11:35 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
279170

Sumqayıtda böyük söküntü dalğasına hazırlıq gedir. Obyektləri söküləcək olan sahibkarlar şəhər rəhbərliyini özbaşınalıqda ittiham edirlər.

BAKI, 14 yan — Sputnik. Sumqayıt Şəhər İcra hakimiyyəti şəhərin Sülh küçəsində yerləşən obyektlərin söküləcəyini və sahiblərinə heç bir kompensasiya ödənilməyəcəyini bildirib.

Trend-in məlumatına görə, İcra Hakimiyyəti öz mövqeyini həmin obyektlərin qanunsuz tikilməsi ilə əlaqələndirib: "Şəhərin giriş hissəsi sayılan Sülh küçəsi istiqamətində, "Ən ucuz market" adlı ticarət mərkəzi də daxil olmaqla, Heydər Əliyev prospektinə qədər olan ərazidə yerləşən obyektlər qanunsuz tikililərdir. Həmin obyektlər şəhərin baş planına uyğun olmamaqla yanaşı, magistral su, kanalizasiya boruları və telekommunikasiya xətlərinin üzərində yerləşir. Bununla yanaşı, həmin obyektlər yaşayış binalarına çox yaxın məsafədə tikilib və bu da bina sakinləri üçün əsl təhlükə mənbəyidir".

"Obyektlər tikilərkən binaların təhlükəsizlik-mühafizə zolağı nəzərə alınmayıb. Həmin binada baş verəcək istənilən yanğın hadisəsi zamanı yanğınsöndürən maşınların binalara yaxınlaşması mümkün deyil" —deyə İcra hakimiyyətinin bəyanatında qeyd olunur.

Məsələ ilə yaxından tanış olmaq üçün Sputnik-in əməkdaşı sözügedən əraziyə yollanıb. Obyekt sahibləri ilə aparılan söhbətdə məlum olub ki, bu obyektlərin tikilməsi üçün əvvəlki icra başçısına və aidiyyatı qurumlara külli miqdarda pul ödənilib.

Ən ucuz market
© Sputnik / Fuad Həsənov
Ən ucuz market

Sökülməsi planlaşdırılan obyektlər cərgəsində "Şirniyyat evi" də var. Həmin obyekti işlədən Mahir Nəsibov deyir ki, Azərbaycanda qanunsuz tikinti işi aparmaq qeyri-mümkündür.

"Hamı bilir ki, bu ölkədə insan öz həyətində icazəsiz toyuq hini də tikə bilməz. İki daşı üst-üstə qoyanda başının üstünü alırlar və hərə öz haqqını istəyir. "Uçaskovı", icra nümayəndələri, hətta aidiyyatı olmayan qurumlar da tökülüşüb gəlirlər. "Tikmə" deyən yoxdur, hamı "ver" deyir", —M. Nəsibov bildirir.

Mahir Nəsibov, icarədar
© Sputnik / Fuad Həsənov
Mahir Nəsibov, icarədar


"Xalqa imkan vermirlər ki, işləsin, ailəsini dolandırsın. Əslində iqtisadi böhran vəziyyətində, dövlət sahibkarlara toxunmaz, onsuz da maddi yardım heç vaxt etməyiblər, heç olmasa psixoloji dəstək versinlər. Amma görürük ki, sahibkarları daha da sıxışdırırlar", —deyə sahibkar narazılığını dilə gətirir.

Söhbətləşdiyimiz obyekt sahibləri bildirirlər ki, obyektlər söküləcəyi təqdirdə yüzə yaxın insan işsiz qalacaq: "Təsəvvür edin, bu uzun küçədə nə qədər obyekt var və bu obyektlərdə yüzə yaxın işçi çalışır. Bunlar sökülsə, o işçilər necə yaşayacaqlar? Harada gedib çörək pulu qazanacaqlar?"

"Dövlət şərait yaratmaqdansa ki, "bir təhər gedin dolanın", tam əksini edir, qəzəbi kütləni daha da qıcıqlandırırlar", —deyirlər narazı sahibkarlar.

Un məmulatları dükanı
© Sputnik / Fuad Həsənov
Un məmulatları dükanı

Mahir Nəsibov əlavə edir ki, əgər obyektlər söküləcəksə, qarşılığı ödənməlidir: "İcra başçısı və yanına yığdığı qohumları deyir ki, bu obyektlər qanunsuz tikilib. Bu insanlar öz sifətlərini itiriblər. Onlar çox yaxşı bilir ki, Azərbaycanda kimsə öz həyətində icazəsiz toyuq hini də tikə bilməz. Əgər hökumət obyektləri bağlayıb insanları çörəksiz qoyursa, onda "işsizlik maaşı" versinlər".

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin qərarına əsasən, Sülh küçəsində yanvarın 16-dan etibarən söküntü işləri başlayacaq. İlk söküləcək obyekt isə küçəsinin girişindəki "Ən Ucuz Market" alış veriş mərkəzi olacaq.

Əlaqədar

Bakı-Sumqayıt sürət qatarı qadını vuraraq öldürüb
İcra başçılarının “təhsil” kisəsi bağlanır
Bakıda ticarət obyektləri yanıb
Teqlər:
narazılıq, icra hakimiyyəti, söküntü, obyekt, sahibkar, Sumqayıt

Əsas mövzular