02:24 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Bələdiyyələrin fəaliyyətinin yenidən gücləndirilməsi (4)
511330

Natiq Cəfərli: "Görünür, bələdiyyələrə icra strukturlarından xəbərdarlıq gəlib ki, artıq büdcədə pul yoxdur, dotasiyalar şəklində vəsait gəlməyəcək, özünüz özünüzü dolandırmağı öyrənin"

BAKI, 11 fev — Sputnik. Yasamal rayonu ərazisində evlərin qapılarına, binaların girişlərinə Yasamal Rayon Bələdiyyəsi adından bildirişlər vurulub. Bildirişdə vətəndaşlardan istifadələrində olan torpaq və əmlakın vergisini ödəmək tələb olunur. Maraqlıdır ki, belə bildirişləri evin ümumi sahəsi 30 m²-dan az olan birotaqlı mənzillərə də göndəriblər. Öz həyatlarında bələdiyyənin fəaliyyətini hər hansı formada hiss etməyən vətəndaşlar təəccüblənirlər ki, görəsən, bu nə vergidir belə?

Sputnik məsələyə aydınlıq gətirmək üçün bu sualı Yasamal Rayon Bələdiyyəsinə ünvanlayıb. Bələdiyyə sədrinin müavini Əli Əkbərli deyib ki, hazırda dövlət vergisini bələdiyyələr toplayır: "Biz hazırda vətəndaşlardan iki növ vergi toplayırıq: torpaq vergisi və əmlak vergisi. Yasamal ərazisində vergi ilə bağlı bildiriş hamıya göndərilsə də, vergiyə ümumi sahəsi 30 m²-dən çox olan və özəlləşdirilmiş mənzillərin sahibləri cəlb edilir. Mənzilin ümumi sahəsindən 30 m² çıxılır, bu, vergiyə cəlb olunmur, yerdə qalan hər kvadratmetrə 40 qəpik ödənilir".

Niyə 15 il sonra — bu gün?

Bələdiyyə nümayəndəsi bildirib ki, Bakı şəhəri üzrə vətəndaşlar vergilərin ödənilməsi üçün e-manat terminallarından istifadə edə bilərlər: " O terminallarda "Digərləri" sözünə toxunarkən "Bələdiyyə vergiləri və ödənişləri sistemi" çıxır. Vətəndaşlar oradan yaşadığı bələdiyyəni, sonra əmlak vergisi, torpaq vergisi və ya icarə vergisi bölmələrindən özünə lazım olanı seçir. Ona verilmiş kodu yığaraq öz hesabına daxil olur və qanunvericilikdə göstərilmiş qaydada vergini ödəyir".

Ə. Əkbərli dövlət vergisinin ildə bir dəfə ödənildiyini bildirib: "Hazırda bələdiyyələrin büdcəsi bu vergilərdən formalaşır. Artıq Yasamal bələdiyyəsi xeyli miqdarda vergi toplayıb".

Onun sözlərinə görə, bələdiyyə o vəsaitləri bələdiyyə ərazisinin abadlaşdırılmasına, yolların asfaltlaşdırılmasına, humanitar yardımlara və s. xərcləyir: ""Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanun 2001-ci ilin dekabrında qüvvəyə minsə də, onun tətbiqinə 2015-ci ilin yanvarında edilən dəyişikliklərdən sonra başlanılıb. Bələdiyyələr də hazırda vergini həmin qanunun son variantına və qanundan irəli gələn əsasnamələrin tələblərinə əsasən toplayırlar".

"Onlar ölü doğulmuş uşaq kimidirlər"

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik-ə verdiyi açıqlamada bələdiyyələrin vətəndaşlardan vergi toplamasının hazırkı məqamda normal olmadığını deyib. O, bələdiyyələrin vergitoplama kampaniyasının dövlət büdcəsində yaranmış problemlərlə əlaqədar olduğunu qeyd edib.

"Azərbaycanda bələdiyyələr ölü doğulmuş uşaq kimidir. Əvvəlcədən xalqın güvənini qazana bilməyib. Hamının təsəvvüründə bələdiyyələr ancaq torpaq satmaqla məşğul olan bir qurum kimi qalıb. Ciddi səlahiyyətləri də yoxdur ki, bir iş görə bilsinlər", —deyə ekspert bildirib.

Onun sözlərinə görə, icra strukturları bələdiyyələr üzərində tam nəzarətə malikdir: "Büdcələri də həddindən artıq kasaddır. Bu günə qədər onlar dövlət büdcəsindən ayrılan dotasiyalar hesabına dolanırdılar. İndi görünür, bələdiyyələrə icra strukturlarından xəbərdarlıq gəlib ki, artıq büdcədə pul yoxdur, dotasiyalar şəklində vəsait gəlməyəcək, özünüz özünüzü dolandırmağı öyrənin. Bunun da ən asan yolu insanların üzərinə gedərək onlardan vəsaitləri toplamaqdır".

N. Cəfərlinin fikrincə, vətəndaşdan vergi toplamaq üçün əvvəlcə onunla müvafiq müqavilələr bağlanmalıdır: "Əslində bələdiyyə əvvəlcə xidmətlərlə bağlı vətəndaşlarla müqavilə bağlamalıdır, onların güvənini qazanmalıdır. Sonra xidmət prosesində vergiləri toplamalıdır. İndiki halda isə bələdiyyələrin fəaliyyəti ümumiyyətlə nəzərə çarpmır və demək olar ki, yoxdur. Buna paralel olaraq, qapıları döyüb vergi toplamağa başlayıblar. Bunlar əslində bəzi qanunların şərtlərinə istinad edərək bu addımları atırlar. Amma vətəndaşlar da öz hüquqlarını bilməlidirlər. Bələdiyyələrdən müqavilə tələb etməlidirlər. Bələdiyyə ərazisində, məsələn, zibillərin toplanması ilə bağlı, yaxud da digər fəaliyyətlərlə bağlı müqavilələr olmalıdır. Əgər bu müqavilələr yoxdursa, hər hansı bir xidmət haqqının toplanması doğru deyil".

Onun sözlərinə görə, ikinci problem torpaq vergisinin toplanması ilə bağlıdır: "Torpaq vergisi toplayarkən binalardakı mənzillərin belə, qapılarını döyürlər. Binalarla bağlı məsələ hələ tam öz həllini tapmayıb. Binaların üzərində dayandığı torpaq kimə məxsudur: dövlətə, yoxsa bələdiyyəyə? Əgər mən 4-cü mərtəbədə yaşayıramsa və mənzilimin kupçası, reyestrdən çıxarışı varsa, tam şəkildə öz mülkiyyətimdədirsə, bələdiyyəyə hansı əsaslarla vergi verməliyəm?! Yəni burada, qanunvericiliklə bağlı bir sıra boşluqlar var".

"Ya bələdiyyə strukturları qalıb işləməlidir, ya da icra strukturları qalmalıdır. Mən birincinin tərəfindəyəm, çünki bələdiyyələri xalq seçməlidir və o da seçicini təmsil etməlidir. Qanunvericilikdə və bələdiyyələrin statusunda dəyişiklik olmalıdır. "JEK" adlandırdığımız mənzil-istismar qurumları var. Onlar rəsmən ləğv olunsa da, hələ də qalıb fəaliyyət göstərirlər. Onlar da zibil toplamaqla məşğuldur, bələdiyyələr də", —deyə iqtisadçı vurğulayıb.

Qanun deyir ki…

Qeyd edək ki, 2015-ci ilin yanvarın 1-dən etibarən vətəndaşların əmlak vergisi ödəməsi məsələsi qanunvericiliklə qüvvəyə minib. Əslində bu vergi əvvəllər də ödənilirdi. İldə bir dəfə, adətən Mənzil Kommunal Təsərrüfat Birliklərinə («JEK») və ya bələdiyyələrə. 2015-ci ildən isə şərtlər dəyişib. Milli Məclis 2014-cü ilin iyununda «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» qanunu dəyişib. Yanvarın 1-dən yeni qanunun tətbiqinə başlanıb. Bundan öncə mülkiyyətçilər əmlakın ümumi dəyərindən 5 min manat çıxıb, yerdə qalan vəsaitin 0,1 faizi qədər vergi ödəyirdi.

Bundan sonra ödəniş mülkün ümumi sahəsinə görə aparılır. Ümumi sahədən 30 kvadrat metr çıxıb, yerdə qalan sahənin hər kvadrat metrinə görə vergi ödənilir. Vergi hesablanması əmlakın yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Tutalım, Bakıda 55 m2-lik mənziliniz varsa, bunun 30 m2-dan vergi tutulmur. Yerdə qalan 25 m2-ın vergisi belə hesablanır: 25 X 0.4 = 10 AZN.

Əgər eviniz şəhərin mərkəzində, məsələn, Səbail rayonundadırsa, alınan rəqəm 1.5 AZN-ə vurulur. Yəni yekun olaraq, Bakıda Səbail rayonunda 55 m2 sahəsi olan mənzil üçün illik vergi 15 AZN olacaq: 25 X 0.4 X 1.5 = 15 AZN.

Amma əgər bu mənzil şəhər kənarında — məsələn, Masazırda olsa, son vurma 1.5 manata deyil, 0.7 manata olacaq. Yekun hesablama belədir: 25 X 0.4 X 0.7 = 7 AZN.

Sözügedən qanun əsasında müəyyənləşmiş Əsasnaməyə görə, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kv.metrdən artıq olan hissəsinin) hər kv.metrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (Bakı şəhərində yerləşən binalara münasibətdə, həmin dərəcələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar"ın təsdiq edilməsi barədə 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarı ilə müəyyən olunmuş 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir).

Yaşayış məntəqələri

Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla)

Bakı

0,4

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

0,3

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

0,2

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

0,1

 

Mövzu:
Bələdiyyələrin fəaliyyətinin yenidən gücləndirilməsi (4)

Əlaqədar

Azərbaycanda ilk bələdiyyə seçkilərinin keçirildiyi gün
Bələdiyyə başçısı saxladığı itin hücumuna məruz qaldı
Bələdiyyə sədrini və onun həyat yoldaşını öldürən şəxs tutulub
Teqlər:
Yasamal Rayon Bələdiyyəsi, Əli Əkbərli, sakinlər, Natiq Cəfərli, bina, bələdiyyə, mənzil, vergi, torpaq

Əsas mövzular