20:57 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
29521

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın atasına hədiyyə etdiyi bayraq və Quranı qoruduğu üçün evi ziyarətgaha dönən adam.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 15 iyun-Sputnik. 1918-ci ilin mayın 28-də Tiflisdə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılır. Bakı daşnak-bolşevik-ingilis birlikləri tərəfindən işğal olduğundan, paytaxt ilk olaraq Gəncəyə köçürülür. Qafqaz İslam Ordusunun (QİO) da baş qərargahı Gəncədə yaradılır. Məhz bu ordunun gəlməsi ilə o dövrdə Azərbaycanın bir çox yerində ermənilər tərəfindən törədilən soyqırımın Gəncədə təkrarlanmasının qarşısı alınır.

Müstəqil Azərbaycan dövlətini müdafiə edən orduya Gəncə əhalisi öz xilaskarı kimi baxır. Gəncəlilər AXC-nin ilk addımlarını atmasına yardım göstərirlər. Bu insanlardan biri də müsahibimiz Fizuli Hüseynovun atası Əli Əmiraslanoğlu olub. Cümhuriyyətin Gəncə dövrünə göstərdiyi yardım və xidmətlərə görə QİO-nun komandanı Nuru Paşa şəhəri tərk edərkən Osmanlı dövlətinin bayrağına bükülü "Quran" kitabını onun atasına bağışlayır. Nuru Paşa hədiyyəni verərkən deyir: "Əli bəy, bizə etdiklərinin qarşılığı olaraq mənim üçün ən dəyərli olan bayrağımızı və Qurani-Kərimi sənə hədiyyə olaraq verirəm. Bunları yaxşı saxla. İllər keçəcək, biz olmasaq da, biriləri bunun arxasınca mütləq gələcək".

Bu sözlər düz 96 il sonra öz təsdiqini tapdı. Bayrağın sorağını eşidən sadə türk vətəndaşlarından tutmuş Türkiyənin keçmiş baş naziri olan Əhməd Davudoğluna qədər hər kəs onun qorunub saxlandığı evin ziyarətinə gəlib.

Biz də öz növbəmizdə bu ziyarətgaha çevrilən evə getdik və onun sahibi Fizuli Hüseynovla görüşdük. Çox məlumatlı və maraqlı həmsöhbət olan ev sahibi haqqında bəhs etdiyimiz dövrün canlı şahidi atasının danışdıqları əsasında bizə ötən əsrin əvvəllərinin Gəncəsi barədə geniş məlumat verdi.

"Nuru Paşa şəhərdən gedərkən Quran bükdülü bayrağı atama bağışlayıb"

"Atam deyərdi ki, Çar Rusiyası Birinci Dünya müharibəsindən çıxandan sonra orduda xidmətdən qayıdan şəhərin "Vtaroy Çast" adlandırılan hissəsində yaşayan ermənilər silahlanırlar. Hətta top da əldə edirlər. Gəncə çayının sağ sahilində yerləşən ermənilər şəhəri atəşə tutmağa başlayırlar. Bazara gedən, dükandan gələn, qadına kişiyə fərq qoymadan güllələyib camaatı qırırlar. Bu zaman Gəncəyə gələn Qafqaz İslam Ordusunun komandiri Nuru Paşa ermənilərə ultimatum göndərir ki təslim olun.

  • Türkiyənin o vaxtkı xarici işlər naziri Əhməd Davudoğu Fizuli Hüseynovun qonağıdır
    Türkiyənin o vaxtkı xarici işlər naziri Əhməd Davudoğu Fizuli Hüseynovun qonağıdır
    © Sputnik / Ilham Mustafa
  • Türkiyəli nazir ziyarətdən sonra Hüzeynovlar ailəsinə Quran kitabı, Türkiyə bayrağı və təsbeh hədiyyə verir
    Türkiyəli nazir ziyarətdən sonra Hüzeynovlar ailəsinə Quran kitabı, Türkiyə bayrağı və təsbeh hədiyyə verir
    © Sputnik / Ilham Mustafa
  • Fizuli Hüseynov Türkiyənin Baş Qərargah rəisi Hülusu Akar ilə
    Fizuli Hüseynov Türkiyənin Baş Qərargah rəisi Hülusu Akar ilə
    © Sputnik / Ilham Mustafa
  • Fizuli Hüseynov nəvəsi ilə
    Fizuli Hüseynov nəvəsi ilə
    © Sputnik / Ilham Mustafa
  • Fizuli Hüseynovun evindəki fotostend və tarixi əşyalar
    Fizuli Hüseynovun evindəki fotostend və tarixi əşyalar
    © Sputnik / Ilham Mustafa
  • Əmiraslan Hüseynovun tarixi şəkilləri və Nuru Paşanın hədiyyəsi olan Türkiyə bayrağının parçası
    Əmiraslan Hüseynovun tarixi şəkilləri və Nuru Paşanın hədiyyəsi olan Türkiyə bayrağının parçası
    © Sputnik / Ilham Mustafa
  • Ə.Davudoğlunun hədiyyə etdiyi Quran kitabı və ötən əsrin əvvəllərində yazılmış məktub
    Ə.Davudoğlunun hədiyyə etdiyi Quran kitabı və ötən əsrin əvvəllərində yazılmış məktub
    © Sputnik / Ilham Mustafa
1 / 7
© Sputnik / Ilham Mustafa
Türkiyənin o vaxtkı xarici işlər naziri Əhməd Davudoğu Fizuli Hüseynovun qonağıdır

Təslim olmadıqda qoşunu iki hissəyə bölən komandan bir dəstəni dağlıq ərazidə olan erməni kəndləri ilə əlaqəni kəsmək üçün İndiki Göygöl rayonu istiqamətinə göndərir. Qoşunun birbaşa özünün rəhbərlik etdiyi digər hissəsi ilə çayı keçərək ermənilərin əsas dəstələrinin üzərinə hücum edir. Az keçmir ermənilər təslim olur, tərksilah edilir. Onların həftədə bir dəfə bazara gəlib azuqə almalarına və onlara toxunulmayacağına zəmanət verilir. Bununla da Gəncədə müsəlman qırğınının qarşısı alınır. Bu hadisədən sonra Gəncə camaatı QİO-ya öz xilaskarı kimi baxır. Yerli camaat orduya əlindən gələn köməyi əsirgəmir. Məhz atamın da göstərdiyi yardımlara görə, Nuru Paşa şəhərdən gedərkən Quran bükdülü bayrağı ona bağışlayır."

Fizuli Hüseynov atasının Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bayrağı çox çətinliklə saxladığını deyir. Bayraq barədə bilinməsə belə, sürgündən möcüzə nəticəsində qurtardığını bildirir. F.Hüseynov atasının dediklərini belə nağıl edir:

"Azərbaycanı bolşeviklər tutduqdan sonra 1920-ci ildə Gəncədə üsyan baş verir. Üsyançılar şəhəri ələ keçirir. Üsyanı yatırmaq üçün Bakıdan hərbi qatar göndərilir. Şəhəri atəşə tutmağa başlayırlar. Atılan toplardan biri də bizim evə düşüb. Evimizin bəzi yerlərində hələ də güllə yerləri durur. Üsyan yatırıldıqdan sonra isə ermənilər əsgərlərin qabağına düşüb bir-bir göstərirlər ki, bunlar varlı olub, bunlar türklərə işləyib. Adamların üzünə durublar, onları tutdurublar. Atamı da aparıb həbsxanaya salıblar. Sürgün etməliymişlər, atam möcüzə nəticəsində xilas olub.

O deyirdi ki, üsyan vaxtı şinelli bir rus qaça-qaça küçəyə girir. Yalvarır ki, üsyançılar məni öldürəcək məni gizlədin. Qonşu onu evin zirzəmisində saxlayır. Atamı tutanda qonşunun qardaşını da tuturlar. Bir gün qonşu yemək gətirəndə bu rusu görür. Sən demə komissar imiş. Ona deyir ki, bizimkiləri də tutubsuz. Beləliklə, atam və qonşu azad edilirlər.

Atam həbsdən qurtulandan sonra bayrağı gizlədir. Əgər bilsəydilər ki, bizim evdə belə bir miras var, bütün ailəni sürgün edərdilər. Ona görə də, hədiyyəni evin damında gizlətsə də, atam onun yeri barədə heç kimə bir söz demir. Bizlərə bir ziyan gəlməsindən qorxur."

Nuru Paşanın əmanəti və Türkiyənin vəzifəli şəxsləri sadə gəncəlinin evinə axışır

F. Hüseynov evin damını dəyişəndə, təsadüfən Nuru Paşanın əmanətini tapır: "Ev qədim olduğundan damı dammağa başladı. 15-20 il bundan əvvəl evin damını dəyişəsi oldum. Oranı dəyişəndə bayrağı tapdım. Uzun illər torpaqda qaldığından müəyyən qədər çürümüşdü. Salamat yerlərini çərçivəyə salıb saxladıq. Bunu yalnız ailə üzvlərimiz bilirdi. Bir gün Nicat Dağlar adlı bir jurnalist dayım barədə yazmağa gəlmişdi. Söhbət əsnasında uşaq bu bayrağı gətirdi. Bayraq onda üzə çıxdı. Nicat Dağların sayəsində bu bayraq barədə məlumat yayıldı."

Bundan sonra Nuru Paşanın yadigarınını saxlandığı evə türklər axışıb gəlməyə başlayıb. "Birinci Türkiyənin Gəncə konsulu gəldi. Bizimlə görüşdü, bayraqla şəkil çəkdirdi. Bir gün konsul gəlib dedi ki, Sizə xarici işlər nazirimiz gəlmək istəyir. Dedim şərəf verər, buyursun gəlsin. Üç gün əvvəl qorumalar gəldi, getdi, hər yeri yoxladılar. 2014-cü ilin fevralında Əhməd Davudoğlu gəldi. Sonra bildim ki, 15 dəqiqəlik gəlməliymiş, amma 2 saatdan çox söhbət etdik" — deyə F.Hüseynov bildirir.

Onun sözlərinə görə, Əhməd Davudoğlu deyib ki, bu evdə təşəkkür namazı qılmaq istəyir: "O biri otağa keçdi, namaz qıldı."

Əhməd Davudoğu bu evdə Gəncə paxlavası yeyir və ailəyə hədiyyə verir: "Süfrəyə ailə üzvlərimizin bişirdiyi Gəncə paxlavası qoymuşduq. Davudoğluna dedim ki, mən Türkiyədə olmuşam, sizin gözəl şirniyyatlarınız var. Amma Gəncə paxlavasından heç yerdə yoxdur. Bir dilim də olsa yedi bizim paxlavadan. Gedəndə o da bizə Quran kitabı, Türkiyə bayrağı və təsbeh hədiyyə verdi."

"Ondan sonra bir gün səfirlikdən zəng etdilər ki, sizə Türkiyənin genəlkurmay başkanı Hülusu Akar gəlmək istəyir. Ailəsi ilə birgə gəldi. Bir müddətdən sonra konsul gəldi ki, sizə Türkiyə Kara Kuvvetleri komutanı gəlmək istəyir. O da gəldi, ailəsi ilə ziyarət etdi. Onlardan sonra bir çox insanlar, sadə türklər tez-tez gəlib gedir. Gələnlərin gətirdiyi hədiyyələrlə bir güşə yaratdım. Verilən hədiyyələri düzdüm bura." — deyə həmsöhbətimiz bildirir.

İsrafil Məmmədovu "qəhrəman edən" adam

F.Hüseynov söhbət zamanı bir acılı məqama da toxundu. Ona bu işlərdə yaxından kömək edən kiçik oğlu Vidadi 39 yaşında rəhmətə gedib. Ondan sonra çoxlu tədbirlərə çağırsalar da, Füzuli müəllim gedə bilməyib.
F.Hüseynov dayısı — ilk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovla bağlı da xatirələrini Sputnik-lə bölüşüb:

"O vaxt yadıma gəlir beş yaşım olardı. Hərbi formada oturub atamla söhbət edirdi. Dizinin üstündə oturmuşdum. Anam gözünü ağardır ki, düş, yorma kişini. Dayım da deyir dəymə, mən bunun sayəsində qəhrəman olmuşam. O qəhrəman olanda mən heç bir həftəlik olmamışam. Ona görə həmişə elə deyib. Yadımdadır ki, anam dedi ay İsrafil südlü aş bişirmişəm, sən xoşlayısan, bir qab ye. Dayım dedi yox ay bacı, boğazımdan keçmir, buranı yandırır. Onda baxdım ki, boğazı sarıqlıdır. Sonra bildim ki, ikinci dəfə cəbhəyə gedəndə boğazından güllə yarası alıb. Elə o yara da onu öldürdü."

F.Hüseynov İsrafil Məmmədovun iki dəfə Sovet İttifaqı qəhrəmanı olması barədə camaat arasında dolaşan fikirlərə də aydınlıq gətirib: "Düzü, biz camaatın dediyi kimi dayımın iki dəfə qəhrəman olmağına aid rəsmi sənədə rast gəlməmişik. O sənəd Kalininin əmrilə verilirdi. Döşündə də yalnız bir nişan görmüşük."

Füzuli Hüseynovun noyabrda 75 yaşı tamam olacaq. İki övladı, altı nəvəsi var. Hazırda təqaüdçüdür.

Əlaqədar

Gəncə qiyamından 23 il keçir
Gəncə
Azərbaycanın bu incisi təhlükə altında
Nuru Paşanın Şamaxını daşnaklardan azad etdiyi vaxtdan 97 il keçir
Teqlər:
Gəncə paxlavası, paxlava, Gəncə qiyamı, Qafqaz İslam Ordusu, Qurani-Kərim, Birinci Dünya müharibəsi, Çar Rusiyası, İsrafil Məmmədov, Nuru Paşa, Göygöl, Əhməd Davudoğlu, Gəncə, bayraq, Türkiyə, erməni, Fizuli Hüseynov, Gəncə, Azərbaycan

Əsas mövzular