CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaq bağçalarımız müasir standartlara niyə uyğunlaşmır?

© Photo : Mehriban Əliyevanın şəxsi internet səhifəsiBakıdakı müasir uşaq bağçalarından biri. Arxiv şəkli
Bakıdakı müasir uşaq bağçalarından biri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mövcud normativlər məktəbəqədər müəssisələrin inkişafına nədən mane olur? Sputnik-in əməkdaşı bunu aydınlaşdırmağa çalışıb.

BAKI, 25 apr — Sputnik. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. 

Bunu Edu.Co şirkətinin direktoru Rasif Dünyamalıyev Sputnik-ə açıqlamasında deyib.

O, bildirib: “Sual oluna bilər ki, müəssisə nəyə lazımdır, elə hər kəs fərdi məşğul olsun. Fərdi məşğul olmaq çox çətindir. Müəssisə uşaqların sosiallaşmasını, emosional vəziyyətinin yaxşılaşdırılmasını, digər insanların hislərini, emosiyalarını dərk etməsini təmin etmək üçün lazımdır. İndi hər kəs evində bir dayə, müəllim, tərbiyəçi tutur. Uşaqlar çox şey öyrənə bilirlər. Amma bu uşaqlar normal özlərini ifadə edə, ünsiyyətə girə bilmirlər. Bunlar başqa uşaqları görəndə qorxurlar, çəkinirlər. Bunun üçün də məktəbəqədər icma lazımdır. Ona görə də məktəbəqədər təhsil müəssisələri vacibdir”. 

Bağçalarımız nə dərəcədə dünya standartlarına cavab verir sualına Edu.Co şirkətinin direktoru deyib: “Demək olar ki, ölkədə məktəbəqədər təhsil müəssisələri dünya standarlarına yaxınlaşıb. Amma normativlər — uşaq bağçasının quruluşu, işləmə metodu, idarəedilməsi  baxımından isə hələ dünya standarlarına cavab vermir. Bizim məktəbəqədər təhsil müəssisələrinin quruluşu ilə bağlı normativlər keçmiş Sovet dönəmində hazırlanan normativlər əsasında hazırlanıb. Bu gün də o normativlər tətbiq olunur. Bu günün reallıqları da o normativlərlə uyğunlaşmır. Məsələn, məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır. Amma 10 uşaqlı tədris otağı açmaq istəyirsənsə, buna normativ icazə vermir. Yenə də 50 kvadratmetrlik sahə istənilir. Sovet vaxtı ərazilər böyük idi, tikintilər dövlətin hesabına aparılırdı. Bunu o vaxt tətbiq etmək olurdu. Amma indi özəl müəssisələr bunu tətbiq edə bilmirlər”.   

O, qeyd edib ki, menyunun formalaşması baş idarədən tənzimlənir. Əgər uşaq həmin qidalardan yemək istəmirsə, o menyunu dəyişdirilə bilmir. Əgər uşaq səhər yeməyində sıyığı yemək istəmirsə, belə çıxır ki, uşaq ac qalacaq. Menyunu dəyişdirmək olmur. Dövlət bağçasının özünün nəsə almağa imkanı yoxdur, qanunla icazə verilmir. O zaman da valideynin öz uşağı üçün yemək gətirmək halları ortaya çıxır. Bunlar bizi dünya standartlarından ayırır. Xaricdə elə bağçlar var ki, onlarda menyu, mətbəx yoxdur. Yemək hazırlanmır. Valideynlər özləri uşaqları qidalar ilə təmin edir. Bizdə qanun buna icazə vermir. 

Rasif Dünyamalıyev bildirib ki, artıq dünyada 10 qrupluk uşaq bağçaları yaranır: “Bunların toplam sahəsi 300 kvadratmetr olur. Burada 30 uşaq olur. Biz bunu Azərbaycanda yarada bilmərik. Çünki, bağçamızda 30 və yaxud 100 uşaq da olsa, tədris otağının ölçüsü 50 kvadratmetr olmalıdır. Bunlar artıq dəyişilməlidir. Sahibkarlar bu sahəyə yatırım etmək istəyir. Amma baxır ki, böyük bir ərazilər ayrılmalıdır, normativlər ağırdır, bağçanın içərisində çamaşırxana qurmalıdır, bundan ötrü ayrıca 1 işçi saxlamalıdır. Yəni, xərclər artığı zaman sahibkar bunda maraqlı olmur. Normativlər asanlaşmalı, yüngülləşməlidir”.

“Bu günləri Bakı şəhərində bağçaların qiymətini müqayisə edən zaman 150 manatdan 1500 manata qədər aylıq təhsil haqqı olan bağçalar var. Bu normaldır. Bazar iqtisadiyyatıdır, xidmətlər fərqi var”,- deyə o bildirib. 

Pedaqoq Aynur Zamanova Sputnik-ə açıqlamasında deyib ki, uşaqların böyüməsində, inkişafında bağçaların rolu böyükdür. Öz uşaqlarım da bağçaya gediblər. Bağçada uşaq ilk olaraq cəmiyyətə alışır, sərbəstliyi öyrənir. Davranış qaydalarını öyrənir. Məktəbəqədər təhsil vacibdir. 

Pedaqoq deyib ki, özəl bağçalar dünya standartlarına cavab verir. Burada bağçanın rəhbərliyindən də çox şey asılıdır.

Son olaraq sizə Tokiodakı Fuji uşaq bağçasını göstərmək istəyirik. Bağçanın memarları özləri də ata və ana olan Takahuru cütlüyüdür. Memarlıq üslubunun məqsədi uşaqların müstəqillik və sərbəstlik duyğularını artırmaqdır. 

Fuji bağşasında 500 uşaq var. Bağçanın binası böyük bir oyuncaq kimi düzəldilib. Bağça dairə şəklində inşa edilib. Uşaqlar çevrəsi 183 metr olan dairənin ətrafında sərbəst şəkildə hərəkət edirlər. 

Xəbər lenti
0