CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayon avtomobillərinin "qara günləri" yenidən qayıtdı

© Sputnik / Fuad HasanovRayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılması
Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılması - Sputnik Azərbaycan
Abunə olmaq
DYP hökumətin qərarını əsas gətirərək, şəhərdə sıxlığın qarşısını almağa çalışdıqlarını bildirsə də, sürücülər və ekspertlər bu qadağanın çıxış yolu olmadığı qənaətindədirlər

BAKI, 20 sen — Sputnik. Rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə yenidən qadağa tətbiq olunmağa başlayıb. Mövcud halla bağlı artıq şikayətlər səslənməyə başlayıb.

Bibiheybət yolu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rayon qeydiyyatında olan avtomobillərinin Bakıya buraxılış saatları dəyişir

Belə ki, bu gün səhər Bakı-Quba yolunun üzü paytaxt istiqamətində, Qafqaz Universitetinin yanındakı dairəvi yolda şəhərə keçməyə çalışan rayon sakinləri ilə yol polisi arasında qarşıdurma yaşanıb. Rayon qeydiyyatlı avtomobil sürücüləri nə qədər çalışsalar da, yol polisini razı sala bilməyiblər. Nəticədə əsas magistral yolda xoşagəlməz anlar yaşanıb.

Yol polisi əməkdaşları hökumətin vermiş olduğu qərarı sürücülərə başa salmaq istəsələr də, vətəndaşlar həm qərarın, həm də polisin davranışının qəbuledilməz olduğunu bildiriblər.

Qərar qüvvədə qaldığı müddətcə bu cür halların tez-tez baş verəcəyi məlum məsələdir. Mövzuya münasibət bildirən yol hərəkət qaydaları üzrə ekspert Ərşad Hüseynov Sputnik-ə açıqlamasında, Bakıdakı tıxacın səbəbkarının rayon avtomobilləri olmadığını deyib.

"Rayon avtomobillərinin paytaxtda sıxlıq yaratdığı ilə bağlı deyilən fikirlərlə heç vaxt razı olmamışam. Bu ideya kökündən yanlışdır. Sıxlıq Bakı şəhərinin girişlərində, daha çox pik saatlarda yaşanır. Əsasən də Bakı-Sumqayıt yolunda. Rayon avtomobilləri şəhərə buraxılmasa da, yenə girəcəklərdə sıxlıq müşahidə olunur. Sözüm odur ki, belə qayda ilə tıxacın qarşısı alınmaz. Paytaxtdakı tıxaca səbəb rayon qeydiyyatlı avtomobillər deyil", — mütəxəssis vurğulayıb.

Ə. Hüseynov çıxış yolu kimi şəhərlərarası ictimai nəqliyyatın gücləndirilməsini məsləhət görüb: "Qatarların, avtobus marşrutlarının səviyyəsini bir az yüksəltmək lazımdır ki, vətəndaşlar bu vasitələrdən istifadə etsinlər. Bunun üçün təbliğat işləri də aparmaq lazımdır. Sual verirəm: rayon əhalisi Bakıya niyə avtomobillə gəlir? Çünki ictimai nəqliyyat onların təhlükəsizliyini, rahatlığını tam təmin etmir".

Qaydaların sərtləşdirilməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Sputnik-ə bildirilib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə öncədən verilən qərarlara nəzarət gücləndirilib: "Bu qərar yeni deyil. Ötən il Nazirlər Kabinetinin verdiyi qərardır. Sadəcə olaraq məhdudiyyətin tətbiqinə nəzarət sentyabrın 15-dən daha da gücləndirilib.

© Facebook / Ərşad HüseynovYol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov - Sputnik Azərbaycan
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov

Xatırladırıq ki, Bakı şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat vasitələri üçün şəhərin giriş hissələrində 2015-ci ilin sentyabr ayından hazırlanaraq istifadəyə verilmiş və hər bir lazımi şəraitlə təchiz olunmuş mühafizə olunan ödənişsiz duracaqlar təşkil edilib. Sakinlər həmin duracaqlarda öz avtomobillərini saxlamaqla xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər.

Tətbiq ediən məhdudiyyət müddəti hər il mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə saat 07:30-dan saat 20:00-dəkdir. Xahiş edirik ki, yollarda nəqliyyat sıxlığının yaranmaması, eləcə də rahat və fasiləsiz hərəkətin təmin olunması üçün tətbiq olunan məhdudiyyətə ciddi riayət edəsiniz".

Xəbər lenti
0