CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Gebbels Levitanın səsini eşidəndə başını tuturmuş"

© Photo : ТВЦDiktor Yuri Levitan
Diktor Yuri Levitan - Sputnik Azərbaycan
Abunə olmaq
Qulu Məhərrəmli: "Levitanın üstünlüyü onda idi ki, o, çox böyük məharətlə bütöv bir dövlətin səsini ifadə edirdi. Müharibənin udulmasında bu əfsanəvi diktorun böyük rolu oldu"

BAKI, 15 fev-Sputnik. "Danışır Sovet Məlumat bürosu!" Əfsanəvi diktor Yuri Levitanın əzəmətli səsi ilə ifa edilən bu söz yəqin ki, sovet nəsli üçün hələ də öz ülviliyini qoruyur. O söz və onu ifadə edən səs İkinci Dünya Müharibəsində qələbəni şərtləndirən başlıca simvollar idi. Bu simvollar sovet adamlarını qələbəyə ruhlandırırdı, onlarda vətənpərvərlik duyğularını oyadırdı, xoşbəxt gələcək naminə fədakarlığa, faşizmi məhv etmək üçün öz gücünü səfərbər etməyə çağırırdı. Sovet Məlumat Bürosunun (SMB) 75 illik yubileyi ərəfəsində o nəhəng sovet informasiya və təbliğat maşınını, həm də onun unudulmaz səsi Yuri Levitanı xatırlamamaq olmaz. Çünki bunlar SSRİ-də doğulub-böyüyən hər kəs üçün öz tarixi dəyərini qoruyur.

Sputnik olaraq biz də bu iki nəhəngi — SMB-ni və Y.Levitanı Azərbaycanın tanınmış informasiya adamı ilə birlikdə xatırlamaq istədik. Söhbət əsnasında öyrəndik ki, həmsöhbətimiz şəxsən Levitandan master dərsləri almış biridir. Beləliklə, jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" Fondunun sədri, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Qulu Məhərrəmli ilə söhbəti təqdim edirik.

© Sputnik / Murad OrujovПрофессор Гулу Магеррамли
Профессор Гулу Магеррамли - Sputnik Azərbaycan
Профессор Гулу Магеррамли

- Qulu müəllim, yubiley ərəfəsində sizinlə söhbətdə xırdalamaq istəyirik ki, Sizin üçün, yaşadığınız dövr üçün, sovet jurnalistləri üçün və nəhayət, Sovetlər İttifaqı üçün SMB və onun əfsanəvi diktoru Yuri Levitan nə demək idi. Yaddaşımızı təzələyək, SMB nə deməkdir?

— SMB-yə qiymət verməzdən əvvəl büronun yarandığı o tarixi şəraitə nəzər yetirmək lazımdır ki, mənzərə tam aydın olsun. 1939-cu il avqustun 23-də Sovet İttifaqı ilə Almaniya arasında "Hücum etməmək haqqında" Ribbentrop-Molotov paktı imzalanmışdı. Orada eyni zamanda dostluq və əməkdaşlıq haqqında razılaşma, gizli şəkildə Avropada Almaniya və SSRİ-nin maraqlarını təmin etmək üçün müəyyən əraziləri bölüşdürmək iddiası var idi ki, bunlar sonradan üzə çıxdı. Amma müharibə təhlükəsi duyulurdu. Sovet İttifaqında da bu dövrdə, istər müttəfiq respublikalarda, istərsə də mərkəzdə kütləvi informasiya vasitələrinin, hərbi nəşrlərin sayı artırılırdı, əhalini vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çoxlu verilişlər var idi. II Dünya Müharibəsi çoxdan başlamışdı. SSRİ-də isə 1941-ci il uyunun 22-də gündüz saat 12.00-də müharibənin başlanması ilə bağlı elan verildi. Ondan 2 gün sonra, 1941-ci il 24 iyunda Sovet Məlumat Bürosu yaradıldı.
Bilirsiz, müharibə şəraitinin öz məlumatlandırma sistemi olur. Bu, Avropa ölkələrində, Almaniyada yaradılmış bir sistem idi. Hitlerin özü hakimiyyətə gələndə bu sistemdən istifadə etmişdi. II Dünya Müharibəsi zamanı bir sıra ölkələrdə məlumatın bir əldən paylaşılması sistemi yaranmışdı. SMB də yaradılanda o məqsədlə yaradılıb ki, bütün məlumatlar eyni mənbədən verilsin. Müharibə ilə bağlı bütün məlumatlar SMB-yə istinadla idi. Burada informasiyaya nəzarət var idi.

-SMB-ni yaratmaq ideyası nədən doğmuşdu?

— Müharibənin başlandığı ilk gündən çoxlu şayiələr yayılırdı. Artıq SSRİ-nin yarısının əldən getməsi ilə bağlı xəbərlər dolaşırdı. Belə situasiyada SSRİ-yə daxil olan bütün müttəfiq respublikalarda radiolar bütün evlərdən yığışıldı. Yəni əlavə dalğalar tutmaq, xarici xəbərlərə qulaq asmaq imkanı yox idi. Yalnız iri şəhərlərdə, kəndlərdə, əhalinin sıx olduğu yerlərdə reproduktorlar qoyulmuşdu, adamlar toplaşıb o radiolara qulaq asırdılar. Bir də ki, partiya və sovet rəhbərliyinin çalışdığı otaqlarda bu radiolar var idi. SMB xəbərləri bir mərkəzdən yaymaq, şayiələrin qarşısını almaq və əhali arasında panikaya yol verməmək üçün yaradılmışdı. Bu həm də, təbii ki, informasiyanı idarə etməyin üsulu idi və bu üsul imkan verdi ki, Stalin bütün SSRİ məkanında yayılan məlumatlara nəzarət etsin. SMB Böyük Vətən Müharibəsi illərində təxminən 3 minə yaxın məlumat hazırlayıb. Burada təkcə əhalini məlumatlandırmaq nəzərdə tutulmurdu. Bu həm də partizan hərəkatına mesajların çatdırılması, gizli şəbəkələrə müəyyən informasiyaların ötürülməsi üsulu idi. Xüsusi kodlaşdırılmış informasiyalar var idi ki, bunlar məlumatların arasında gizlədilirdi. SMB demək olar ki, Sovet İttifaqının faşist Almaniyası üzərində qələbəsində həlledici rollardan birini oynadı. Silah, tank, top, neft qədər, SMB da öz işini gördü.

- Siz müharibə dövrünün mənbələrini araşdırmısınız. O mənbələrə əsasən deyə bilərsizmi, SMB-nin iş prinsipi əsasən nədən ibarət idi? Orada məlumatlar necə hazırlanırdı?

— Müharibə dövrü ilə bağlı mənbələr çox zəngindir. Orada müharibə dövründə informasiyanın idarə olunması baxımından öyrəniləsi çox şey var. Bizdə Qarabağ müharibəsi başlayanda nə baş vermişdi? Hərə harada nə istəsə yazırdı. Düzdür, müəyyən hərbi senzura olandan sonra bunlar qismən sistemləşdirildi, amma bütövlükdə o problemi həll etmədi. Əgər fövqəladə vəziyyət, müharibə varsa, müharibə ilə bağlı məlumatlar bir mənbədən idarə olunmalıdır. Bu gün bizim jurnalistikamızın bir problemi də budur. SMB-də bu məlumatlarla jurnalistlər məşğul olmurdu. Onları jurnalist adlandırmaq olmazdı. Onlar xüsusi təhsil almış, informasiya müharibəsi aparmağa qadir olan, bunu bacaran hərbi mütəxəssislər idi. Eyni zamanda ideologiyanı, təbliğatı, piar işini çox gözəl bilirdilər. Bu da imkan verdi ki, onlar müharibəni bu cür uğurla başa çatdırsınlar.

Müharibənin udulmasında əlbəttə, çox şərtlər var. Burada SSRİ-nin siyasi sistemi də böyük rol oynayıb. Nə qədər qəribə olsa da, avtoritar rejimin müharibənin udulmasında böyük rolu oldu. Şübhəsiz sovet xalqının, sovet ordusunun çox böyük fədakarlığı var idi. Burada həm də informasiya işi ilə məşğul olan insanların xidmətləri böyükdür. SMB bir struktur olaraq bütün hərbi nəşrləri qidalandırırdı. Müharibə dövründə SSRİ-də minə yaxın jurnal, 8 mindən çox qəzet, diviziyalarda ordu qəzetləri çıxırdı, operatorlar çalışırdılar, döyüşçüləri həvəsləndirirdilər, onlar haqqında filmlər çəkirdilər, radiooçerklər hazırlanırdı, yazıçılar ordu hissələri ilə görüşürdülər. Azərbaycan yazıçıları da 416-cı Taqanroq diviziyasında, ondan başqa azərbaycanlıların vuruşduğu digər diviziyalarda görüşlər keçirirdi. Bu, bütövlükdə o sistemin böyük uğuru idi ki, təbliğat işini yüksək səviyyədə təşkil edə bilmişdi.

Azərbaycanda da SMB-nin informasiyaları verilirdi. O vaxtlar 3 əsas məlumat mənbəyi vardı — SMB, "Pravda" qəzetinin baş məqaləsi və Moskva radiosunun xəbərləri. Onlar gecə xəbərləri verirdilər, təxminən 20 dəqiqə sonra o xəbərlər tərcümə olunurdu və Azərbaycan dilində səslənirdi. Azərbaycan radiosunda da bu xəbərləri Tələt Əyyubov oxuyurdu. O, bir növ Levitanı yamsılayaraq xəbərləri oxuyurdu. Levitan o dövrün radiosunda tərz olaraq qəbul edilmişdi.

- Atamın uşaqlığı müharibə illərinə düşmüşdü. O deyirdi ki, Levitanın səsi uzaqdan eşidilən kimi kənddə hamı toplaşırdı radionun başına. Düzdür, o vaxtlar kəndlərdə rus dilini çox adam başa düşmürdü, amma Levitanın səsindən anlamaq mümkün idi ki, cəbhədə nə baş verir…

— Bəli. O səsin öz dili var idi. Ona görə də yaddaşlarda qaldı. Müharibədən bəhs edən sovet filmlərində, rus filmlərində o səs qorunur. Doğrudur, Levitanın səsini sonralar da yazmışdılar. Məsələn, Kurskun alınması, Kiyevin azad edilməsi, Leninqrad döyüşləri ilə bağlı Levitanın səsini yazmışdılar. Amma orijinal olaraq Levitanın səsi radioarxivlərdə, fonotekalarda qalır. O səsdən indi də film çəkilişlərində, bir çox səsləndirmələrdə istifadə edirlər.

- Adətən Levitanın şəxsiyyətindən deyil, səsindən danışırlar. "Levitanın səsi"nin tərcüməsi necə səslənirdi və tarix üçün onun hansı əhəmiyyəti vardı?

— Bu səs Sovet İttifaqının, sovet hərbi sisteminin, sovet ordusunun ifadəçisi idi. Bu səsi faşist Almaniyasında, xüsusən, Gebbels eşidəndə, başını tuturmuş. Yəni o səsdiki əzəmət, qürur, səsin tembrindən irəli gələn (metal səs idi, çox qüvvətli, möcüzəli idi) oxu tərzi, rus dilinin ifadə imkanlarından, səsli nitqin imkanlarından bəhrələnmə, üstəlik, onun peşəkarlığı, yüksək səviyyədə xəbərləri çatdırmağı həm orduda ruh yüksəkliyi yaradırdı, həm psixoloji üstünlük verirdi, həm də partizanlar üçün bir qürur mənbəyi idi. Aydındır, biz indi bu məlumatların hamısını obyektiv hesab etmirik. Bu, jurnalistika deyildi. Bu müharibə xəbərlərini çatdırmaq, müharibəyə kömək etmək, əhalini ruhlandırmaq vasitəsi idi, təbliğat idi, sovet ordusunun siması idi, səsi idi, Stalinin özünün obrazı idi. Bu isə çox önəmlidir. İndi müharibədən bəhs edən əsərlər var, o cümlədən də Levitanın fəaliyyəti ilə bağlı, məşhur generalların xatirələri, hətta marşal Aleksandr Vasilevskinin yazısı var. Orada göstərilir ki, Levitanın səsi əsgərləri necə ruhlandırırdı.

O səsin tarix üçün önəmi ondan ibarət idi ki, o səs hər kəsin içinə hoparaq onu vətəni qorumağa, vətən uğrunda canını fəda etməyə, fədakarlıqla, qorxu-hürkü bilmədən vuruşmağa, sovet vətənini qorumağa səsləyirdi. Stalinin Moskva radiosu ilə çıxışı vardı. SMB-nun bütün materiallarına o çıxışdakı ruh hopmuşdu. Stalin deyirdi ki, bizim əsas məqsədimiz vətəni qorumaq, ölkəmizin faşist köləliyinin altına düşməsinin qarşısını almaqdər. Bu səs o köləliyə, SSRİ-ni kölə etmək istəyən faşist Almaniyasına qarşı müharibənin bir elementi idi.

- Müharibədən sonra da radiojurnalistikada, diktorluq sənətində bir Levitan obrazı vardı. O obraz nədən ibarət idi? 

© Sputnik / A.Vorotynskiy / Mediabanka keçidÜmumittifaq radiosunun diktoru Yuri Levitan (1914-1983)
Ümumittifaq radiosunun diktoru Yuri Levitan (1914-1983) - Sputnik Azərbaycan
Ümumittifaq radiosunun diktoru Yuri Levitan (1914-1983)

— Levitan çox maraqlı diktor idi. Müharibədən sonra da onun əhəmiyyəti azalmamışdı. Bəzi xəbərləri oxuyurdu. Mən Moskva radiosunda olanda Levitanla görüşmüşəm. O, seminar aparırdı, indiki dillə desək, treninq. Necə danışmaq, necə ifadə etmək, səsi necə tənzimləməklə bağlı bizə peşəkar tövsiyələr verirdi. Onun özü də çox maraqlı adam idi. Çox güclü yumoru var idi. Heç deməzdin ki, bu adam o xəbərləri o cür ciddi çatdıran Yuri Levitandır. Mən Levitan haqqında "Radio dərsləri" kitabımda yazmışam. Müharibə vaxtı SMB-nin və Azərbaycan radiosunun necə çalışmasından bəhs edərkən Levitandan da bəhs etmişəm. Orada əsasən rus mənbələrinə və ilk növbədə Böyük Vətən Müharibəsinin sənədlərinə, ikincisi, SMB-nin özünün dərc olunmuş materiallarına, üçüncü, Stalinin çıxışlarına istinad etmişəm. Stalin çıxışlarında SMB-nin məlumatlarına dəyər verir. Düzdür, Stalinin Levitan barədə fikirlərinə rast gəlməmişəm. Çünki Stalin həmişə adamları tərifləməkdən ehtiyatlanırdı. Amma SMB kollektiv əməyin bəhrəsi hesab olunurdu, hansı ki, bu kollektiv Rusiya, Sovet İttifaqı demək idi. Stalin çıxışlarında radionun fəaliyyətini çox yüksək qiymətləndirirdi. Böyük Vətən Müharibəsindəki xidmətlərini nəzərə alaraq, 1945-ci ildə mayın 7-si SSRİ-də radio günü kimi qəbul olundu. Həmin günü həm radio işçiləri, həm də rabitəçilər peşə bayramlarını qeyd edə bilərdilər.

- Stalin ad çəkməsə də, Levitan müharibənin əsas qəhrəmanlarından biri olaraq qalırdı…

— Əlbəttə, Levitan bu müharibənin əsas qəhrəmanlarından biridir. O, sanki uzun illər ərzində sovet radio sisteminin, danışıq sənətinin böyük bir uğuru idi. Levitan əvvəllər aktyorluqla məşğul olmuşdu. Ondan sonra radioda bir müddət işləmişdi. Onun gözəl səs imkanları var idi. Barritona yaxın səsi vardı. Bu, indiyədək müşahidə olunan çox nadir səslərdən biri idi. Bu, müharibə dövründə bütün Sovet İttifaqının, sovet ordusunun səsi və gücü idi. Ona görə də, hesab edirəm ki, Levitan radio tarixində, SMB-nin tarixində öz xüsusi yeri olan nəhəng bir simadır.

- SMB, Levitan, o vaxtkı jurnalistika dərsliklərinə salınırdımı, tədris olunurdumu?

— O dövrdə jurnalistika fakültələrində bir dərs kimi, tarix olaraq keçilirdi. Onun təcrübəsi ümumittifaq radiosunda öyrənilirdi. Levitanın özü radio diktorları üçün xüsusi kurslara rəhbərlik edirdi. Bir az yaşlanmışdı, amma treninqləri aparırdı, tələbələrə oxu texnikası, danışıq texnikası, məlumatı necə çatdırmaq texnikasını öyrədirdi. Levitan müəyyən bir dövrün, şəraitin məhsulu idi. Sovet dövründə, quruculuq illərində o cür oxu tərzinə, o səs tembrli diktora o qədər də ehtiyac qalmamışdı. Yəni bu, müharibə dövrünün adamı idi. Amma onun yüksək peşəkarlığı var idi. Bizim Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin televiziya və radio jurnalistikası kafedrasının müdiri var idi, Ənvər Bağırov. O, çox böyük nəzəriyyəçilərdən biri idi, sovet televiziya jurnalistikası nəzəriyyəsinin əsasını qoyan adamlardandı. O, həmişə Levitan haqqında danışırdı, onu bizə sevdirirdi.

Deyirdi ki, Levitanın səsinin, informasiyanı çatdırmaq qabiliyyətinin öz işarəsi var idi. Bu semiotika Levitanda necə görünürdü?! Bu səsin tembri, keyfiyyəti məlumatı çatdırmağın əlavə, çox güclü təsiredici elementi idi. Yəni düşmənin canına vahimə sala bilirdi, ordunun qüdrətini göstərə bilirdi. Məsələn, Avropada Leninqradın mühasirəsini ciddi şəkildə izləyirdilər. Orada eyni zamanda günün müəyyən saatlarında radio verilişləri yayınlanırdı. Çörçil tapşırırdı ki, mütləq ona xatırlatsınlar, Leninqraddan verilən xəbərlərə qulaq assın. Şübhəsiz ki, o, rus dilini lazım olan səviyyədə bilmirdi, bəlkə də heç bilmirdi. Amma o, radioda diktorların səsinə qulaq asırdı, deyirdi ki, Leninqradda vəziyyət yaxşıdır, yəni həyəcan yoxdur. Hər bir səs, insanın, onun olduğu mühitin obrazıdır. İnsan gərgin olanda onun olduğu mühit onun səsində duyulur. Levitanın üstünlüyü onda idi ki, o, çox böyük məharətlə bütöv bir dövlətin səsini ifadə edirdi. Bu, səsin semiotikasıdır. Onun işarəvi təbiəti var ki, o, sovet ittifaqının, onun gücünün, ordusunun simvolunu yarada bilirdi. Bu, Levitana böyük şöhrət gətirdi. Hesab edirəm ki, müharibənin udulmasında Levitan öz böyük rolunu oynadı.

- Azərbaycanda o səsə uyğun kimin səsi olub? Qarabağ müharibəsi vaxtı Şəmistan Əlizamanlını Levitanla müqayisə edirdilər. Bu, doğru müqayisə idi?

— Şəmistan Əlizamanlının yaxşı səsi var. Amma bizdə Levitanın səsinə uyğun səs Aydın Qaradağlının səsi idi. O, bizim çox böyük diktorlarımızdan biri idi. Peşəkarlığına görə, Aydın Qaradağlı heç də Levitandan geri qalmırdı. Aydın Qaradağlı rəsmi materialları da, xəbərləri də oxuyurdu. Amma o səsdəki tembr imkan verirdi ki, bədii verilişləri də oxusun. Aydın Qaradağlının səsi ilə yazılmış böyük verilişlər, tamaşalar var. Qəzəllər, şeirlər oxuyub. Bir fakt deyim ki, keçmiş Çexoslavakiyada ilk dəfə Azərbaycanı Aydın Qaradağlının səsi ilə təsəvvür ediblər. Xüsusi psixoloqlar, səslə məşğul olan insanlar, o səsin çalarlarına görə, insanın və ölkənin sosial-psixoloji vəziyyətini müəyyənləşdirə bilirlər. Levitan səsi gözəl idarə edə bilirdi. O gücü, qüdrəti, rahatlığı, qələbə əzmini, hamısını öz səsi ilə ifadə edə bilirdi. Levitan böyük bir məktəb, başqa bir aləm, nəhəng bir sistemin məhsulu idi.
İndi biz gənc diktorlara, aparıcılara başa sala bilmirik ki, boğazdan oxumaq, danışmaq olmaz. Əgər sən nəfəs alırsansa, o ağciyərə getməlidir, oradan qalxmalıdır beyinə, ondan sonra səs idarə olunmalıdır. Belə olanda dinləyənlər başa düşürlər ki, sən ürəklə danışırsan, dodaqla deyil. Ona görə də bu peşəkarlığı öyrənmək lazımdır.

- Levitanla birgə şəkliniz var?

— Yox, o vaxt indiki kimi imkan yox idi ki, telefonunu çıxarıb şəkil çəkdirəsən. Həm də onda mən bilmirdim axı, bir vaxt mən də onun kimi məşhur adam olacam…

Xəbər lenti
0