04:27 26 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
33212

Haqqı olmaya-olmaya, 6 il ərzində külli miqdarda özgə vəsaitini mənimsəməklə, korrupsiya əməli törətmiş yaşlı kənd qadınını necə ifşa etdik?

BAKI, 11 may — Sputnik. Yalan-gerçək, deyilənə görə, İkinci Dünya Müharibəsində yəhudilərin axırına çıxmağı qarşılarına məqsəd qoyan almanlar, sünnət olunmuş bütün əsirləri öldürürmüşlər. Sonradan onları başa salıblar ki, "ay balam, əl saxlayın, cinsiyyət orqanı dəlləyin əlinə keçənlərin hamısı yəhudi deyil, ağıllı deyil, ağıllı millətlər üçün təhlükəli deyil"…

Və beləcə, faşist süngüsündən qurtulmuşuq. Əslində, məsələnin bir qismini doğru deyiblər — bizim kimsəylə, hələ-hələ ağıllı xalqlarla işimiz olmaz. Amma digər tərəfdən, həmin fikrin müəllifləri böyük tarixi yanlışlığa yol veriblər.

Bəli, biz yəhudi ola bilmərik, onlar qədər ağıllı olmağımız da müzakirə mövzusu deyil. Lakin, öz çapımızda kifayət qədər ağlımız da var, təhlükəli tərəfimiz də.

Məsələn, şəhid qardaşının "qan pulu"nu bankomatdan oğurlamaq hansı millətin ağlına gələr? Gəlin, şəhid anasının bank kartına köçürülən həmin vəsaiti "əritmək" üçün düşündüyümüz ssenarinin incəliklərinə nəzər salaq:

Deməli, 2006-cı ilin dekabrında "Şəhid Ailələrinin Sosial müdafiəsini gücləndirmək" məqsədilə verilən Prezident fərmanına uyğun olaraq, 2007-ci ilin yanvarında şəhid Mübariz Muradovun anası Əsli xanıma 100 manat Prezident təqaüdü kəsilir. Əvvəlcə, diqqətləri çəkməmək üçün, qadının bu puldan bir balaca yararlanmasına şərait yaradırıq — həmin ilin dekabrınadək Muradova o puldan müəyyən hissəni kartından çəkir.

Sonra ara qarışıb-məzhəb itəndə, hansısa bəhanə tapıb karta köçürməni "dondururuq". Deyirik ki, "voopşe", sən oğlunun səngərdə deyil, səngərdən yarım metr kənardakı kazarmada ölmədiyini sübut elə.

Qadın vurnuxur, qaçır "voenkomat"a ki, bəs balamın müharibədə şəhid olduğuna dair sənəddən-filandan verin. Müdrik görkəmlə qadını və toz basmış qovluqları nəzərdən keçirdikdən sonra buyururuq: "Anam, oğlunla bağlı əlimizdə olan sənədlərin üstü pozulub, üzərinə nə yazıldığı dəqiq oxumur. Tak şto, arayış-marayış verəmmərik, inciməginən"…

1995-ci ilin soyuq qış ayında, Murovdağda baş vermiş hadisə. O arxivləri bizdən başqa kim eşələyəsi, həqiqəti tapıb çıxarası, ədaləti bərpa edəsi… Qarşımızdakı da yaşlı, xəstə bir kənd qadını.

Yuxarılara məktubmu yazır? Nə gözəl! Bu kabinetdə oturub "ay ana, biz nə deyirik ki… filan yerdən arayış gətir, biz də öz üzərimizə düşəni edək" deyə incikliyimizi büruzə veririk. Ardınca sinə-sinə o biri kabinetə keçirik və ağıllı görkəm alıb çarəsiz qadına üzrxahlıq edirik: "İnan ki, o sənədin üzərindəki cümlənin bircə hərfi oxunsaydı, dərhal bir arayış yazıb verərdik. Sən Allah, üzrlü say…".

Nəticədə bu münasibətdən inciyən Əsli arvad, bir daha nə bu kabinetimizin, nə o birinin, nə də yuxarıların qapısının həndəvərinə hərlənir. Fürsət bu fürsət, anasına çatmalı olan 11350 manatlıq şəhid təqaüdünü 2008-ci ildən taaa 2014-cü ilə qədər nuş edirik.

Günlərin bir günü ana haradansa xəbər tutur ki, sən demə, oğlunun "qan pulu" heç də dondurulmayıbmış, son qəpiyinədək hesaba köçürülüb və plastik kartdan çıxarılıbmış. Başlayır hay-küy salmağa, ora-bura yazmaqla hədələyir bizi. Amma "B" planımızdan xəbərsizdir.

Yəni: Bilirsən nə var, oğlun birbaşa erməni gülləsindən ölməyib, Murovdağda şaxtadan donub (qadın əsaslandırası deyil ha, oğlu Murovdağa istirahətə getməmişdi). Deməli, sən bizi dolandırmısan, haqqın olmaya-olmaya 6 il ərzində külli miqdarda özgə vəsaitini mənimsəməklə, korrupsiya əməli törətmisən. Di, qaytar!

Əsli Muradova və Mübariz Muradov
© Photo : Ə.Muradovanın şəxsi arxivi

Hətta, əməli ifşa edilmiş şəxsin barəsində mətbuatın sorğusunu da qətiyyətlə cavablandırırıq: "Ə. Muradovaya 01 yanvar 2008-ci il tarixdən 01 sentyabr 2014-cü ilədək, onun ailəsinə Prezident təqaüdü kimi ödənilmiş ümumilikdə 11315 manat məbləğində vəsaitin dövlət büdcəsinə geri qaytarılması haqqında rəsmi məktubla xəbərdarlıq edilib. Lakin o, həmin vəsaiti almadığını və başqaları tərəfindən mənimsənildiyini iddia edir. Aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, o, təqaüdü barat şəklində nəğd formada alaraq, bunu hər dəfə öz imzası ilə təsdiq edib".

Təəssüf ki, bu məsələ əndazəsindən çıxır, saytlara-zada yansıyır, hətta hansısa deputat da dözməyib, bizə barmaq qıcayır. Məcburiyyətdən, köhnə palan içi tökülür, hansısa görüntülərin olduğu üzə çıxır. Yeni araşdırmalar başlayır. Amma, qəti ürəyimizi sıxmırıq. Əsli ananın haqqını yeyən o işbazları mütləq tapıb, qanun qarşısına çıxaracağıq. Yaşasın ədalət!

Əlaqədar

Əsgərimiz şəhid olub
Şəhid hərbçilərimizin kredit borcları bağlandı
Şəhid kəşfiyyatçımızın xatirəsi anılıb
Minlərlə insan Azərbaycanın şəhid gizirini son mənzilə yola saldı
Deputat şəhidin yas mərasimində iştirak edib
Cəbhə bölgəsindən son xəbər: 16 şəhidimiz var, ermənilərin 70 əsgəri məhv edilib
Teqlər:
Murovdağ, qan pulu, təqaüd, şəhid, hərbi

Əsas mövzular