CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan muzeylərində əcnəbiləri nə təəccübləndirir?

© Sputnik / Tarana KhudabakhshiyevaFərqanə Cabbarova
Fərqanə Cabbarova - Sputnik Azərbaycan
Abunə olmaq
Bülbülün memorial ev muzeyinin müdiri Fərqanə Cabbarova: Azərbaycanda muzeydə işləmək sadəcə mənəvi borcdur.

BAKI, 2 mart — Sputnik. Muzey özündə tarixi qoruyub gələcəyə aparan mədəniyyət ocağıdır. Bəs Azərbaycanda muzeylərə münasibət və onların vəziyyəti necədir?
Sputnik-in əməkdaşı bu barədə Bülbülün memorial ev muzeyinin müdiri Fərqanə Cabbarova ilə söhbətləşib. Müsahibəni təqdim edirik.

- Demək olar Azərbaycanda ən gənc muzey mudirisiniz. Bu yaşda böyük məsuliyyətin altına girmək çətin deyil ki?

— Deyərdim ki, hər iş çətindir və məsuliyyətlidir. Hər iş çətindir. Mən muzeyə ilk dəfə gələndə muzeyin ekskursiyaçısı kimi işə qəbul edildim. 2012-ci ilin sentyabr ayında Adilə xanım məni işə qəbul etdi. 4 ay sonra 2013-cü ilin yanvar ayında baş mühasib işini mənə həvalə etdilər. 2014-cü il sentyabr ayının 30-dan isə muzeyin müdiri kimi çalışıram. Təbii Bülbül irsini təbliğ etmək, qorumaq böyük məsuliyyət tələb edir.

- Muzeylərdə əmək haqqı çox azdır. Az maaşla böyük məsuliyyəti üzərinə götürmək çətin deyil?

— Mən ümumiyyətlə işə gələndə əmək haqqının az olduğunu bilirdim. Əmək haqqını düşünmədən bura gəlmişəm. Bura mənə Adilə xanımın (Bülbülün həyat yoldaşı-m.) əmanəti kimidir. Burada işləməyi özümə mənəvi borc bilirəm.

- Azərbaycanın indiki muzeylərinin fəaliyyətindən razısınız?

— Artıq bütün muzeylər elektronlaşdırılır. Biz də hazırda fondda işləyirik, bütün fondu elektronlaşdırırıq. Muzeylərin çoxu təmir edilir. Bir çox muzeylərin saytları mövcuddur. Bu da muzeylərin böyük uğurudur.

- Azərbaycan əhalisinin muzeylərə marağı bir müdir olaraq sizi qane edirmi?

— Biz məktəblərlə, ayrı-ayrı şirkətlərlə əlaqələr qururuq. Tezliklə turizm şirkətləri ilə də əlaqə qurmağı planlaşdırırıq. Elmi işlə bağlı gələn elmi işçilər daha çox muzeylə maraqlanırlar. Orta məktəb müəllimləri də şagirdləri tez-tez muzeylərə gətirirlər. Bu sevindirici haldır.

- Bəs xarici turistlər necə, muzeyinizə gəlirlər?

— Qışda yox, amma yayda daha çox turist muzeyə gəlir. Bülbülün ilk vokal üzrə azərbaycanlı tələbə, ilk vokal üzrə professor, ilk vokal üzrə laureat (1933-cü il) olması turistlərdə maraq yaradır və yaxşı mənada onları təəccübləndirir.

- Mədəniyyət və İncəsənət universitetində muzeyşünaslıq ixtisası var. Məhz həmin fakültəni bitirən tələbələr iş, yaxud tanışlıq üçün sizə müraciət edirlər?

— Çox müraciət edirlər. Amma çoxu əyani magistr təhsili aldığı üçün onları işlə təmin edə bilmirik. Hazırda bizdə tarixçilər də işləyir, muzeyşünaslar da.

- Başqa muzeylərlə əməkdaşlıq edirsiz?

— Hələ ki, elə bir əməkdaşlığımız olmayıb. Bizim bu il başqa planımız var. Regionlarla iş görmək istəyirik. Respublika üzrə Bülbül adına məktəblərlə əlaqə qurub orada Bülbül haqqında mühazirələr aparmaq, seminarlar təşkil etmək fikrindəyik.

- Sizdə muzeyə bilet neçəyədir?

— Bizdə ilk gündən muzey pulsuz olub. Adila xanım ilk gündən muzeyi necə pulsuz qoyubsa, yenə də belə davam edir.

- İl ərzində ziyarətçiniz nə qədər olur?

— İl ərzində 3000 civarında ziyarətçimiz olur.

Xəbər lenti
0