22:31 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
92431

Azərbaycanda kazinoların leqallaşdırılması məsələsinə yenidən gündəmə gəlib

BAKI, 8 noy — Sputnik. Ölkədə qumarxanaların leqallaşdırılması məsələsinin diqqətli analizinə ehtiyac var. Bu barədə Sputnik-ə vəkil Abbas Atakişiyev, Daxili İşlər Nazirliyinin (DİN) gizli kazinoların aşkara çıxarılması ilə bağlı əməliyyatlara dair sonuncu xəbərini şərh edərkən bildirib.

Sputnik DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bu həftə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) Qusar rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz onlayn qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Qeyd edilən obyektdə keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində çay evində qanunsuz onlayn qumar oyunları təşkil edən Qusar sakinləri Zakir Hafizov, Əfqan Pirmuradov və Elmar Muradov saxlanılıb.

Həmçinin həmin obyektdə qumar oynayan daha 3 vətəndaş müəyyən edilərək barələrində qanuna müvafiq tədbir görülüb. Çay evinə baxış keçirilən zaman mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, müştərilər tərəfindən oynanılan uduşlu kuponlar, xüsusi onlayn qumar proqramlarında qeydiyyatdan keçmək üçün istifadə olunan elektron avadanlıqlar, eləcə də iş üçün maraq kəsb edən digər əşyalar aşkar edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Oktyabrın 31-də DİN yerli və xarici idman qumar oyunlarının virtual satışı ilə məşğul olan qanunsuz internet-portalların və saytların fəaliyyəti ilə bağlı xəbər yayıb. Məlumata görə, təşkilatçılar bütün bu əməlləri heç bir razılıq olmadan törədiblər.

Harada rahat oynaya bilərik?
© Karikatura
Harada rahat oynaya bilərik?

BMCMİ Binəqədi rayonunda da qanunsuz kazino aşkar edib. Burada da qumar oyunlarının qanunsuz təşkilatçıları — Təyyar Hüseynov, Ramin Musayev və Süliddin Nəsirov saxlanılıb. Sözügedən obyektdə təşkil olunan qanunsuz qumar oyunlarında iştirak edən daha 7 nəfər barəsində də ölçü götürülüb.

Atakişiyevin sözlərinə görə, əgər adam qumara aludə olubsa, onu heç bir qadağa ilə saxlamaq olmaz: "O, pullarını səpməyə yer tapacaq. İsraillə Fələstin arasında bir kazino var və orada iki düşmən ölkənin vətəndaşları bir-biriləri ilə qumar oynayırlar. Hətta müharibə belə, onları öz yollarından döndərə bilməyib".

"Əlbəttə, kazinoda oynayıb-oynamamaq məsələsi başqa söhbətin mövzusudur. Azərbaycanda qumar oyunları milli ənənələr, mentalitet və mənəvi səbəblərdən qadağandır. Müsəlman ölkələrində kazinolar qadağandır, çünki İslama görə qumar oynamaq günahdır. Bir vaxtlar Azərbaycanda kazinolara icazə verilirdi, amma 90-cı illərin axırlarında onları qadağan etdilər. Eyni şeyi Türkiyədə də elədilər. Digər tərəfdən, əgər kimsə qumar oynamaq istəsə, yer tapacaq, Gürcüstana, Monakoya, ya da başqa ölkələrə gedəcək", — deyə vəkil bildirib.

Azart oyunlarının təşkilatçılarının və qumar oynayanların cinayət məsuliyyətinə cəlb olunması və cərimələnməsinə gəlincə, vəkil deyib ki, bununla bağlı inzibati sanksiyalar kifayətdir: "Qanunvericilikdə hansı əməlin cinayət olduğu, hansının olmadığı açıq yazılıb. Şübhəsiz ki, qanunvericilər variantlardan biri kimi, inzibati xarakterli cəzaları nəzərdə tutublar".

"Bu, nə dərəcədə effektivdir? Oyunçu cəriməni ödəyib və yenidən oynamağa gedəcək. Cəzanı elə tətbiq etmək lazımdır ki, onun effekti olsun. Digər tərəfdən, təşkilatçıları həbsxanalara doldurmaq da düz deyil. Dünyanın bir çox ölkələrində azart oyunlarına icazə verilir, lakin dövlət onlara sərt şəkildə nəzarət edir. Ona görə də orada problem olmur", — Atakişiyev əlavə edib.

Hüquqşünas qeyd edib ki, Azərbaycanda leqal şəkildə fəaliyyət göstərən futbol totalizatoru "Topaz" da azart oyunudur: "Amma burada insanlar kazinodakı kimi toplaşmırlar".

Onun sözlərinə görə, kazino insanların toplaşdığı, cinayətkar qruplaşma yarada biləcəyi bir yerdir: "Digər tərəfdən, kazino turistlər üçün əyləncə faktoru rolunu da oynayır".

Əlaqədar

İdman mərc oyunlarında uduşlardan vergi tutulmayacaq
Mövlud Çavuşoğlu Sergey Lavrovla mərcə girdi
Qanunsuz mərc oyunları keçirilən obyektlərə qarşı reyd
Artıq mərc oyunlarına yeni qurum nəzarət edəcək
İdman mərc oyunlarından əldə edilən gəlirlərdən vergi tutulacaq
Teqlər:
Abbas Atakişiyev, qumarxana, qumar, mərc, kazino, cinayət, qanun

Əsas mövzular