17:28 25 Fevral 2018
Canlı yayım
Bakının Fəvvarələr meydanında Halloweenə həsr edilmiş fleşmob. 31 oktyabr 2012-ci il

Azərbaycanda Halloween: Qərb bütün dünyada xalqları manqurtlaşdırmağa çalışır

© Foto: WakeUp!! / Youtube
CƏMİYYƏT
Qısa URL
37210

Kulturoloq Vüsalə Məmmədova: bu bayrama son zamanlar maraq çox yaranıb və bu gedişlə problemlər yaranacaq.

BAKI, 31 okt — Sputnik. Azərbaycanda bir çox milli adət-ənənələrə xas olmayan bayramlar keçirilir. Belə bayramlardan biri də son bir neçə ildə məşhurlaşan Halloween (Hellouin) bayramıdır. Son illərdə ölkəmizdə bu bayramı bir çoxları xüsusi geyimlər geyinərək, qrimlənərək keçirirlər. Hətta bəzi orta məktəblərdə bu bayramın keçirilməsi üçün xüsusi hazırlıq görülür.

Amma ölkədə bir çoxları, bu bayramın bizə yad olduğunu əsas gətirərək onun belə təmtəraqla qeyd olunmasına etiraz edirlər. 

Ümumiyyətlə, Halloween nədir və o, Azərbaycanda qeyd olunmalıdırmı? 

Sputnik-in bu suallarını azərbaycanlı mütəxəssislər cavablandırıblar. 

Azərbaycan Turizm Universitetinin baş müəllimi, kulturoloq Vüsalə Məmmədova bildirib ki, bu bayrama son zamanlar maraq çox yaranıb və bu gedişlə problemlər yaranacaq: 

“Halloweenə xüsusi bayram kimi hazırlaşanlar var. Xüsusilə övladlarını Halloween hazırlaşdırmaq onların gələcəkdə bu bayramın milli bayram səviyyəsində keçirilməsinə gətirib çıxaracaq. Mən buna normal baxmıram və belə təntənəli keçirilməsinin əleyhinəyəm.”

Vüsalə Məmmədova onu da qeyd edib ki, belə bayramların əvəzinə milli adət-ənənələri özündə əks etdirən bayramlar təşkil etmək lazımdır. 

“Mənim üçün əcaib sayılan bayramı keçirməkdənsə, onların əvəzinə yallı rəqslərinin festivalını, milli bayramları qeyd edə bilərik. Məsələn, xalçaçılığımız, misgərliyimiz var, onları cəmiyyətə tanıtmaq və uşaqlara aşılamaq üçün müəyyən layihələr həyata keçirmək olar.” – deyə kulturoloq əlavə edib.

Fəlsəfə doktoru Mail Yaqub da Sputnik-ə açıqlamasında belə bayramların əleyhinə olduğunu dilə gətirib. 

“Mən ümumiyyətlə daha çox Azərbaycan rəngini sevirəm. Yad ölkələrdən gələn bayramları sevmirəm. Mənə görə milli ruh deyilən bir məfhum, bir həqiqət var və mən o həqiqətin zənginliyinə inanıram. Dediyiniz bayramda hansı millilikdən söhbət gedə bilər? Mənə görə inkişaf-tərəqqi özünü unutmaqla şərtlənmir. Biz öz rəngimizdən, donumuzdan çıxmaqla, yad mədəniyyətlərə sığınmaqla heç nə qazanmayacağıq” – deyə Mail Yaqub bildirib.

Kulturoloq, Mədəniyyət və İncəsənət Universitetinin professoru İlqar Hüseynov  da bu bayramın Azərbaycana dəxli olmadığını bildirib.  

“Hər bir xalqın milli mentaliteti, tarixi kökləri, adət-ənənələri var. Eyni zamanda hər bir xalqın öz bayramları var ki, o, onları keçirməlidir. Halloween-in Azərbaycanda keçirilməsinin qəti əleyhinəyəm. Azərbaycanın milli adət —ənənəsinə zərbə vurmaq üçün məhz belə bayramları yayırlar. 

Professor bildirib ki, Qərb bütün dünyada xalqları manqurtlaşdırmağa çalışır:

“İndi Azərbaycanda və dünyada belə tendensiya yaranıb. Qloballaşdırma adı ilə hər bir xalqın dəyərlərini, adət-ənənələrini əlindən alıb manqurtlaşdırırlar. Qərb Azərbaycan xalqını da belə hala salmağa çalışır. Və bu tip bayramlar da elə buna köklənən bayramlardandır. Biz xarici bayramları keçirməkdənsə, Qərb bizim Şəbeh oyunlarını, İki qardaş, Novruz bayramını, Qodu-qodu, Kilimarası kimi oyunları keçirsin. Qoy bizim bayramlarımız Avropa məkanına yayılsın.”

Kulturoloq onu da qeyd edib ki, Halloween uşaqların psixologiyasına mənfi təsir edir və korlayır. 

Qeyd edək ki, Hellouin hər il 31 oktyabrda qeyd edilən müasir balqabaqlar bayramıdır. Bayram müasir Böyük Britaniya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında formalaşıb. Bu bayram hal-hazırda dünyanın müxtəlif ölkələrində qeyd edilir. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, Okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox digər dünya ölkələrində təntənəli şəkildə keçirilir. 

İngilis dilinin Oksford lüğətinə görə "Hellouin" sözü ilk dəfə XVI əsrdə ingilis ifadəsi olan All-Hallows-Even-dən (şotlandca "hellouin" kimi oxunur-red.) yaranıb. O zamanlar Müqəddəslər gününün ərəfəsi olan gecəni elə adlandırırdılar.

Bayramın əsas simvolu Cek fənəri (ing. Jack O'Lantern) sayılır. Cek fənəri — içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqdan hazırlanır və balqabağın içinə şam qoyulur.

Britaniyada orta əsrlərdə insanlar evbəev gəzib ölülərin ruhuna dua oxumalarının qarşılığında sakinlərdən yemək istəyirdilər. Onlar əllərində oyulmuş şalğamdan düzəldilən fənərlər tuturdular. Hər bir belə fənərlərin içinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyurdular. Digərlərinin fikrincə isə, fənərlər pis ruhları qovmaq üçün istifadə edilirdi. 1800-cü illərdə Şimali Amerikada şalğam balqabaqla əvəz olundu, çünki bu tərəvəz o torpaqlarda geniş yayılmışdı və onu oymaq asan idi.

Əsas mövzular