21:55 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Taxi

"Maşını yavaş sürsəm uşaqlarım evdə ac qalacaq"

© Sputnik / Fuad Hasanov
CƏMİYYƏT
Qısa URL
835910

"Müştərini mən götürüm" ehtirası ucbatından ağsaqqal kişi aldığı xəsarətdən yerindəcə dünyasını dəyişdi.

BAKI, 18 iyun — Sputnik. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olanların sayı əvvəlki illərlə müqayisədə qat-qat çoxalıb. Artıq elə vəziyyət yaranıb ki, prospektlərdə, magistral yollarda adi maşınlardan daha çox taksilər gözə çarpır. İlk baxışdan insana elə gəlir ki, bu sahədə yaxşı pul olduğu üçün insanlar məhz taksiçiliyi seçirlər.

Sputnik əməkdaşının apardığı araşdırma isə bir çox gerçəkləri üzə çıxarıb.

Ölkədə manatın xarici valyuta qarşısında dəyərdən düşməsindən sonra iqtisadi vəziyyətin ağırlaşması nəticəsində paytaxtda taksiçilik edənlərin sayı birə beş artıb. Bu gün şəhərdaxili adi taksilərlə yanaşı Bakıətrafı qəsəbələrə və Sumqayıta 1 manatdan sərnişin daşıyan taksilər də fəaliyyət göstərirlər. Biz onları paytaxtın 20 yanvar dairəsində, metronun Əhmədli, Koroğlu, Memar Əcəmi və d. stansiyalarının çıxışında hər gün görürük.
Ortaya suallar çıxır: Sumqayıta, Masazıra, Müşfiqə və digər qəsəbələrə sərnişini 1 manatdan daşımaq həmin taksilərə sərf edirmi? Əgər edirsə bu necə olur? Məgər o taksilər benzinlə işləmir?

Onu da qeyd edək ki, bu cür taksilərlə bağlı redaksiyamıza şikayət məktubları daxil olur. Əsas şikayətlər həmin sürücülərin magistral yollarda təhlükəli manevrlər etməsi və sürət limitini həddindən artıq aşması ilə bağlıdır. 

Biz həm suallarımıza cavab tapmaq, həm də şikayətləri yerində araşdırmaq üçün "1 manatlıq" taksilərin toplaşdığı ərazilərə — 20 yanvar və Memar Əcəmi metrolarının çıxışına yollandıq.

"Formula 1" yarışı ilə əlaqədar olaraq DYP əməkdaşları 20 yanvar ərazisində taksilərin dayanmasına icazə vermədiyi üçün ikinci ünvana — Əcəmiyə getdik. Metrodan çıxar-çıxmaz ilk eşitdiyimiz səs "Masazıra manatdan", "Qurtuluşa manatdan" sözləri oldu. "Qurtuluş" deyilən ərazi Masazır qəsəbəsinin qurtaracağında, Duz gölünün yanında yerləşən geniş yaşayış kompleksini əhatə edir.

Yaxınlaşıb taksi sürücüləri ilə söhbət aparmağa çalışdıq. Çətin də olsa aralarından bir nəfəri bizə müsahibə verməyə razı oldu. Suallarımızı cavablandıran Ayaz adlı şəxsin dediyinə görə, "1 manatlıq" taksilər sürətli sürməyə məcburdur:
"Birincisi, biz heç kəsi bizim maşına oturmağa məcbur eləmirik. İnsanlar özləri evə ucuz, rahat və tez çatmaq üçün bizi seçirlər. Deyirsiz, sürətli sürürük. Bəli elədir. Maşını yavaş sürsəm, uşaqlarım evdə ac qalacaq. Özünüz fikirləşin, müştərini 1 manata evə aparırıq. Maşının tutumu 4 nəfərdir. Bu da 4 manat edir. Təsəvvür edin Masazırın qurtaracağına 4 manata gedirik. Üstəlik elə olur ki, heç 4 nəfər də tam olmur. 2-3 sərnişinlə getdiyimiz günlər olub. Gündə cəmi 5-6 reys eləsək, ordan bizə nə xeyir qalar axı. Ona görə tez-tez gedib-gəlirik ki, bəlkə axşama 20-30 manat xeyrimiz qalsın. Qaldı can təhlükəsizliyi məsələsinə, qurban olum Allaha, o nə yazıb o da olacaq".

Taksi şoferi Ayazın dediklərində həqiqət olsa da, məhz bu taksilərin sürəti ucbatından ölüm və xəsarət hallarına da rast gəlinir. Bu ilin əvvəlində dayanacaqda avtobus gözləyən 63 yaşlı kişi məhz bu sürətin qurbanı olub. Hadisə Masazır qəsəbəsində iki taksinin yolkənarı dayanan müştəriyə tez çatmaq arzusu fonunda yaşanmışdı.

"Müştərini mən götürüm" ehtirası ucbatından ağsaqqal kişi aldığı xəsarətdən yerindəcə dünyasını dəyişmişdi.

Oxşar hadisə 4 gün əvvəl "Yeni Bakı" yaşayış kompleksi ərazisində də yaşanıb. 3 yaşlı körpə qız uşağı az qala bu "klient şəhvəti"nin qurbanına çevriləcəkdi. Allahdan uşaq yüngül xəsarət alaraq həyatda qala bilib.
Bir neçə gün əvvəl isə, sözügedən ərazidən universitetə dərsə gedən 19 yaşlı oğlan, taksilərin "klient yarışı" ucbatından həyatla vidalaşıb.

Hövsan qəsəbəsinə gedən yolda isə, demək olar ki, hər gün "1 manatlıq taksilər"in aşırı sürət və klientə ilk çatmaq səbəbindən qəza törətmələrinin şahidi oluruq.

Təəssüf ki, bu qədər neqativ hallara rəğmən, nə "manatlıq taksilər" bu şəhvətlərini yenə bilir, nə də aidiyyəti dövlət qurumları bu məsələyə əncam çəkir.

Əlaqədar

Şəmkirdə 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza baş verib
Türk vətəndaşı qəza törətdi
Qaraçılar dəhşətli qəza törətdilər
Ələt-Astara yolunda zəncirvarı qəza baş verib, ölən və xəsarət alanlar var
Gəncədə bir saat ərzində iki qəza baş verib
Teqlər:
Memar Əcəmi, Müşfiq, Hövsan, Masazır, Əhmədli, 20 Yanvar, taksi, metro, Sumqayıt

Əsas mövzular