21:27 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Məhkəmə çəkici, arxiv şəkli

Klinika işçisinin "Oksigen"ini kəsir

© Sputnik / Maxim Bogodvid
CƏMİYYƏT
Qısa URL
491722

İki uşaq böyüdən tənha ana 160 manat maaşa işlədiyi klinika tərəfindən 20 min manatlıq tibbi cihazı sıradan çıxarmaqda günahlandırılır.

BAKI, 2 noy-Sputnik. Oksigen özəl klinikasının rəhbərliyi öz sabiq əməkdaşını 20 min manat dəyəri olan tibbi avadanlıqları yararsız vəziyyətə salmaqda günahlandırıb.

Hazırda Bakı Apellyasiya Məhkəməsi iki azyaşlı uşaq böyüdən tənha ana Aynurə Ağayevanın şikayətini araşdırır. Ağayeva əmindir ki, onun tibbi ləvazımatların sıradan çıxarılmasına heç bir aidiyyatı yoxdur. O, məhkəmənin ədalətinə inandığını bildirib. 

Birinci instansiya məhkəməsi Oksigen klinikasının rəhbərliyinin xeyrinə qərar çıxararaq, Ağayevanı qırmadığı aparata görə 10,7 min manat məbləğində cərimələyib. 

Sputnik-ə bu barədə açıqlama verən Aynurə İntiqam qızı Ağayeva bildirib ki, onunla Oksigen klinikasının rəhbərliyi arasında münaqişə 2016-cı ilin qışından – o, işdən getdiyini bəyan edəndən sonra başlayıb. 

"Mən endoskopiya kabinetində 160 manat maaşa tibb bacısı işləyirdim. Klinikada 1 ilə yaxın idi ki, işləyirdim və bu müddətdə bir dəfə də olsun rəhbərlik tərəfindən hər hansı tənbeh almamışdım. Hamı mənim işimdən razı idi. Mən iki uşaq tərbiyə edirəm və bu maaş onların yeməyinə güclə çatırdı. Buna görə də, mən təbii olaraq daha yüksək maaşlı iş axtarırdım və tapdım da. Mənə “Stimul” klinikasında 500 manatlıq iş təklif etdilər. Mən bu barədə rəhbərliyə məlumat verdim və düşündüm ki, onlar da mənimlə birlikdə buna sevinəcəklər. Bu zaman aydın oldu ki, mən klinikanın avadanlığını sıradan çıxarmışam və ona görə pul ödəməliyəm.“ – deyə Ağayeva bildirib. 

Bu ilin yayında Yasamal rayon məhkəməsi klinikanın xeyrinə qətnamə çıxarıb və Ağayevanın dəymiş ziyanı kompensasiya etməsinə qərar verib.  Ağayeva isə məhkəmənin bu qərarı ilə razılaşmayıb. Oktyabrın 31-də Apellyasiya Məhkəməsi Ağayevanın şikayətinə baxıb. Tibb bacısı bildirib ki, sözügedən avadanlıq sıradan çıxanda o heç Oksigen klinikasında işləməyib. Onun sözlərinə görə, 5 yanvar 2015-ci ildə Türkiyə şirkətindən sıradan çıxmış endoskopik avadanlıqla bağlı göndərilmiş sorğuya cavab gəlib. Ağayeva isə klinikada 6 fevral 2015-ci ildə işə başlayıb. 

"Klinika rəhbərliyi yalan-gerçək, var gücü ilə həmin vəsaiti məndən çıxarmağa çalışır. Amma mən ədalət naminə sonadək mübarizə aparacağam” – deyə Ağayeva bildirib. 

Bununla belə, Oksigen klinikasının sahibi Munir Vəliyev (“Odlar Yurdu” universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğlu-red.) Sputnik-ə bildirib ki, bununla bağlı məhkəmənin qərarını gözləyir. 

"Məhkəmə nə qərar versə, o da olacaq. Biz özümüzü haqlı hesab edirik, Ağayeva isə özünü. Amma bizim əlimizdə ekspertiza rəyi var ki, endoskopiya kabinetindəki avadanlıq yerə düşmə nəticəsində qırılıb. O vaxt Ağayeva klinikada işləyirdi. Ağayeva ekspertiza rəyini biləndən sonra işdən gedib. O, iş kabinetini özbaşına qoyub gedib və bir daha işdə görünməyib. Ona görə də biz onu işdən qovmuşuq.” – deyə Vəliyev bildirib. 

Bununla yanaşı Vəliyev bildirib ki, sözügedən avadanlıq klinikaya 2015-ci ilin mayında daxil olub. Həmin vaxt Ağayeva artıq orada işləyirdi: "Avadanlığın bir illik zəmanət müddəti var idi.” 

Ağayevanın sözlərinə görə, ondan ucuz işçi qüvvəsi kimi istifadə ediblər. İşdən getmək istədikdə isə, onunla haqq-hesabı çürütmək istəyiblər.

Teqlər:
endoskopiya kabineti, klinika, Oksigen klinikası, Odlar Yurdu” universiteti, Stimul” klinikası, Bakı Apellyasiya Məhkəməsi, Əhməd Vəliyev, Munir Vəliyev, Aynurə İntiqam qızı Ağayeva, Türkiyə

Əsas mövzular