CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yeganə qəbul etmədiyim qanun qadının ölməsidir"

© Sputnik / Irade CelilNəriman Həsənzadə, xalq şairi
Nəriman Həsənzadə, xalq şairi - Sputnik Azərbaycan
Abunə olmaq
Gözlərində qəribə bir kədər var. Danışdıqca uzaqlara baxır, susur, daha çox anasını xatırlayır, sonra vaxtsız itirdiyi Sarasını. Barışmaq istəmir onların itkisi ilə, üsyan edir ürəyində. Amma susur...

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Həyat dediyin nədir ki? Gözünü yumub-açırsan, bitir. Amma bu göz qırpımına elə bir həyat yaşayırsan ki, başqaları baxıb həsəd aparır. İçin özünü yandırır, çölün özgəni. Sən yeməyə çörək tapmayanda yaxın durmayanların, tək-tənha qaldığında əlindən yapışmayanların, sonra bir gün qapında növbəyə dayanır "qohumunam" deyə…

Susursan "Allahım, nə gözəl, mənim də qohumlarım varmış, qoy olsunlar" deyirsən. Səsini də çıxarmırsan onlara qarşı. Təki olsunlar deyə. Təki tək olmayasan deyə. Hər kəs yerində qalır, hər kəs istədiyini alır. Sən isə yenə böyük evində təksən. 

Bəlkə, daha tənha deyilsən, "qohumların" var. Amma təksən. Atan yoxdur, dünyaları ayağına sərməyi arzuladığın Anan yoxdur. Ömrünü paylaşdığın Saran yoxdur. O, yoxdur, bu, yoxdur. Dost dediyin, sığındığın, "dayağımdır" dediyin insanları bir-bir itirmisən. Kimi ansan, kimdən danışsan, "Allah rəhmət eləsin" deyirsən.

Telman Rüstəmov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Beşikdən başlayan əzablı ömür

Deyirsən, gecələri də təklikdən qorxursan. Ayılıb işıqları yandırırsan, elə bilirsən, kimsə var, nəsə var. Var! Tənhalığın yanındadır. Səni anbaan izləyən tənhalığın. İşıqları yandırsan da, qapıları açsan da, hətta gecələri yatanda telefonu yanında saxlasan belə, tənhalığın yanındadır. Bir tək o, səni sevir. Elə 1 yaşından. Etiraf etməsən də…

Boş — xatirələrlə dolu ev

On il əvvəl görüşmüşdüm onunla. "İçəri Şəhər" metrostansiyası yaxınlığında kiçik bir evi vardı. İndiki kimi yadımdadır, evinə girən kimi — sanki xatirələr gəldi üzərimə. Tək idi evdə. Amma ev dolu idi xatirələrlə. Danışdıq, söhbətləşdik, maraqlı bir müsahibə alınmışdı. Sevmişdim onu, səsini, duruşunu, davranışlarını. Qəhrəmanım idi. O zamanlar mənim qəhrəmanımın 75 yaşı vardı.

© Sputnik / Irade CelilNəriman Həsənzadə: "Qadın gözəllikdir, qadın sevgidir. Qadın yaşamalıdır"
Nəriman Həsənzadə: Qadın gözəllikdir, qadın sevgidir. Qadın yaşamalıdır - Sputnik Azərbaycan
Nəriman Həsənzadə: "Qadın gözəllikdir, qadın sevgidir. Qadın yaşamalıdır"

İllər sonra yenə görüşmək istədim. Dedim, evinizdə görüşək. Səmimi söhbət edək. Dedim, yəqin yenə o, evə çağıracaq məni. Xatirələr evinə. Bu dəfə yeni evinə dəvət etdi. Çox asanlıqla tapdım. Qəhrəmanım 10 yaş yaşlansa da, nə səsi, nə duruşu, nə də davranışları dəyişmişdi. Yenə o sevimli insan idi qarşımda…

Adı Vaqif olub əvvəllər, sonra dəyişiblər. 1932-ci ildə Qazaxın Poylu kəndində doğulub. Əslən Qıraq Kəsəmən kəndindən olsa da, atası işləmək üçün Poyluya gəlib. Elə Vaqif — Nəriman da Poyluda dünyaya göz açıb.

"Anam şirinçay içmirdi ki, qəndimiz qurtarar"

Həsənzadə Nəriman Əliməmməd oğlu — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Filologiya elmləri namizədi, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycanın xalq şairi, "İlin şairi" mükafatı laureatı. 30-dan çox kitab, 20-yə yaxın poema, 1 povestin müəllifidir.

"Nabat xalanın çörəyi" povesti anasına həsr edilib. Ümumiyyətlə şair yazdığı hər bir əsəri yaşayaraq yazdığı üçün onun əsərlərini oxuyan zaman şairi daha yaxından tanımaq mümkün olur.

"Atamın 63 yaşı varmış. Həyat yoldaşı dünyasını dəyişəndən sonra qohumları anamı qaçırıb ona gətirirlər. O zamanlar anamın 26 yaşı vardı. Atam onunla evlənir. Anam danışardı ki, atam özü də, arada çox yaş fərqi olduğu üçün utanarmış", — deyir.

Nərimanın 1 yaşı olanda atası dünyasını dəyişir. Anası çörək bişirərək tək balasını böyütməyə başlayır: "Yadımdadır, anam 16 rubla aldığı undan çörək bişirib satar, 20 rubl qazanardı və mənə kökələr bişirərdi. Həmişə mənə şirinçayı 2 stəkan verirdi. Bir gün soruşdum ki, "ana, sən niyə şirinçay içmirsən?". Dedi ki, "mən içsəm, qəndimiz tez qutarar". Anam belə əziyyətlə böyüdürdü, təhsil verirdi mənə".

"Amma atamın arxasınca danışmazdı. Hər zaman deyərdi ki, "Allah ona rəhmət eləsin, səni verib mənə". Atamın birinci evliliyindən bacı-qardaşlarım var idi. Amma mənə yaxın duran olmamışdı. Uşaqlıqdan tənha böyümüşdüm. Bircə anam var idi", — nəql edir qəhrəmanım.

"Komandirə dedim, anamın dəfninə buraxmasan, güllələyəcəm"

Anası sonradan ailə həyatı qurmaq istəmir. İstəmir ki, Nərimanın atalığı olsun. Ömrünü oğluna həsr edir.

© Sputnik / Irade CelilNəriman Həsənzadə
Nəriman Həsənzadə  - Sputnik Azərbaycan
Nəriman Həsənzadə

İllər keçir, Nəriman hərbi xidmətə yollanır. Hərbi xidmətdə olanda anasının ölüm xəbərini alır: "Ürəyim partlayırdı, boğulurdum. Anam mənimlə nəfəs alırdı. Mən hərbi xidmətdə olanda anam mənsiz yaşaya bilmir. Beyninə qan sızır və dünyasını dəyişir. Əsgər idim, postda dayanmışdım. Teleqram gəldi ki, "anan ölüb". Gəldim mayora vəziyyəti dedim ki, icazə alım. Dedi ki, olmaz ananın ölümü gərək təsdiq edilsin. Mənim heç kimim yox idi. Avtomatı çəkdim mayorun üstünə, dedim ki, qoymasanız, getməyə vuracağam. İzn verdi, çıxdım həyətə, məni əsgərlər dövrəyə aldılar. Hamısı da silahlı. Dedim, vuracağam. Hamısı silahını buraxdı. Qaçdım. Qaçıb mülki geyim geyinib rayona gəldim. Anamı dəfn edib, təkrar hərbi hissəyə qayıtdım".

İlyas İsgəndərov - Sputnik Azərbaycan
CƏMİYYƏT
82 yaşlı kişinin dramı: "Yoldaşım dedi, kişi deyilsən, pul tap..."

Sovet dövründə əsgərlikdən qaçmağın cəzası ağır imiş. Nərimanı hərbi tribunala verirlər. Danışır ki, Nigar Rəfibəyli olmasaydı, ona 6 il cəza verəcəklərmiş. O zamanlar Nəriman Yazıçılar İttifaqına yeni üzv olubmuş, Nigar Rəfibəyli və Rəsul Rza onun olduğu hərbi hissəyə gəlir, Nəriman vəziyyəti danışır. Nigar xanım və Rəsul Rza generaldan xahiş edib, Nərimanın tək olduğunu deyirlər. Bildirirlər ki, Yazıçılar İttifaqında yeni üzv olub, istedadlı gəncdir.

"İki rəfiqənin birini mən aldım, birini Xəlil"

"Gəncədə Pedaqoji İnsitutu bitirmişdim. Hərbi xidmətdən sonra Moskvaya gedib Qorki İnstitutunu bitirdim. İki ali təhsillə Azərbaycana qayıdanda düşünürdüm ki, deyəcəklər "gəl, işlə". Gördüm yox e, heç kimi maraqlandırmıram", — danışır xalq şairi.

Həmin dövrdə Mircəlal Paşayev onun köməyinə çatır: "Dedi, Nəriman, nə axtarırsan? Dedim, "iş axtarıram". Dedi, "iş axtarma, adam axtar. Adam da mən". Beləcə o, məni Universitetə apardı, mənə dərs verdi. Sizin illər əvvəl gəldiyiniz evi də mənə Mircəlal müəllim vermişdi. O evi oğlu Arifə almışdı, mənə bağışladı. O ev mənim xatirələr evimdir".

Nəriman Sara ilə uşaqlıqdan bir yerdə böyüyür. O, İnstitutda oxuyanda Sara hələ orta məktəbdə oxuyurmuş. Danışır ki, xoşu gələn qızların yanına da Saranı göndərirmiş. Ancaq kiçik ürəyində böyük sevgi yaşadan Sara bütün qızları Nəriman üçün pisləyir, onları Nərimandan uzaq tutmağa çalışırmış.

1957-ci ildə isə Sara ilə ailə həyatı qurur: "Xəlil Rza Uluturkün həyat yoldaşı Firəngiz xanımla Sara rəfiqə idi. Birini mən aldım, birini Xəlil. Getdim Salyanda Xəlilin sağdışı oldum. O da Gəncəyə gəlib mənim sağdışım oldu. O illərdən mənə Firəngiz qalıb ancaq".

İki övadları — bir qız və bir oğulları gəlir dünyaya. Amma Sara çox yaşamır. Amansız xəstəlik onu Nərimandan alıb aparır.

"O, öləcəyini bilirdi…"

Şair deyr ki, Sara tez öləcəyini bilirmiş. Hər zaman Nərimana deyərmiş ki, o, 50 yaşdan çox yaşamayacaq. Nəriman isə hər zaman bu fikirləri uzaqlaşdırmağa çalışır. Sara dünyasını dəyişəndən sonra Nəriman Nekrasovun kitabının arasında Saranın əl yazmasını tapır. Orda yazılırdı: "Mən Nekrasovu qız vaxtımda çox sevirdim. Arzulayırdım ki, kaş, mənim də yoldaşım şair olaydı. Gəldi, yoldaşım şair oldu".

Nəriman Həsənzadə danışır ki, Sara xəstələnəndə dərmanlarını tapmaq çətin imiş və bu işdə Heydər Əliyev ona çox böyük kömək edir: "O zamanlar Heydər Əliyev Nazirlər Sovetinin birinci müavini idi. Zərifə xanımın qəbri üstünə getmişdim. Orada Heydər Əliyevlə qarşılaşdım. Vəziyyəti danışdım. Xəstəxanaya gələndə gördüm ki, hamı nəsə etməyə çalışır. Çünki Heydər Əliyev tapşırmışdı. Tapılmayan dərmanlar tapılmışdı. Heydər Əliyevin yardımı ilə Sara bir il daha yaşadı. Həmişə deyirdi ki, gedib özüm ona təşəkkür edəcəyəm".

Sara yaşının 50-də dünyasını dəyişir. O zamanlar artıq Nəriman Həsənzadənin qızı ailə həyatı qurubmuş. Şair oğlu ilə tək qalır. Anasının ölümü ilə barışmayan şairin oğlu da gec ailə həyatı qurur: "Oğlum 1963-cü ildəndir. Amma 3 yaşında oğlu var. Deyirdi, evlənməyəcəyəm. Amma şükür olsun, evləndi. Təklik çox qorxuludur. Əvvəllər tək olmağı arzulayırdım əsər yazmaq üçün. Allah səsimi eşitdi. İndi deyirəm "Ay Allah, tək olmaq istəmirəm".

Böyük Vətən Müharibəsi  iştirakçısı Əbdülağa Cavadov - Sputnik Azərbaycan
SOCAR-ın vitse-prezidentinin atası: "Bütün ordu rəhbərliyini asdılar"

"Hərdən vahimələnirəm — sanki kimsə məni çağırır"

Evini gəzdirir mənə. Deyir ki, bu evi ona prezident İlham Əliyev hədiyyə edib: "Günün çox hissəsini burda oluram, amma yatmağa o biri evimə gedirəm. Orada illərim keçib, bura isə yavaş-yavaş öyrənirəm. Həm də burada qorxuram. Bir dəfə Bəxtiyar Vahabzadəyə dedim ki, ay Bəxtiyar, mən gecələr qorxuram, işığı yandırıram. Bilmirəm nədəndir. Dedi ki, "sən yaxşısan, mən çarpayının da altına baxıram". Sonra düşündüm ki, hə, mən tək deyiləm. Amma tək qalanda düşünürəm ki, kimsə məni çağırır, kimsə var. Vahimələnirəm".

Gözlərində qəribə bir kədər var. Danışdıqca uzaqlara baxır, susur, daha çox anasını xatırlayır, sonra vaxtsız itirdiyi Sarasını. Barışmaq istəmir onların itkisi ilə, üsyan edir ürəyində. Amma susur. Təkliyi də sevmir. Daha əvvəllər olduğu kimi əsər yazmaq üçün tənha qalmağı da arzulamır. Deyir ki, həyatda qəbul etmədiyi yeganə qanun qadının ölməsidir. "Qadın gözəllikdir, qadın sevgidir. Qadın yaşamalıdır" —deyir.

Zarafatla deyirəm, "Nəriman müəllim, gəncliyinizdə yəqin çox qız pərəstişkarınız olub". Deyir "hə, yazıq Sara o qədər narahat olurdu ki. Deyirdim nə edək, sən də şairə deyil, mühəndisə ərə gedərdin".

Bu gün şair, dramaturq Nəriman Həsənzadə ilə söhbətləşdik. Onunla zaman o qədər tez keçir ki, saatın necə keçdyini hiss etmirsən. Onunla söhbət o qədər maraqlıdır ki, yaz, yaz bitməz…

Sən məni bu qədər gözlətməmişdin,
Belə qoymamışdın gözümü yolda.
Bu qədər özünü gizlətməmişdin,
Gizlənpaç oynayan vaxtımızda da.
Hayana getsən də, dönmüşdün yenə,
Qayıdıb gəlmişdin mənsiz darıxıb.
Bu dəfə bilmirəm nə olub sənə,
Gedibsən, qayıtmaq yadından çıxıb.
Qalıb evimizdə palın paltarın,
Tələsik gedəndə kimə deyibsən?!
Qapının ağzında başmaq tayların,
Yolda ayağına bəs nə geyibsən?!
Solub pianonun üstündə güllər,
Təzə pərdələri yandırıbdır gün.
Sənin bişirdiyin o mürəbbələr
İçilib qurtardı hardasan özün?!
Bu axşam qəribə bir hiss keçirdim,
Nə tez ömür ötdü, yaş əlli oldu,
Sənin ad gününü sənsiz keçirdim,
Şəkilin yeganə təsəlli oldu.
Şirin söhbətindən olmayıb doyan,
Çağır qonşuları doyunca gülək:
Mənsiz gördünüzmü dözmür Nəriman.
Sənə qurban olum sən görmədin tək…

Xəbər lenti
0