18:10 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
360 0 0

Körpəlikdə dayısı onun beşiyini çevirir və uşaq xəsarət alır. Valideyinləri isə onu illər sonra - 8 yaşında aparırlar həkimə. O zaman artıq gec olur...

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Bəzən həyatda hər şey olduğu halda, şükr etməyi bacarmırıq. Əlimiz-ayağımız yerində, danışmağı, işləməyi, fikirlərimizi çatdıra bilməyi, gəzməyi-dolanmağı, yazmağı-oxumağı bacardığımız halda, yenə həyatımızdan narazılıq edirik.

Kiçik evi olan böyük ev arzulayır, ucuz avtomobili olan bahalı avtomobil, az maaşlı işi olan daha çox qazanmaq istəyir. Sağlam insan güzgüyə baxır, "burnum əyridir, dodağım nazikdir" və sair deyib Allahın yaratdığına qarşı çıxıb özünü dəyişməyə çalışır.

Qısacası, bu həyatda heç kim ona verilənlə, haqqı olanla qane olmur. Daha yaxşısını, daha mükəmməlini əldə etməyə can atır. İnsanın xilqətində var, hər zaman özündən yuxarıya baxıb istəyir, heç vaxt özündən aşağıda olanı gözü görmür. Və insan mükəmmələ doğru çırpındıqca ömür də keçir.

Bəzi inanlar isə, əlində olanla razılaşıb, hər halına şükr edir. Telman Rüstəmov kimi…

Telman körpə olanda beşiyi çevrilir, beşikdən düşən uşaqla valideyinləri o zaman maraqlanırlar ki, artıq müalicəsi mümkün olmur: "Körpəlikdə dayım nənnimi (o dövrlərdə havada asılan beşik — təxminən 1-1,5 metr hündürlükdə olurdu) çevirib. Düşüb xəsarət almışam. Valideyinlərim məni 8 yaşında aparıblar həkimə. Onda da deyiblər ki, artıq gecdir".

O, qüsurunu qəbul edib yaşamağa başlayır. Əvvəlcə anası baxır ona. Daha sonra anası da dünyasını dəyişir və tək qalır bu həyatda. Bir gün uzaq qohumlarından biri onun üçün dayə tutur və hər şey də elə bundan sonra başlayır. Telman evlənir…

Həyat yoldaşı Gülnaz danışır ki, Telmanla tanışlığı qəribə olub: "Məni gətirmişdilər ki, Telmana baxım. Dayəlik edirdim. Cəmi 15-20 gün baxdım ona. Sonra təklif etdi ki, "sən kasıb qızısan, mən də qüsurlu. Mən utanıram sən mənə toxunanda. Gəl evlənək. Nə edirdimsə, utanırdım. Yəni o, heç nə edə bilmir, hər şeyini mən edirəm. Evləndim. Artıq 4 ildir bir yerdə yaşayırıq. Bir oğlumuz da var".

  • Telman Rüstəmov
    Telman körpə vaxtı beşikdən düşərək xəsarət alır
    Irade Celil
  • Telman həyat yoldaşı Gülnaz xanımla
    Telman həyat yoldaşı Gülnaz xanımla
    © Sputnik / Irade Celil
  • Telmanla Gülnazın bu nikahdan 2 yaşlı bir oğlu da var
    Telmanla Gülnazın bu nikahdan 2 yaşlı bir oğlu da var
    © Sputnik / Irade Celil
  • Rüstəmovlar ailəsi hazırda ikinci övladlarının dünyaya gəlməsini gözləyirlər
    Rüstəmovlar ailəsi hazırda ikinci övladlarının dünyaya gəlməsini gözləyirlər
    © Sputnik / Irade Celil
  • Ailəsi Maştağa qəsəbəsinin yağınlığında, Savalanda kirayə yaşayır; onların maddi yardıma ehtiyacı var
    Ailəsi Maştağa qəsəbəsinin yağınlığında, Savalanda kirayə yaşayır; onların maddi yardıma ehtiyacı var
    © Sputnik / Irade Celil
1 / 5
Irade Celil
Telman körpə vaxtı beşikdən düşərək xəsarət alır

T. Rüstəmov 140 manat təqaüd alır və evin də kirayəsi 140 manatdır: "Gülnaz da 120 manat alır. Bir oğlum da var, yoldaşım yenə hamilədir. Necə dolandıracağımı bilmirəm. Nə əlim tutur, nə də ayağım".

Dediyinə görə, həyat yoldaşı təhsilsizdir, adını yazmağı da bacarmır: "Bircə qol çəkməyi öyrənib, o da əyri-üyrü. Nəsə bacarsaydı, gedib işləyə bilərdi. Heç olmasa mağazada satıcı işləyərdi. İndi çox çətinlik çəkirik. Borcla dolanırıq. Dövlətin verdiyi 140 manat təqaüd və 120 manat sosial yardım bizə çatmır".

Rüstəmovlar ailəsi Maştağa qəsəbəsinin yağınlığında, Savalanda kirayə yaşayır. Ailənin maddi yardıma ehtiyacı var. Telman əlil olduğu üçün heç yerdə işləyə bilmir. Amma bu ailənin 2 yaşlı bir övladı və dünyaya gəlişini gözləyən körpələri var.

G. Rüstəmova deyir ki, hamiləliyə qarşı heç nə bilmir: "Bir uşaq var da. İkincisini neyləyirdim ki… Amma nə edim, bilmirəm. Həkimə getməyə isə imkanımız yoxdur. Bəzən olur ki, evdə yeməyə heç nə tapmırıq. O zaman da mağazalardan nisyə götürürəm. Sonra da pul alan kimi o borcları ödəyirik. Əlimizdə heç nə qalmır. Nə olsun ki, savadsızam və Telman əlildir?! Biz də yaxşı yaşamaq istəyirik. Heç olmasa, özümüzə aid bir otaqlı evimiz olsun və ya bir parça torpağımız olsun. Toyuq-cücə saxlayıb dolanardıq".

Telman danışdıqca, hər dəfəsində bu hala düşdüyü üçün valideyinlərini günahlandırır: "Əl açıb, dilənməkdən qorxuram, amma nə edim ki, dolanmaq çətindir…".

Qapıdan çıxanda deyirəm ki, sənin ailənlə kimsə maraqlansa, telefon nömrənizi verəcəyəm, əlaqə saxlayacaqlar. "İnanmıram, kimsə mənə yardım etsin. Hamı söz verir, əməl edən yoxdur" deyir.

Gülnaz məni qapıya qədər ötürür və deyir ki, "nə olar, əlindən gələni et ki, kimsə bizə dəstək olsun".

Sağollaşıb ayrılıram. Yolboyu Telmanın çarəsiz vəziyyəti gözümün önündən getmir. Və başa düşürəm ki, biz insanlar həqiqətən naşükürük. Sağlamlığımız ola-ola, yenə narazıyıq, yenə daha yaxşısını istəyirik. Düşünürəm, Allah özü belə insanları qarşımıza çıxrarır ki, baxıb nəsə ibrət götürək.

Bu da bir insan taleyidir. Təzə doğulanda valideyn məsuliyyətsizliyi nəticəsində şikəst olmuş Telman Rüstəmovun taleyi. Kimsə ailəyə həyan olmaq istəsə, telefon nömrələrini redaksiyadan götürə bilər.

Bizi izləyin. İzləyin ki, daha fərqli həyatlarla tanış olasınız.

Əlaqədar

Ölümlə çarpışan hərbçinin maaşından pul tutulur
Şəhid anasının son arzusu: "Bircə biləydim..."
İtkin neftçi hər gecə xanımının yuxusuna girir
Heyrətamiz gənc rəssam: sağlamlığına qovuşmaq istəmir
Teqlər:
Gülnaz Rüstəmova, Telman Rüstəmov, naşükür, şükür, həyat hekayəsi, əlil, həyat

Əsas mövzular