Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Kimlərə və niyə kredit verilməyəcəyi açıqlandı

© Photo : STRBank müştəriləri
Bank müştəriləri - Sputnik Azərbaycan
Abunə olmaq
Maliyyə Bazarlarına Nəzarət Palatası banklara məktub göndərib. Ekspert qurumun addımının əhalinin mənafeyinə olduğunu düşünür.

BAKI, 24 avq — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kredit üçün müraciət etmiş şəxslərə imtinanın səbəbləri barədə düzgün məlumat vermədikləri ilə bağlı kommersiya banklarına məktub göndərib. Məktubda bildirilir ki, daxil olmuş müraciətlərin təhlili göstərir ki, banklar tərəfindən kredit üçün müraciət etmiş şəxslərə imtina Nəzarət Palatası tərəfindən təsdiq edilən qadağa ilə əlaqələndirilir və müştərilərə imtinanın səbəbləri barədə düzgün məlumat verilmir.

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

"Bildiririk ki, yeni prinsiplərə əsasən, xarici valyutada daşınmaz əmlak krediti istisna olunmaqla, digər hallarda kreditlərin verilməsi qadağan olunmur. Kreditdən imtina müvafiq şərtlərə uyğun olmayan müraciətlər üzrə kreditlər verildiyi təqdirdə onun geri ödənilməsində problemlərin ortaya çıxa biləcəyi, bununla da bank kreditlərinin gələcəkdə keyfiyyətinin pisləşməsi ilə bankların dayanıqlığına neqativ təsiri, digər tərəfdən vətəndaşların borc yükünün artması nəticəsində onların sosial rifahının aşağı düşə biləcəyi ilə əsaslandırılmalıdır", — deyə məktubda vurğulanıb.

Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yeni məsuliyyətli kreditləşmə qaydalarını tətbiq edir: "Burada müəyyən məhdudiyyətlər var. Xarici valyutada kreditlər verilmir. Yalnız o adamlara verilir ki, xarici valyutada gəliri var. Burada Palata vətəndaşları fikirləşir. Bu gün görürük ki, devalvasiya nəticəsində əhali dollarla olan kreditlərini ödəyə bilmir".

Manat ilə kreditlərin verilməsinə gəlincə, ekspert deyib: "Palatanın tətbiq etdiyi məhdudiyyətə görə, hər bir şəxs krediti o zaman götürə bilər ki, borc üzrə aylıq ödəniş etdikdən sonra yaşayış minimumunun azı 3 misli ona qalacaq. Kredit problemləri elə məhz Mərkəzi Bankın vaxtilə belə qaydalar tətbiq etməməsindən irəli gəlib. Azərbaycanda məsuliyyətsiz kreditləşmə siyasəti olub".

"Təbii ki, insanlar banklara müraciət edəndə banklar deməməlidir ki, Palata icazə vermir. Palata sadəcə qaydalar müəyyənləşdirib ki, hansı hallarda krediti götürmək olar. Bizə də hərdən müraciətlər olur. Görürsən, pensiyaçıdır, ayda 150 manat təqaüd alır. Deyir ki, "mənə bankdan kredit vermirlər". Axı necə versinlər? Aylıq pensiyan heç özünə çatmır. Əvvəllər belə hallar var idi. Burada məsuliyyəti Palatanın üzərinə atmaq düzgün deyil", — ekspert vurğulayıb.

Onun sözlərinə görə, manat ilə kredit almaq olar, sadəcə o krediti qaytarmaq üçün şəxsin aylıq gəliri olmalıdır: "Həmin gəlir yaşayış minimumundan 3 dəfə çox olmalıdır. Yəni, şəxsin aylıq gəliri 408 manatdan çox olsun ki, bank ona kredit versin".

Qeyd edək ki, Palata cari ilin 4 may tarixindən etibarən kredit təşkilatlarına sağlam kreditləşmə və məsuliyyətli borclanmaya dair yeni prudensial çərçivə tətbiq edib.

Xəbər lenti
0