20:33 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
CƏMİYYƏT
Qısa URL
37810

Azərbaycan beynəlxalq maliyyə qurumlarından 4 milyard dollar kredit cəlb edir. Ekspertlər indiki durumda dövlətin belə bir yükün altına girməsini birmənalı dəyərləndirmirlər.

BAKI, 28 yan — Sputnik. Azərbaycan hökuməti ölkədə iqtisadi islahatlara dəstək proqramı çərçivəsində Beynəlxalq Valyuta Fondundan 3 milyard dollar, Dünya Bankından isə 1 milyard dollar istəyib. Bunu Trend-ə Azərbaycan hökumətindəki mənbə deyib.

Mənbə bildirib ki, hazırda Azərbaycan hökumətinin artıq reallaşdırdığı və həyata keçirməyi planlaşdırdığı iqtisadi islahatlara dəstək üzrə tədbirlər müzakirə olunur: "Bu tədbirlər dövlət büdcəsinin dəstəklənməsi üçün maliyyələşdirmə ilə müşayiət oluna bilər".

Bu gün Maliyyə Nazirliyində və Azərbaycan Mərkəzi Bankında görüşlər planlaşdırılıb. Nümayəndə heyətinin əsas tərkib hissəsini Valyuta Fondunun ekspertləri təşkil edir. Onlara Dünya Bankının region üzrə proqram rəhbəri Raşmi Şankar da qoşulub.

Qeyd edək ki, Raşmi Şankar və DB-nin Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə qabaqcıl eksperti Anjela Priqojina ötən həftədən Bakıdadır.

Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov Sputnik-ə açıqlamasında deyib ki, Azəbaycanın xarici borcu o qədər də çox deyil: "İndiki vəziyyətdə kredit götürüb, ondan istifadə edib, müəyyən qədər bank sistemini sağlamlaşdırmaq və digər prosesləri həyata keçirmək üçün buna ehtiyac var. Elə ölkələr var ki, büdcəsi boyda borcları var".

"Hesab edirəm ki, bu, böyük borc deyil. İndiki vəziyyətdə buna ehtiyac var. Çünki, bank sistemində də problemlər var. Digər məsələlər də var. Bunları həll etmək lazımdır", —deyə millət vəkili bildirdi.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanın indiki şəraitdə kredit götürməsi iqtisadiyyatımızın "xəstələndiyini" göstərir: "Hökumət istəyir ki, bu iqtisadiyyatı sağlamlaşdırsın. İndiyədək neftdən iqtisadiyyata yönəldilən vəsait düzgün xərclənməyib".

"Həmin beynəlxalq maliyyə qurumları ilə danışıq gedir ki, əlavə maliyyə resursları cəlb edilməklə islahatlar aparılsın. Hesab edirəm ki, bu, indiki şəraitdə iqtisadiyyatın dirçəldilməsi üçün bir addım olacaq", — iqtisadçı vurğylayıb.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında hökumətin bəzi suallara aydınlıq gətirməsinin vacibliyinə toxunub: "Azərbaycan niyə kredit götürür, axı kreditlər üzrə faiz də var? Niyə ehtiyatımızı xərcləmirik? Yəqin bu, onunla bağlıdır ki, Azərbaycanın ehtiyatları əksər halda pulda deyil. Neft Fondu ehtiyatlarının xeyli hissəsini pulda saxlamır. Gedib indi xaricdən daşınmaz əmlak alıblar və s. Bunları tez satmaq, pula çevirmək çətindir. Azərbaycanın əgər kifayət qədər valyuta ehtiyatı varsa, götürüləcək 4 milyard dollar elə də ciddi rəqəm deyil".

Azərbaycan əhalisinin sayını 9 milyon olaraq götürsək, dövlətin 4 milyard dollar məbləğində kredit götürməsi, hər bir azərbaycanlının, təxminən 444 dollar borca girməsi deməkdir. Bu borcun hansı mənbələr hesabına qaytarılması isə daha düşündürücüdür.

01 oktyabr 2015-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,730.9 milyon ABŞ dolları (7,054.0 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 12.4 faiz təşkil edib. Sputnik Maliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Borc vəsaitlərinin 8.0%-i 10 ilə qədər, 58.6%-i 10 ildən 20 ilə qədər, 33.4%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

01 oktyabr 2015-ci il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) — 9.4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə — 66.0 faiz, avro — 20.3 faiz, yapon yeni — 2.6 faiz, İslam dinarı — 0.6 faiz, BƏƏ dirhəmi — 0.5 faiz, Səudiyyə rialı — 0.4 faiz, Küveyt dinarı — 0.2 faiz.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.

Əlaqədar

S&P: "Azərenerji"nin borclarının 81%-i valyuta risqinə məruz qalır
Vergilər Nazirliyi 24 min sahibkarın vergi borcunu silib
Ukrayna Rusiyaya borcunu qaytarmaqdan imtina edib
Nardaran camaatının 43 milyon 643 min manat işıq və qaz borcu var
"Azəriqaz" və "Azəristiliktəchizat" arasında borc məsələsi həll olundu
Kredit borclarından necə yaxa qurtarmalı
Teqlər:
4 milyard, Azərbaycan hökuməti, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, kredit, borc, iqtisadi islahatlar

Əsas mövzular