CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Banklardan inanılmaz tələb - buna da əl atdılar

CC0 / piviso / dollarDollarla kredit
Dollarla kredit - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Dollarla alınan kredit borclarını məzənnəyə uyğun olaraq manatla qəbul etməyən banklar, dollar depozitlərini niyə manatla qaytarırlar?!"

BAKI, 6 sent — Sputnik. "Mərkəzi Bankın təqsiri ucbatından yaranmış dollar qıtlığı dollar kreditlərinin ödənilməsində də problemlər yaradıb. Belə ki, mənə daxil olan müraciətlərə əsasən, bəzi banklar borclulardan dollar kreditlərini manat ekvivlentində (hətta həmin bankın öz məzənnəsi ilə belə) qəbul etmir və ödənişin mütləq dollarla həyata keçirilməsini tələb edir".

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

Bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov öz "Facebook" səhifəsində dollar krediti üzrə manatın qəbul edilməməsinə münasibət bildirərkən qeyd edib. Bunun səbəbinə aydınlıq gətirən ekspert bildirib ki, manat faktiki olaraq artıq növbəti kəskin devalvasiyaya məruz qaldığı üçün dollar ödənişini rəsmi məzənnəyə nisbətdə 4 faizlik marja çərçivəsində manatla qəbul etmək banklara sərf etmir.

"Amma bankların bu hərəkəti qanuna və bütün dünyada qəbul edilmiş milli valyutanın qanuni ödəniş vasitəsi ("legal tender") olması prinsipinə ziddir. Belə ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunun 36.3-cü maddəsində deyilir: "Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir"", — deyə ekspert bildirib.

Bankın qanunu pozaraq ödənişi qəbul etmədiyi təqdirdə borclunun ata biləcəyi addımları izah edən Ə.Həsənov deyib ki, əvvəla, borclu Maliyyə Bazarlarına Nəzarət Palatasına və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, habelə məhkəməyə şikayət edə bilər: "Eyni zamanda borclu bankın qəbul etmədiyi manat məbləğini notariusun depozit hesabına qoyaraq öhdəliyini icra bilər. Belə ki, Mülki Məcəllənin 532.1-ci maddəsinə əsasən əgər kreditor icranın qəbulunu yubandırırsa, borclu icra predmeti olan pulu notariusun depozit hesabına qoya bilər (və bu barədə ləngimədən kreditora bildiriş göndərməlidir). Məcəllənin 532.3-cü maddəsinə görə pulu depozitə qoymaqla borclu öz öhdəliyindən azad edilir, çünki bu halda depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulur".

Ekspert bildirir ki, bu halda sadəcə "Notariat haqqında" Qanunun 74-cü maddəsini də nəzərə almaq lazımdır: "Həmin maddəyə əsasən, pul hər hansı deyil, öhdəliyin icrası yerinin notariusunun depozit hesabına qoyulmalıdır. Başqa sözlə, bankın baş ofisinə və bütün filial və şöbələrinə ərazi baxımından ən yaxın notariuslardan biri olmalıdır. Kreditin hansı filialdan alınması və ödənildiyi önəmli deyil. Çünki kredit bankın hər hansı filial və şöbəsində ödənilə bilər. Buna görə də sözügedən notariuslardan birini seçmək borclunun hüququdur. Məsələn, tutaq ki, krediti bankın Gəncə filialından alsa belə, manatla ödəmək istədiyi pulu bankın Quba filialına yaxın notariusun depozit hesabına da qoya bilər".

Ə. Həsənov şərhinin post skriptum hissəsində yazıb: "Əslində banklarımız indi elə pis gündədir ki, ödənilən qəpiyi belə, qəbul etməlidirlər. Amma o qədər həyasız və ağılsızdırlar ki, milli valyutaya hörmətsizlik edərək borcluya hələ bir şərt də qoyurlar ki, "manatı bəyənmirəm, dollar ödəyin" və s. və i.a. Bunu xüsusilə əmanətçilər nəzərə alsın: pulunuzu etibar etdiyiniz bank borcları qəbul etmirsə, əmanətinizi necə qaytaracaq? Maraqlısı həm də odur ki, bəzi banklar artıq dollar əmanətlərini də zorla manatla qaytarır. Yəni öz borcunu manatla ödəyir, amma özünə olan borcu manatla qəbul etmir".

Xəbər lenti
0