03:58 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
467640

"Tri Korona"ya 16 ildə nə qaz verilib, nə də çıxarış. Səbəb isə ilgincdir.

BAKI, 18 noy — Sputnik. Paytaxtın Həsən bəy Zərdabi küçəsində yerləşən "Üç Tac" yaşayış kompleksinin sakinləri artıq uzun illərdir ki, dözülməz şəraitdə yaşamağa öyrəşiblər. Bunun bir neçə səbəbi var.

"İlin dörd fəsli" şirkətinin inşa etdiyi bu binalar Bakı şəhərində ilk yenitikili binalardan hesab olunur və tikiliş tarixi 2000-ci illərin lap əvvəllərinə təsadüf edir. Lakin o vaxtdan bu günə kimi həmin yaşayış kompleksinə nə qaz verilib, nə də mülkiyyət haqqında çıxarış (kupça).

Sakinlərin üzləşdiyi əsas problem də, məhz burdan qaynaqlanır. Binalarda qaz və çıxarış olmadığı üçün, demək olar ki, heç kim evini sata bilmir. Aydın məsələdir ki, qazı və çıxarışı olmayan mənzilə alıcılar yaxın durmaq istəmirlər.

Rieltor Samir Əliyev Sputnik-in əməkdaşı ilə söhbət zamanı deyib ki, çox nadir hallarda kimsə gəlib bu binalardan ev alır: "Satan çoxdur, açığı deyim, əlacları olsa, burdakıların hamısı evini satar. Problem ondadır ki, bura yaxın gələn yoxdur. Mən də olsam, qazsız, "kupça"sız evə yaxın durmaram. Bəzi alıcılar da olur ki, "kupça"nı problem hesab etmir, qazlı ev axtarır. Axı, burda heç o da yoxdur!".

Bəzi sakinlərlə də söhbət aparmaq imkanımız oldu. Fəridə adlı yaşlı xanım, 10 ilə yaxındır ki, evini satışa çıxardığını, ancaq qaz olmadığı üçün sata bilmədiyini deyir: "Cəmi bir dəfə real müştəri çıxmışdı, o da binanın təhlükəli yerdə tikildiyini deyib, almaqdan imtina elədi".

Həqiqətən də, "Üç tac" (el arasında "Tri korona" kimi tanınır — red.) yaşayış kompleksinin tikildiyi ərazi bir az narahatlıq yaradır. Kompleksin həyət tərəfinin qarşısı məşhur "qanlı göl"dür. Və həyətdəki meydançadan 5 metr irəlidə uçurum var. İnsanlar təbii fəlakət zamanı bu binaların davam gətirib-gətirməyəcəyi barədə tərəddüd edirlər.

Binalarda qaz və çıxarış olmadığı üçün, demək olar ki, heç kim evini sata bilmir
© Sputnik / Fuad Hasanov
Binalarda qaz və çıxarış olmadığı üçün, demək olar ki, heç kim evini sata bilmir

Yəqin ki, elə bu səbəbdən də bina Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təhvil alınmayıb. Əks halda kompleksə həm qaz verilərdi, həm də mülkiyyət haqda çıxarış.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Sputnik-ə bildirildi ki, sözügedən kompleksə qaz verilməməsinin səbəbini "İlin Dörd Fəsli" şirkətində axtarmağı məsləhət gördü. Nazirliyin, soyadını vermək istəməyən Kərim adlı əməkdaşı "Üç Tac" kompleksinin hələ də FHN-ə təhvil verilmədiyini də deyib.

"Həmin bina FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müayinəsindən keçib. Orada çatışmayan cəhətlər ekspertizaya verilib. Müvəqqəti qaz almaq üçün onlar bizə yaxınlaşıb arayışı götürə bilərlər. Qaldı ki, binanın təhvilinə, o bina təhvilə getməyib. Çünki müayinə vaxtı iradlar olub. Onlar aradan qalxmalıdır ki, kompleks təhvilə getsin. Ancaq, yenə deyirəm, qaz almaq üçün həmin binanın rəhbəri gəlib sənəd ala bilər", — FHN əməkdaşı qeyd etdi.

Nazirlik rəsmisi "Üç Tac" kompleksinin tikintisində hansı iradların olduğu barədə isə açıqlama vermək istəmədi: "Mən sizə iradların nə olduğunu deyə bilmərəm, nə varsa, hamısını sifarişçiyə göndərmişik. Zəng edib ondan öyrənə bilərsiniz".

"Binanın sədri özü bu işlərlə məşğul olmalıdır, lakin olmur. Camaatı başlı-başına buraxıb, amma gəlib öz işini yerinə yetirmir. O adama iradlar da verilib, hər fikrimizi də çatdırmışıq. Bununla belə, biz qaz vermək üçün müəyyən güzəştlərə gedib o binanın rəhbərliyinə arayış verə bilərik", — Kərim adlı əməkdaş vurğulayıb.

Mövzu ilə bağlı "İlin Dörd Fəsli" şirkəti ilə əlaqə yaratmağa çalışsaq da, telefona cavab verən olmadı. Qeyd edək ki, sözügedən yaşayış kompleksi 2000-2001-ci illərdə istifadəyə verilib.

Əlaqədar

Prezident jurnalistlərin binası üçün 3 milyon manat ayırdı
"Jurnalistlər üçün tikilən yeni bina yaxın vaxtlarda istifadəyə veriləcək"
Bakının mərkəzində yaşayış binasında yanğın olub
Binanın bloku çökdü, ölən və yaralanan var
Yaşadığınız binaların fundamentindən xəbəriniz var?
"Lazımsız binalar tikib, adını "regionların inkişafı" qoydular"
Teqlər:
"Tri korona", "göydələn", "Üç Tac", Həsən bəy Zərdabi küçəsi, çıxarış, kupça, "İlin dörd fəsli", "novostroyka", yaşayış kompleksi, bina, mənzil, qaz, Fövqəladə Hallar Nazirliyi, Samir Əliyev, paytaxt

Əsas mövzular