05:07 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1469 0 0

Ailəsini, qohumlarını itirən, taleyin ümidinə buraxılan iki insanın acınacaqlı həyatı paytaxtdakı "Azadlıq park"ında davam edir.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 avq-Sputnik. Uzun müddət idi ki, tanışlardan biri deyirdi: "Azadlıq parkında bir ailə yaşayır. Orada qalırlar, qadın paltarlarını da yuyub ağaclara asır. Deyəsən nəsə dərdləri var. Bir maraqlan, öyrən gör haradan gəliblər, problemləri nədir?!"

Tanışımın dediyinə görə, ailə bir ay olar ki, həmin parkda qalır.

Azadlıq parkında onları tapmaq o qədər də çətin olmadı. Qadın ağacların altında oturub, fikrə getmişdi. Yaxınlıqdakı ağacın üstünə isə paltarlar asılmışdı. Bir az aralıda, bir kişi adyala bürünüb yatmışdı. Yaxınlaşdım, jurnalist olduğumu dedim. Sevindilər. Sanki evlərinə dəvət edirlərmiş kimi, "buyurun oturun" da dedilər. Və söhbətə başladıq…

Təbrizin yazdığı son mesajı : Səni sevirəm…
© Photo : Pərişan xanımın şəxsi arxivindən

Həsənov Adil əslən Bakıdan, Novxanı kəndindəndir. Deyir ki, onun əvvəldən bəxti gətirməyib. Əvvəlcə, birinci həyat yoldaşı xərçəng xəstəliyinə düçar olub. Evini, avtomobilini satıb, həyat yoldaşını müalicə etdirən Adil, həyat yoldaşını bu xəstəliyin əlindən ala bilməyib: "İyirmi gündən bir 400 manata qan köçürürdülər, kimyəvi terapiya edirdilər. Düşünürdüm ki, bəlkə sağalar. Sağalmadı, 6 il xəstə yatdı. Yoldaşım qazaxlı qızı idi. Ailəcanlı qadın idi. Onu elə xəstə vəziyyətdə görmək mənim üçün çox ağır gəlirdi. Əlimdə nə vardısa satırdım ki, onu ölümün əlindən ala bilim. Bilmədim. O öləndən sonra isə dünyam, düzənim təmiz dağıldı. Hər şey mənasını itirdi".

Həyat yoldaşına başdaşı sifariş edən Adil onun haqqını ödəmək üçün pul tapmır. Bu zaman o yaşadığı Binəqədidəki sonuncu evini də dəyər-dəyməzinə satır.

  • Həsənov Adil əslən Bakıdan, Novxanı kəndindəndir
    Həsənov Adil əslən Bakıdan, Novxanı kəndindəndir
    © Sputnik / Irade CELIL
  • Azadlıq parkı artıq neçə müddətdir ki, bu ailəyə evlərini əvəz edir
    Azadlıq parkı artıq neçə müddətdir ki, bu ailəyə evlərini əvəz edir
    © Sputnik / Irade CELIL
  • Onlar elə burada – Azadlıq prospekti metrostansiyasının ətrafındakı parkda tanış olublar
    Onlar elə burada – "Azadlıq prospekti" metrostansiyasının ətrafındakı parkda tanış olublar
    © Sputnik / Irade CELIL
  • Məhəbbət xanım ailə qursa da, övladı olmadığı üçün birinci həyat yoldaşı onu boşayır
    Məhəbbət xanım ailə qursa da, övladı olmadığı üçün birinci həyat yoldaşı onu boşayır
    © Sputnik / Irade CELIL
  • Məhəbbət xanım paltarlarını da yuyub elə parkdakı ağaclara asır
    Məhəbbət xanım paltarlarını da yuyub elə parkdakı ağaclara asır
    © Sputnik / Irade CELIL
1 / 5
© Sputnik / Irade CELIL
Həsənov Adil əslən Bakıdan, Novxanı kəndindəndir

"Qaynım zəng elədi ki, başdaşı hazırdır, pulunu ödəmək lazımdır. Mən də evi satıb, pulu ödədim. Axı pul gələndə xərclənir" — deyən Adil həmin pulun bir hissəsi ilə borclarını ödəyir, yerdə qalan 8 min manat pulu isə Binəqədidə "maklerlik"lə məşğul olan Səlimə verir. Makler Adilə söz verir ki, 2 aya ona kiçik bir ev tikib verəcək. Adil bu müddətdə kirayədə qalır. Dediyinə görə, parkdakı "ayaqyolunda" çalışıb, evin kirayə haqqını verirmiş."

Adil həyat yoldaşı ilə də elə burada — Azadlıq parkında, tualetdə işlədiyi vaxtlarda tanış olub: "Burada işləyirdim. Fikir verirdim ki, bu qadın, təkdir. Parkda qalır. Bir iki dəfə söhbət etdim. Ürəyim ağrıdı. Dedim mən də təkəm, o da. Onu tək buraxmaq olmaz. Bu qadın da Qazaxdan idi. Ara-sıra söhbətləşirdik. Gəldim qızıma dedim ki, "bir yaxşı qadın var, ailə qurmaq istəyirəm". Qızım narazı idi. Axırıncı dəfə gəldim parka, gördüm yenə tək oturub, özü də xəstə idi. Dedim "gözlə gəlirəm". Gəldim kirayə qaldığımız evə, qızıma dedim ki, mən onunla evlənəcəyəm. Və Məhəbbəti gətirdim kirayə qaldığımız evə".

Bu əsnada Məhəbbət də söhbətə qoşulur. Deyir ki, ailə həyatı qursa da, övladı olmadığı üçün həyat yoldaşı onu boşayır. O da Bakıya gəlib işləməyə başlayır: "Dayımqızıgildə qalırdım. Ayağım ağrıyırdı. Apardılar məni həkimə. Həkim dedi ki, ayağının barmağını kəsmək lazımdır və kəsdi. Bütün əşyalarım qaldı dayımqızıgildə. Xəstəxanadan çıxandan sonra o məni qəbul eləmədi. Əşyalarımı da vermədi. İki-üç adyal götürüb çıxdım evdən. Başladım parkda qalmağa və orada da Adillə tanış oldum".

Məhəbbət danışır ki, istər Qazaxda olan qohumları, istər Bakıdakı qohumları ona sahib çıxmasa da, Adil ona sahib çıxır. İndi Adil xəstədir, ona görə Adili buraxmır, onun qayğısına qalır. 

Adil ikinci dəfə ailə həyatı qurduqdan sonra buna razı olmayan qızı evdən qaçır: "Aprelin 11-i mən Məhəbbəti evə gətirdim. Mayın 9-u axşam evdən məktub tapdıq. Qızım yazmışdı ki, "mən gedirəm, daha bu evdə qala bilmirəm". Sonradan bildim ki, ailə həyatı qurub."

Bundan sonra Adil xəstələnir. 6 saylı xəstəxanada bir həftəyə yaxın reanimasiyada qalır: "Orada Vahid doktor mənə çox yaxşı baxırdı. Nə lazımsa, hər şey etdi ki, mən ölməyim. Xəstə olanda həkim qızıma zəng elədi ki, "atanın vəziyyəti ağırdır, gəl gör", gəlmədi. Sonra xəstəxanadan çıxdım və işləyə bilmədim. Qaldım küçələrdə."

Məhəbbət Adilin qızı ilə yaxşı münasibətdə olduğunu deyir: "Aramızda heç bir problem olmamışdı. Uşaq idi. 21 yaşı vardı. İşləyirdi. Səhər işə axşam evə. Ağıllı qız idi. Niyə getdi, nə oldu, hələ də anlaya bilmirəm".

Adil danışır ki, ona borclu maklerdən 4-cü Polis Bölməsinə şikayət də edib. Ancaq makler yaxın günlərdə ona pulunu qaytaracağını deyib. Adil isə o "yaxın gün"ü səbirsizliklə gözləyir. Deyir ki, pulunu ala bilsə, heç olmasa kirayə bir ev tutar. Yenidən ailəsini bir damın altına yığar.

İndi Məhəbbətlə Adil Azadlıq parkında yaşayırlar. Məhəbbət öz evindəki kimi Adilə qulluq edir. Yaxınlıqdakı kafelərdən verilən yemək və çayla dolanan ailə ümid edir ki, nə vaxtsa öz evləri olacaq. Onlar da hamı kimi öz evlərində yaşayacaqlar. Bu da bir insan taleyidir, bəlkə öz məsuliyyətsizliyindən, bəlkə də insanlara həddən artıq etibar etdiyindən parkda yaşamağa məcbur olan bir insanın taleyi…

Əlaqədar

Tale onların üzünə heç gülmədi...
Bu eşq hekayəsini sonadək dinləmək ürək tələb edir
İtkin düşən neftçidən ürək dağlayan sözlər
Suriyalı uşaq Aylan Kurdinin atasından ürək dağlayan açıqlama
Teqlər:
Azadlıq parkı, Binəqədi, Bakı

Əsas mövzular