəninin tədris vəziyyətini öyrənmək üçün rayona Maarif Nazirliyindən nümayəndə gəlmişdi. Dörd müəllimin dərsini izlədi. Mənim işimi bəyəndi və "Açıq dərs"imi təşkil etdi. Onun tövsiyəsi ilə rus dili üzrə metodoloji birləşmənin rəhbəri təyin olundum. Bu, ictimai bir vəzifə idi. Amma qabaqcıl maarif işçisi kimi tanınmağıma səbəb oldu. Üstündən az keçəndən sonra yerli maarif idarəsində metodist vəzifəsinə təyin olundum", — həmsöhbətimiz danışır.

"Heç bir vəzifəyə görə "şirinlik" verməmişəm"

R. Alışova Kommunist Partiyası sıralarına öz təşəbbüsü ilə daxil olduğunu deyir: "İnanın ki, bu addımla vəzifə tutmağı hədəfləməmişdim. Sadəcə görürdüm ki, öz sahəsində ən qabaqcıllar partiyaya üzv qəbul edilir. İşimə, intellektimə güvənərək fikirləşdim ki, niyə də mən bu sırada olmayım?".

O dövrdə qadınlara münasibətdə mühafizəkar baxışların qalmağına görə vəzifə nərdivanında sürətli irəliləyə bilməyib, bir müddət "yerində saymalı" olub: "1968-ci ildə Saatlı rayon partiya komitəsinin 1-ci katibi Əlisahib Babayev məni yanına çağırtdırdı. Dedi, "barəndə müsbət təqdimat var, 6 ay "raykom"da təlimatçı ol, səni 3-cü katib kimi hazırlayaq". Amma ərim razı olmadı. Üstündən düz 10 il keçəndən sonra bu katib məni bir də "raykom"a çağırtdırdı, bu dəfə "partkabinet" rəhbəri vəzifəsində işləməyi təklif etdi. Böyük qaynımın köməyi ilə həyat yoldaşımı birtəhər razı saldıq".

Roza xanımın sözlərinə görə partiya orqanlarında uzun müddət bir yerdə duruş gətirmək çətin idi — ya daha yüksək vəzifəyə irəli çəkilir, ya da "vurulurdun": "İşimə məsuliyyətlə yanaşdığımdan, bu, məndə yüksələn xətlə gedib. Bir qədər işləyəndən sonra ideoloji şöbənin müdiri, ardınca Rayon İcraiyyə Komitəsində sədr müavini, "partkomissiya"nın sədri oldum. Nəzarət-Təftiş Komitəsinin sədri olanda artıq "raykom"dan asılılığm da aradan götürülmüşdü, əksinə, mən onların işini, sənədlərini yoxlayırdım".

© Sputnik / Kamal AlmuradlıRoza Alışova: "Həyatımın böyük bir hissəsini Kommusint partiyasının işinə həsr etmişəm. Bunu taleyimdən, həyat bioqrafiyamdan silə bilmərəm"
Roza Alışova: Həyatımın böyük bir hissəsini Kommusint partiyasının işinə həsr etmişəm. Bunu taleyimdən, həyat bioqrafiyamdan silə bilmərəm - Sputnik Azərbaycan
Roza Alışova: "Həyatımın böyük bir hissəsini Kommusint partiyasının işinə həsr etmişəm. Bunu taleyimdən, həyat bioqrafiyamdan silə bilmərəm"

Roza xanım and içir ki, vəzifə tutmağa görə kiməsə xahiş-minnət etməyib, yaxud "şirinlik" verməyib. Deyir, dəfələrlə ərizə yazmağına baxmayaraq, onu partiyanın rəhbər orqanlarından azad etməyiblər.

O, məsul vəzifələrdə çalışa-çalışa həm də ev işləri görüb: "Evimizi həyat yoldaşımla birgə tikmişik, daha kimisə gətirib qapımda fəhlə işlətməmişəm. Pambıq yığımı vaxtı təhkim olunduğum kənddən gecə saat 1-də evə qayıdır, uşaqlarımın paltarlarını yuyur, növbəti gün üçün yemək hazırlayırdım. Təndirdə çörək bişirmişəm, inək də sağmışam".

"Bir müddət bu rayonu qadınlar idarə edib"

Xanım Alışova Komunist Partiyası, onun fəaliyyətinin bəzi dövrləri barədə deyilən fikrlərlə razılaşmır: "Brejnevin baş katib olduğu dövrü "durğunluq illəri" adlandırırlar. Amma mən bununla razı deyiləm. Bu dövdə yollar, körpülər salınıb, iri müəssisələr, sosial obyektlər yaradılıb, nəhəng tikinti layihələri həyata keçirilib".

"Ucqar kəndlərimizdə xəstəxanalar, məktəblər, uşaq bağçaları açılırdı. Aqrar, sənaye sahələrindən tutmuş, təhsil, elm, səhiyyə müəssisələrinədək bir çox yerlərdə çatışmayan ixtisaslı kadrlar məhz bu dövrdə hazırlanıb", — deyir.

Əlavə edir ki: "Elə sovet adamının həyat səviyyəsi də yüksəlirdi- adamlar qarğı-qamışdan, torpaq doldurmadan olan daxmalarını söküb yerində mişar daşlarından yaraşıqlı evlər tikirdilər. Qadınların ictimai işlərdə kütləvi iştirakçılığı da məhz bu dövrdə olub. Hətta bir müddət bu rayonu qadınlar idarə edib — 1-ci katib də daxil, bir çox məsul vəzifələrdə "zərif cins"in nümayəndələri işləyib. Mən bilmirəm, bunun nəyi "durğunluq"dur?".

"Etiraz edə bilmirdim ki, şüarla inəyin südü artmaz"

Keçmiş funksioner partiyanın bəzi "əttökən" işlərindən də danışır: "İdeoloji sahədəki bəzi təbliğat, təşviqat metodları çox primitiv idi, bəzən real həyatla uzlaşmırdı. Məsələn, tapşırırdılar ki, gedib kəndlərdəki fermaların divarlarına şüarlar yazdırın. Etiraz edə bilmirdim ki, şüarla inəyin südü artmaz".

"Yaxud, şəraitsiz kənddə sosializmin üstünlükləri barədə uzun-uzadı mühazirələr oxuyanda görürdün ki, işdən yorğun-arğın çıxmış adamları oturduqları yerdə yuxu aparır. 1-ci katiblər arzuolunmaz şəxsləri tutduğu vəzifədən mədəni surətdə kənarlaşdırmaq üçün onları partiya məktəbinə göndərirdilər. Halbuki həmin məktəbi bitirmək vəzifə təyinatında həlledici rol oynamırdı", — müsahibimiz qeyd edir.

© Sputnik / Kamal AlmuradlıRoza xanım hazırda vaxtını əsasən "dörd divar arasında", bilgisayar arxasında keçirir.
Roza xanım hazırda vaxtını əsasən dörd divar arasında, bilgisayar arxasında keçirir. - Sputnik Azərbaycan
Roza xanım hazırda vaxtını əsasən "dörd divar arasında", bilgisayar arxasında keçirir.

Keçmiş kommunist sosial şəbəkələrdə…

Kommunist Partiyası buraxılandan sonra Roza xanım bir müddət işsiz qaldığını deyir. Bir neçə il sonra onu tənha ahıllara xidmət göstərən bir təşkilatın rəhbəri təyin edirlər. Amma burada da çox işləyə bilmir və yenidən məktəbə qayıdır.

70 yaşında əmək fəaliyyətinə son verib təqaüdə çıxır: "Yorulmamışdım. Sadəcə bu "kurikulum" oyunundan başım çıxmadı. Yığışıb oturdum evdə. Mənə hələ də çatmır ki, bunlar təhsildə nə etmək istəyirlər".

Əmirqulu Əmiraslanov və Xumar Mehdiyeva - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Hansı quruluşda yaşadığımızdan xəbərimiz olmayıb..."

O, uşaq yaşlarından güclü mütaliəsi olduğunu da vurğulayır. Partiyanın rəhbər orqanlarında işləyəndə "Oqonyok" jurnalının ədəbi əlavəsinə və "Drujba narodov" jurnalına abunə yazılıbmış. Deyir, "SSRİ-nin hansı yerinə gedirdimsə, çemodan dolusu ktabla qayıdırdım".

Bu yerdə etiraf edir ki, səyahətə çıxmaq da hobbilərindən biridir. Amma son vaxtlar səhhəti ilə bağlı uzaq səfərlərə çıxa bilmir: "Çexiyanın məşhur istirahət məkanı olan Karlovı Varıya mən 1987-ci ildə fəal kommunist kimi getmişdim. Keçmiş müttəfiq respublikaların əksəriyyətində, Rusiyanın bütün iri şəhərlərində olmuşam. Moskvada özümü evimdəki kimi hiss edirdim. İttifaq dağılandan sonra da gedib-gəlirəm. Amma hiss edirəm ki, keçmiş SSRİ xalqları arasında əvvəlki doğmalıq münasibəti qalmayıb, get-gedə yadlaşırıq…".

Roza xanımın 4 övladı, 12 nəvəsi, 3 nəticəsi var. Amma qarı heç kəsin qoltuğuna sığınmaq istəmir, tənha yaşayır. Hazırda vaxtını əsasən "dörd divar arasında", bilgisayar arxasında keçirir. Keçmiş kommunisti sosial şəbəkələrdə görənlər təəccüblənirlər. Noutbukunu gözləri bərabərinə qaldırmaq üçün onun altına Azərbaycan Sovet Ensikopediyasının 1-ci cildini qoyub.

Zarafatla deyir ki, bu evdə nəyi qaldırsan, altından sovetlərlə bağlı nəsə çıxar. Kommunist Partiyasına üzvlük biletini də atmayıb: "Çünki həyatımın böyük bir hissəsini bu partiyanın işinə həsr etmişəm. Bunu taleyimdən, həyat bioqrafiyamdan silə bilmərəm. Xəcalət çəkiləsi əməlim də olmayıb ki, utanım. Elə düşünməyin ki, sovet hakimiyyətinin yenidən bərpa olunacağına ümid edirəm. Tam səmimi deyim: bunu istəmirəm. Sadəcə insan bir əqidəyə qulluq etməlidir".

"Eşidəndə mənə pis təsir edir ki, kommunistlər allahsız olublar. Sizə bir sirr açım: mən partiyanın rəhbər orqanında işləyə-işləyə həm də oruc tutmuşam. Sonradan Məşhəd və Kərbala ziyarətlərinə getmək də mənə qismət oldu. Mən kommunist olub baş kəsməmişəm, günah iş tutmamışam. Ona görə də el içinə alnı açıq çıxa bilirəm", — deyir həmsöhbətimiz…

Xəbər lenti
0