09:00 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
60220

İmişlidə zəlzələdən zərərçəkənlər qorxu altında yaşayırlar, icra hakimiyyəti isə hökumətin qərarını gözləyir.

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 6 avq-Sputnik. Avqustun 1-də olan zəlzələ İmişlidə yüzlərlə tikiliyə zərər vurub. Sakinlərin bir qismi dərhal Fövqəladə Hallar Nazirliyinin "qaynar xətt"inə zəng edib. Son günlər yerli icra hakimiyyətinə edilən müraciətin əksəriyyəti yaşayış evlərinin qəzalı vəziyyətə düşməsilə bağlıdır. Bu barədə Sputnik-ə fəlakət qurbanlarının özləri məlumat veriblər.

"Mən məəttəl qalmışam…"

İmişli şəhərinin Mikayıl Müşfiq küçəsindəki 65 saylı evdə yaşayan Vurğun Əmirov işini etibarlı tutaraq müraciətini yazılı surətdə poçt yolu ilə göndərib. Onun sözlərinə görə, ərizəsinə evinin zəlzələdən sonrakı vəziyyətini əks etdirən fotoşəkilləri də əlavə edib:

"Mənim evim hələ 2010-cu ildəki sel və daşqından zərər görüb. O vaxt komissiya üzvləri ilkin rəylərində binanın qəzalı vəziyyətdə olmağına dair rəy vermişdi. Amma bu, sonradan hansısa səbəbdən dəyişdirildi. İndi də zəlzələ… Evimin divarları yerbəyerdən çat verib. Xeyli sayda qab-qacaq, o cümlədən televizor yerə düşərək sınıb. Mən məəttəl qalmışam ki, bu tikili necə olub ki, uçmayıb."

Vurğun Əmirov
© Sputnik / Azer Aliyev
Vurğun Əmirov

"Evin içərisindən bayır görünür"

Aran küçəsi, ev 34 ünvanında yaşayan Dadaş Məmmədovun da gözü yoldadır. Yer titrəyişi vaxtı onun 10 nəfərdən ibarət ailəsi həyəcan keçirib:

"Yeni ev tikməyə imkanımız olmadığından elə bu köhnə tikilini üzdən rəngləyirik. Dam örtüyünün su buraxan yerlərini tutmuşuq, çürüyən döşəmə taxtalarının bəzilərini dəyişdirmişik. Zəlzələdən sonra dayaq tumbalardan biri batıb, bina deformasiyaya uğrayıb. Divarların bəzi hissələrində elə çatlar yaranıb ki, içəridən bayır görünür."

Dadaş Məmmədov
© Sputnik / Azer Aliyev
Dadaş Məmmədov

"Bina ipdən asılmış yelləncək kimi yırğalandı"

Mikayıl Müşfiq küçəsindəki 6 saylı evdə yaşayan Şaiq Kərimovun da evi köhnə tikilidir. Onun da narahatlığı binanın özül hissəsinin zədələnməyi ilə bağlıdır:

"Zəlzələ olanda ikimərtəbəli bina ipdən asılmış yelləncək kimi yırğalandı. Allahın möcüzəsidir ki, bu yırğalanmadan ev uçmadı. Halbuki onun özülü də zədələnib. İndi əlimizi açmışıq göyə ki, komissiya gələnədək salamat qalaq."

Şaiq Kərimov
© Sputnik / Azer Aliyev
Şaiq Kərimov

Hökumətə arayış və siyahı təqdim olunacaq

"Təbii fəlakətin nəticələri dövlət orqanları tərəfindən diqqətlə öyrənilir. Baş nazirin göstərişi ilə Seysmoloji Mərkəzdən rayona iki nəfər mütəxəssis gəlmişdi. Onlar zəlzələnin episentri olan Muradxanlı kəndində oldular. İxtiyari seçimlə rayonun müxtəlif ərazilərindəki yaşayış evlərinə baxış keçirildi."

Divarların bəzi hissələrində elə çatlar yaranıb ki, içəridən bayır görünür”
© Sputnik / Azer Aliyev
"Divarların bəzi hissələrində elə çatlar yaranıb ki, içəridən bayır görünür”

Bunu Sputnik-ə açıqlamasında İmişli Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər şöbəsinin müdiri Valid Ağayev bildirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinə Seysmoloji Mərkəz arayış, yerli icra hakimiyyəti isə siyahı təqdim edəcək:

"İcra Hakimiyyətinə həm poçtla, həm də birbaşa müraciət edənlər var. Düzü, bu sayı dəqiqləşdirməmişik, hər gün artmaqdadır. Yaxın günlərdə vahid siyahı tərtib edib aidiyatı üzrə göndərəcəyik. Seysmoloji Mərkəz də öz növbəsində arayış təqdim edəcək. Bundan sonra hər şey hökumətin qəbul edəcəyi qərardan asılı olacaq."

Teqlər:
İmişli, Fövqəladə Hallar Nazirliyi, zəlzələ

Əsas mövzular