22:36 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0390
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
4173

Zahid Oruc: "Müharibə gedən bir ölkədə şəhid ailəsinə çatacaq vəsaitin hansısa məmurlar tərəfindən yeyilməsi utancvericidir. Hansı şəraitdə ölməsindən asılı olmayaraq, xidməti borcunu yerinə yetirərkən həlak olan əsgər şəhiddir"

Ülkər Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 28 apr — Sputnik. Müharibənin dəhşətlərini yaşadığımız, şəhidləri bayrağa büküb torpağa verdiyimiz, onların doğmalarını təsəlli etməyə söz tapmadığımız bu günlərdə, bir şəhid ailəsinin başına gətirilənlərdən yazmaq məcburiyyətindəyik. Hər halda müharibə aparan, torpaqlarının 20 faizdən çoxunun işğal altında olduğu bir ölkədə şəhid ailələrinə hörmətin vacibliyini xırdalamağa ehtiyac yoxdur.

Hələ Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə, Müdafiə Nazirliyinə, hüquq-mühafizə orqanlarına bunu başa salmağa heç ehtiyac olmasın, gərək. Buraxın hörməti, nəvazişi, biz bu yazıda sözügedən qurumların şəhid ailəsinin qanunla təsbit olunmuş hüquqlarını tanımaq, bərqərar etmək istəməməsindən yazacağıq. Hətta yazacağıq ki, yerlərdə oturan xırda məmurların yarıtmaz fəaliyyəti, süründürməçiliyi, bürokratik əngəlləri, başqalarının haqqına girmələri, şəhid ailəsinə ödənilməli olan 3-5 quruşa rəzilcəsinə göz dikmələri nəticəsində, insanlar nə qədər mənəvi işgəncələrə məruz qalırlar. Gəlin şəhid anas Əsli Muradovanın Sputnik-ə göndərdiyi, ürək dağlayan məktubuna nəzər yetirək:

"Balamı geri qaytarsınlar…"

"Həyat yoldaşımı erkən itirmişəm və halal zəhmətimlə 9 uşaq böyütmüşəm. Həyatda heç nə məni övladımı itirməyim və uğrunda şəhid olduğu vətənində məmurların ona qarşı heç bir qanuna, etikaya sığmayan hərəkətləri qədər yaralamayıb. Bu münasibət məni həyatımdan küsdürüb. Amma qərara gəlmişəm ki, son nəfəsimə qədər şəhid balamın haqqını yeyənlərə qarşı mübarizə aparım.

1995-ci ilin 27 dekabrında oğlum Mübariz Muradovun əsgərlikdən cənazəsi gəldi. Cənazəni gətirən hərbi hissənin zabit heyəti, rayon icra hakimiyyətinin nümayəndələri, "oğlunuz şəhiddir", deyə mənə təskinlik verdilər. O, günlərdə tək təsəllim oğlumun məhz şəhidlik zirvəsinə yüksəlməsi idi. Hərbi hissənin verdiyi arayışda da oğlumun Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olduğu göstərilmişdi. Bərdə rayon İH-dan mənə şəhid ailəsinin vəsiqəsi verilmişdi. "Təkcə mənim övladım şəhid olmayıb ki, elnən gələn qara gün toy-bayramdır" — deyə özüm-özümə təsəlli verirdim. Amma Bərdə rayon ƏSMM mənim yaramın üstünə duz tökdü, balamın şəhid adını şübhə altına aldı.

Əlbəttə, nə şəhid adı, nə də hər hansı imtiyaz, vəsait mənim balamı geri gətirmək qüdrətində deyil. Əgər verə bilirlərsə, balamı geri versinlər. Çünki məndən ötrü dünyada balamdan qiymətli heç nə yoxdur. Əgər balamı geri verə bilmirlərsə, heç olmasa onun ruhunu incitməsinlər, onun anasının, doğmalarının heysiyyatı ilə oynamasınlar".

Arayış üçün bildirək ki, M.Muradov 1995-ci ilin iyulunda hərbi xidmətə çağırılıb. Murovdağda ön mövqedə xidmət edib. 26 dekabrda Azərbaycanın ərazi bütövlüyü uğrunda Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub.

Bərdə rayon Hərbi Komissarlığı tərəfindən 1996-cı ildə verilmiş ölüm kağızı
© Photo : Ə.Muradovanın şəxsi arxivi
Bərdə rayon Hərbi Komissarlığı tərəfindən 1996-cı ildə verilmiş ölüm kağızı

2006-cı ilin dekabrında "Şəhid Ailələrinin Sosial müdafiəsini gücləndirmək" məqsədilə verilən Prezident fərmanına uyğun olaraq, 2007-ci ilin yanvarından dekabrına qədər hər ay M. Muradovun anası 100 manat prezident təqaüdü alıb. 2008-ci ildə isə Bərdə rayon ƏSMM ona bu vəsaitin dayandırıldığını bildirib və təqaüdün yenidən ödənilməsi üçün Hərbi Komissarlıqdan şəhid statusu barədə arayış tələb edib. HK Hərbi hissənin arayışında "ölümün səbəbi barədə aydın yazılmadığını" bəhanə gətirərək M. Muradovun şəhidliyini təsdiq edən arayışı verməkdən imtina edib.

Ana 7 il ərzində onun adından təqaüdü kimin aldığını axtarır

Bu münasibətdən inciyən ana bir daha nə HK-ya, nə də DSTX ƏSMM-ə müraciət etməyib. Səhhətindəki problemlər də buna imkan verməyib.

2014-cü ilin noyabrında Bərdə rayon ƏSMM yenidən şəhid statusunu təqdim etmək üçün anaya məktub göndərib. Yenə HK-dan arayış tələb olunub. Yenə eyni nəticə.

2015-ci ilin iyun ayında ana xəbər tutub ki, Bərdə rayon ƏSMM-də onun adından 2008-ci ildən üzü bəri bütün təqaüdlər alınıb. Ana bu təqaüdlərin kim tərəfindən alındığını aydınlaşdırmaq məqsədilə Bərdə rayon ƏSMM-in direktoru Raquf Məmtiyevə və Bərdə RPŞ-yə müraciət edib. RPŞ-nin müstəntiqi A. Mehdiyevin apardığı təhqiqat işi, cinayət əməli kimi qiymətləndirilməyərək rədd edilib. Baxmayaraq ki, şəhid anasına çatmalı olan ümumilikdə 11350 manat pulun kim tərəfindən mənimsənildiyini aşkar etmək lazım idi.

Ana bildirir ki, bu vəsaiti o almayıb. Çünki əlində fakt olaraq, bu vəsaitin dayandırılması barədə 2008-ci ildə Prezidentə ünvanladığı məktub var. Məntiqlə, o pulu ala bilmək üçün HK ona oğlunun şəhid olması barədə arayışı verməli idi. Amma HK onu verməkdən imtina edib. Bəs necə olub ki, ƏSMM, tələb etdiyi arayış qadına təqdim edilməmiş, o vəsaiti şəhid anasına ayırıb?

Bərdə rayon Prokurorluğunun göndərdiyi məktub
© Photo : Ə.Muradovanın şəxsi arxivi
Bərdə rayon Prokurorluğunun göndərdiyi məktub

2015-ci ilin 2 noyabrında Bərdə rayon Prokurorluğuna edilən müraciət əsasında RPŞ-nin qərardadı ləğv edilərək yenidən polis təhqiqatına göndərilib. O vaxtdan bəri xeyli müddət keçsə də, hələ də təhqiqatdan bir xəbər çıxmayıb.

"Mən neçə aydır, xəstə canımla yollarda, məmurların qapılarında qalmışam. Mən nəinki övladımın şəhidlik statusunu məmurlara qəbul etdirə bilirəm, üstəlik mənə çatacaq vəsaiti mənimsəmiş o məmurların şərinə, böhtanına məruz qalıram. Hələ də DSTX-nin Bərdə rayon ƏSMM və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mənim şəhid ailəsi statusumu təmin etmir. Onlar qanunsuz yollarla mənimsədikləri pulları da utanmadan mənim üzərimə atırlar", — deyə Əsli Muradova bildirir.

ƏSMM şəhid ailəsinə çatmayan pulu geri tələb edir

Sputnik bu məlumatları araşdırmaq məqsədilə ƏƏSMN-nə müraciət edib. Nazirlikdən müraciətimizə verilən cavabda bildirilir: "Ölkəmizdə hər bir şəhid ailəsinə daim hörmət və ehtiram göstərilir, onlar dövlət tərəfindən hərtərəfli qayğı ilə təmin olunurlar. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən, 2007-ci ilin yanvar ayından şəhid ailələrinə Azərbaycan Prezidentinin aylıq təqaüdü də təyin olunaraq ödənilir və Ə. Muradovanın ailəsi də şəhid ailəsi kimi Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunub.

Bərdə RPŞ tərəfindən Əsli Muradovaya göndərilən rəsmi məktub
© Photo : Ə.Muradovanın şəxsi arxivi
Bərdə RPŞ tərəfindən Əsli Muradovaya göndərilən rəsmi məktub

Lakin 2014-cü ilin avqust ayında şəhid ailələrinin sənədlərinin araşdırılması zamanı Ə. Muradovaya aid sənədlər arasında onun oğlu, hərbi xidmət zamanı vəfat etmiş Muradov Mübariz Heydər oğlunun şəhid statusunu təsdiq edən arayış olmadığı məlum olub. Bu səbəbdən onun ailəsinə Prezident təqaüdünün ödənişi 01 sentyabr 2014-cü il tarixdən dayandırılıb və Ə. Muradovaya rəsmi məktubla müraciət edilərək, şəhid statusunu təsdiq edən arayışı Bərdə rayon ƏSMM-ə təqdim etməsi tövsiyə olunub. Ötən müddətdə Ə. Muradova həmin arayışı təqdim etməyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən verilən arayışda Ə. Muradovanın oğlu M. Muradovun 1995-ci ilin 27 dekabr tarixində Murovdağ ərazisində məhz xəstəlik nəticəsində vəfat etdiyi və Şəhid statusunun olmadığı bildirilib.

Qeyd olunanlar nəzərə alınaraq, Bərdə rayon ƏSMM tərəfindən Ə. Muradovaya 01 yanvar 2008-ci il tarixdən 01 sentyabr 2014-cü ilədək onun ailəsinə Prezident təqaüdü kimi ödənilmiş ümumilikdə 11315 manat məbləğində vəsaitin dövlət büdcəsinə geri qaytarılması haqqında rəsmi məktubla xəbərdarlıq edilib. Lakin o, həmin vəsaiti almadığını və başqaları tərəfindən mənimsənildiyini iddia edir.
Bərdə rayon ƏSMM tərəfindən qeyd olunan vəsaitin kimin tərəfindən alınmasının araşdırılması üçün Bərdə rayon Polis şöbəsinə müraciət edilib. Aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, Ə. Muradova ilk vaxtlar təqaüdü Bərdə rayon ƏSMM-dən barat şəklində nəğd formada alaraq bunu hər dəfə öz imzası ilə təsdiq edib.

"Kapitalbank" ASC-nin Bərdə rayon filialı tərəfindən verilən 18 sentyabr 2015-ci il tarixli arayışa əsasən, Ə. Muradova təqaüdün bankomatdan alınması üçün ilk plastik kartı 2009-cu ilin may ayında, növbəti plastik kartı isə 2014-cü ilin yanvar ayında öz imzası ilə həmin filialdan şəxsən götürüb. Araşdırmanın nəticəsi olaraq, Ə.Muradovanın ailəsi üçün nəzərdə tutulan təqaüdlərin heç də başqaları tərəfindən mənimsənilmədiyi və məhz onun özü tərəfindən alındığı, bu məsələdə cinayət hadisəsinin olmadığı təsdiqini tapıb.

Göründüyü kimi, Ə.Muradova ona ödənilmiş vəsaiti dövlət büdcəsinə geri qaytarmaq istəmədiyi üçün həmin vəsaitin onun özü tərəfindən alınmadığını və guya kiminsə tərəfindən mənimsənildiyini iddia edir ki, bu iddia da tam əsassızdır. Əlbəttə, oğul itkisi ana üçün ağır dərddir və Ə. Muradovanın oğlunun gənc yaşında vəfat etməsi səbəbindən bir ana kimi onun hansı ağır hisslər keçirdiyi başa düşüləndir. Lakin Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan aylıq təqaüdləri məhz həmin ailələrə ünvanlanmalıdır və bu sahədə qanunvericiliyin tələbinə ciddi riayət olunmalıdır".

Müdafiə Nazirliyi 40 gün ərzində əsgərin hansı şəraitdə öldüyü barədə arxivdən məlumat tapa bilməyib

Sputnik Mübariz Muradovun əslində hansı şəraitdə öldüyü barədə məlumat almaq üçün Müdafiə Nazirliyinin Arxiv İdarəsinə 14 mart 2016-cı il tarixində məktubla müraciət edib. 26 aprel 2016-cı il tarixinə qədər bu məktuba MN-dən heç bir cavab verilməyib, baxmayaraq ki, qanunla bu cavab 1 ay müddətinə verilməli idi. Əvəzində Sputnik-ə şifahi şəkildə bildirilib ki, müvafiq cavab mərhum əsgərin ailəsinə göndərilib.

Müdafiə Nazirliyinin məktubu
© Photo : Ə.Muradovanın şəxsi arxivi
Müdafiə Nazirliyinin məktubu

28 aprel 2016-cı il tarixində isə Sputnik-ə Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivindən 5 aprel 2016-cı il tarixli cavab məktubu daxil olub. Məktubun zərfində müvafiq poçt şöbəsinin məktubun 27.04.2016-cı il tarixində poçt şöbəsinə daxil olduğu barədə möhürü var. Belə çıxır ki, MN 5 aprel tarixli məktubu 22 gün sonra poçtla müvafiq ünvana yollayıb.

Sözügedən məktubda deyilir: "Sizin 14.03.2016-cı il tarixli 49№-li sorğunuza cavab olaraq bildiririk ki, 172№-li hərbi hissənin nizami hissə üzrə əmrlərində dekabr 1995 — yanvar 1996-cı il tarixlərində Muradov Mübariz Heydər oğlunun həlak olması barədə heç bir məlumat aşkar edilməmişdir. Qeyd edirik ki, 172№-li hərbi hissənin şəxsi heyətini əlifba qeydiyyatı kitabında 1976-cı il təvəllüdlü, Bərdə RHK-dan çağırılmış Muradov Mübariz Heydər oğlunun, həlak olduğu üçün, komandirin 05.01.1996-cı il tarixli 5 №-li əmrilə şəxsi heyət siyahısından çıxarılmağı barədə məlumat aşkar edilmişdir. (əsas: 4№-li kitab, sıra 1231)".

Əsgərin ailəsinə göndərilən məktubda isə deyilir ki: "AR NK-nın "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında 15.01.1994-cü il tarixli 10 nömrəli qərarın 1.2.6-cı yarımbəndinə əsasən AR-nın azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar AR-nın qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin qaydanın 4.1-ci yarımbəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur".

Məktubda həmçinin qeyd olunur ki, şəhid ailəsi statusu hərbi qulluqçunun hərbi qeydiyyatda olduğu HXÇDX-nin müvafiq yerli orqanının verdiyi arayışla təsdiq olunur. Şəhid ailəsinə vəsiqə ƏSMM tərəfindən verilir. Burada Əsli Muradovaya üzləşdiyi problemlə əlaqədar olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunur.

MN-dən Sputnik-ə şifahi olaraq bildirilib ki, 1995-ci ilin arxiv sənədləri it-bata düşdüyündən, yaxud da MN-in arxivinə təqdim olunmadığından, əsgərin hansı şəraitdə öldüyü barədə konkret cavab vermək imkanları yoxdur.

Sputnik "Kapitalbank" ASC-yə də müraciət edərək təqaüdü bankomatdan plastik kartla alan adamın şəxsiyyətini kamera görüntüləri vasitəsilə araşdırmaqda yardım göstərməyi xahiş edib. Lakin bankdan bildiriblər ki, bunu yalnız müvafiq hüquq-mühafizə orqanlarının müraciəti əsasında edə bilərlər.

"Balası ermənilərlə vuruşub, anası isə məmurlarla vuruşur"

Bərdə rayonundan Milli Məclisə deputat seçilmiş Zahid Oruc da bu problemlə əlaqədar Baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Z. Oruc Sputnik-ə bildirib ki, Respublika Prokurorluğundan onun sorğusuna rəsmi cavab verilməsə də, ona bu işin xüsusi nəzarətə götürüldüyü barədə məlumat veriblər.

Millət vəkili bildirib ki, şəhid ailəsi statusunun verilməsi ilə bağlı hələ də NK-nın 1994-cü ildə qəbul etdiyi qərara istinad edilməsi Milli Məclis adına təəssüfləndiricidir: "Çünki indiyə qədər bu məsələlər müasir tələblərə cavab verəcək səviyyədə qanunvericiliyə oturdulmalı idi. Hansı şəraitdə ölməsindən asılı olmayaraq, müharibə bölgəsində, səngərdə, xidməti borcunu yerinə yetirərkən həlak olan əsgər şəhid sayılmalıdır".

Z. Oruc Əsli Muradovanın başına gətirilənlərdən xəbərdar olduğunu və təəssüflədiyin dilə gətirib: "Ayrı-ayrı qurumların, ön cəbhədə xidməti borcunu yerinə yetirərkən həlak olmuş bir əsgərin ailəsinin şəhid ailəsi statusundan öz şəxsi maraq və mənfəətləri üçün istifadə etməsi ölkəmiz adına çox utancverici haldır. Müharibə gedən bir ölkədə şəhid ailəsinə çatacaq vəsaitin hansısa məmurlar tərəfindən yeyilməsi rəzalətdir. Bunu duymaq belə dəhşətdir ki, balası səngərdə, ön cəbhədə ermənilərlə vuruşub, anası isə arxa cəbhədə azərbaycanlı məmurlarla vuruşur. Bu rəzalət belə davam edə bilməz. Səlahiyyət sahibləri mütləq bu məsələlərə bir aydınlıq gətirməlidirlər".

Bu yaxınlarda elə həmin Mustafaağalı kəndində daha bir şəhidin dəfnində iştirak etdiyini vurğulayan deputat deyib: "Bu xalq, Mustafaağalı kəndinin sakinləri görün nə qədər vətənə, torpağa bağlıdırlar ki, Əsli ananın başına gətirilən müsibətlərdən sonra da balalarını müharibəyə yollayırlar. Hansısa xırda məmurlar balasını şəhid verən analara qarşı belə hərəkətlərə yol verəndə xəcalət çəkməlidirlər. Əks təqdirdə onlar qanun qarşısında cavab verməlidirlər".

Bu suallara kim cavab verəcək?

Bizi isə bu məsələ ilə bağlı bəzi suallar maraqlandırır: Əgər HK əsgərin hansı şəraitdə öldüyü barədə tələb olunan arayışı verməkdən imtina edibsə, bu illər ərzində ƏƏSM nəyə əsasən şəhid ailəsinə təqaüd ayırıb? Axı, qanunla bunu etməyə əsası yox idi. Ə. Muradovanın 2008-ci ildə Prezidentə yazdığı məktub və ona PA-dan verilən cavab var. Əgər o vaxt ƏƏSM ona şəhid ailəsi təqaüdünü verirdisə, Ə. Muradova Prezidentə haqqının bərpası üçün niyə müraciət etmişdi? Həm də, axı ƏSMM-in direktoru Raquf Məmtiyevin imzası ilə 2008-ci ildə Bərdə Hərbi Komissarlığına göndərilən məktubda Prezident təqaüdünün dayandırıldığı bildirilirdi.

ƏƏSM qanunsuz olaraq şəhidin anasına ödədiyini iddia etdiyi vəsaiti, daha doğrusu öz qanunsuz hərəkətinin bədəlini niyə Ə. Muradovaya ödətmək istəyir? Yəni hansı haqla 2008-ci ildən 2014-cü ilədək Prezident təqaüdü kimi ödənilmiş ümumilikdə 11315 manat məbləğində vəsaitin dövlət büdcəsinə geri qaytarılması haqqında tələb irəli sürür? Bu "qanunsuz" ödəmə ilə bağlı ƏƏSM-da kimsə cəzalandırılıbmı? ƏƏSM necə araşdırmadan, dəqiqləşdirmədən dövlətin vəsaitini kiməsə verə bilər?

Biz Sputnik olaraq səlahiyyətli orqanlardan bu sualların cavabını gözləyirik.

P.S.
Sputnik Azərbaycanın 2 aydan artıq bir müddətdə, araşdırılması kifayət qədər sadə olan şeylərlə bağlı sorğularına dövlət orqanlarından min bir çətinliklə, özü də yarımçıq cavablar ala bilib. İndi təsəvvür edin ki, bir KİV-in, bir millət vəkilinin müraciətlərini qulaqardına vuran dövlət orqanları xəstə və yaşlı şəhid anasına hansı münasibəti nümayiş etdiriblər!

Əlaqədar

Qazaxda şəhid bulaqları quruyub
Şəhid kəşfiyyatçımızın xatirəsi anılıb
Şəhid anasının son arzusu: "Bircə biləydim..."
Cəbhədə vəziyyət yenidən gərginləşir: şəhidimiz var
Bakı Azərbaycan Hərbi Hava Qüvvələrinin şəhid pilotları ilə vidalaşdı
Şəhid əsgərimiz son mənzilə yola salındı
Teqlər:
Baş prokuror Zakir Qaralov, Mübariz Muradov, "Kapitalbank" ASC, Əsli Muradova, müharibə, Zahid Oruc, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Respublika Baş Prokurorluğu, şəhid, Müdafiə Nazirliyi

Əsas mövzular