10:08 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
119920

Sən gözünü dənizdən ayırma, əziz bacım. Bu məmləkətdə ölənin geri dönüş yolu qalanın vicdanından daha yaxındır...

BAKI, 18 apr — Sputnik. Həyat yoldaşı "Günəşli" yatağındakı məşum hadisədə itkin düşmüş qadın deyir ki, "ölüsü olanın, ən azından gedib dərdini deyəcək, başını söykəyib ağlayacaq bir məzar daşı var, mən gedib dərdimi dənizəmi deyim?!". Sonra da banklardan və kreditlə məişət texnikası götürdükləri (həyat yoldaşının sağlığında!) mağazalardan şikayətlənir ki, pullarını istəyirlər. "Ərin ölüb, sən ölməmisən ha!" deyirlər.

Elşad Rəsulov ailə ilə
© Photo : Rəsulovlar ailəsinin şəxsi arxivi

Nə deməlidirlər ki, Vüsalə xanım? Acının, çarəsizliyin, sevdiyini itirməyin, başsız qalmağın… və pulsuzluğun nə olduğunu anlamayanlardan nə gözləyirsən ki? Rəhmmi? İnsanlıqmı? Vətəndaşlıq görəvimi?

Sən harada yaşadığını zənn edirsən, bacı? Bu torpaqları kasıbın alın təri suvarsa da, üzərində yetişənləri toplayan pəmbə əlləri görmədinmi, yoxsa? "Qara qızıl"ın axtarışı ilə zülmətə qərq olan sevgili həyat yoldaşındamı demədi, o "qara"nın kimlərə ağ gün bəxş etdiyini?

Filankəs müəllimə, sizə ianə etdiyi 5 manata görə təşəkkür edib, falankəs müəllimdən daha artığını (ən azı haqqın olanı) gözləyirsən. Və bir də dənizdə itirdiyin həyat yoldaşının yolunu… Sən gözünü dənizdən ayırma, əziz həmvətənim! Bu məmləkətdə ölənin geri dönüş yolu qalanın vicdanından daha yaxındır…

25 illik həyat yoldaşının tapılacağına ümidin qalmayıb artıq, bilirəm. "Amma istəyirəm ki, oğlum üçün nəsə bir sənəd verilsin, bilim ki, gələcəyi zəmanətdədir. Çünki atasız oğul böyütmək asan deyil" deyirsən… Sən bu məmləkətdəki alış-verişi, Elşada bəslədiyin qarşılıqsız sevgi ilə qarışdırırsan. Burda qarşılıqsız sədəqə də verilmir, inan.

Uşaqlarının atası iş başında həyatını itirdiyi üçün, unudulmamasını istəyirsən. Sən bizim nələri unutduğumuzu və nələri unutmamağa məhkum olduğumuzu bilmirsən, hər halda. Unut bunları, yaralı bacım, unut!

İçin sızlayarkən dənizə get, idarələrin qapısına deyil. Zatən heç birini yara bilməzsən. Heç olmazsa, içini boşalt, dişinin dibindən çıxanı söylə, hönkür və suları təpiklə. Çünki dəniz "ictimai asayiş" dərdində deyil.

Şəhid Cabbarxan Hacıyev
© Sputnik / Hacıyevlər ailəsinin arxivi

Atasını itirmiş qızın, öz dərdini kimsəyə anlada bilmir, hə? Təhsil aldığı ocaqda, hətta ən yaxınları arasında belə… Onun qəlbinin necə yanıb-qovrulduğunu dərk etmirlər, deyilmi? "Davanız pul davasıydı, pulunuzu aldınız, artıq susun!" deyirlər, yəqin ki…

Siz onları qınamayın. Onlar da məzar daşlarıdır. Amma kimsənin axtarmayacağı və üzərinə sevgi gözyaşları tökülməyəcək qədər dəyərsiz daşlar. Başınızı belə daşlara qoşmayın. Dənizlə dərdləşin, dənizlə. Orda sizi dinləyən biri var…

Əlaqədar

Bakıda itkin düşən neftçilərin xatirəsi anılır
İtkin düşən neftçinin meyiti Türkmənistandan gətirilərək ailəsinə təhvil verilib
Cəsədi tapılmış neftçinin şəxsiyyəti müəyyənləşdirilib
FHN: neftçinin cəsədini Azərbaycan gəmisi aşkarlayıb
İtkin düşən neftçilərdən daha birinin cəsədi tapılıb
İtkin düşən neftçi "Təzə Pir"in imamı olub
FHN-in təyyarəsi itkin düşmüş iki neftçinin cəsədini ölkəyə gətirəcək
İtkin düşmüş daha bir neftçinin meyiti tapılıb
Teqlər:
Vüsalə Rəsulova, Elşad Rəsulov, neftçi, "Günəşli" yatağı, qəza

Əsas mövzular