15:51 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
78032

İldə 10 milyon adamı öldürəcək bu bəladan Azərbaycan necə xilas ola bilər?

BAKI, 17 dek-Sputnik. Azərbaycanda qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə qarşı cəzalar sərtləşdirilir. Prezident tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi (İXM) Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunacağı halda 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Yeni Məcəlləyə əsasən qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə ediləcəklər. Qüvvədə olan İXM-də siqaret çəkməyə görə cərimə nəzərdə tutulmur. Həmçinin, yeni Məcəlləyə əsasən müəssisə, idarə və təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılması, görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısı və ya işarəsinin təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 1000 manat cərimə edilir.

Qanuna əsasən tədris, tərbiyə, səhiyyə, sağlamlıq, mədəniyyət obyektləri, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, iş yerləri, ticarət, ictimai-iaşə, məişət obyektləri, ümumi istifadədə olan yaşayış binaları və digər qapalı yerlər, ictimai nəqliyyatda siqaret çəkilməsi qadağan edilir.

Sputnik əməkdaşı bu məsələ ilə bağlı bir sıra tanınmış şəxslərin rəyini öyrənib.

Şair Aqşin Yenisey deyib ki, yeniyetmələr öz eqolarını tay-tuşların, cəmiyyətin arasında siqaret çəkməklə təsdiqləyirlər. Ona görə də başlanğıcı bu cür axmaq dəyərlər üzərində qoyulan bir adət inkişaf etdikcə, bütün cəmiyyətin dərdinə çevrilir:

"Kolumb bu zəhəri Avropaya gətirəndə də sərt cəzalar tətbiq olunurdu, hətta ölüm hökmü belə var idi. Amma indi Bakıda avtobusda, taksidə, liftdə siqaret çəkən başdan xarablar var. Məncə, belə adamlara qarşı lap orta əsr cəzalarını da tətbiq etmək lazımdır."

Yazıçı, İTV-nin departament direktoru İmir Məmmədli  bildirib ki, ictimai yerlərdə siqaretə qadağa qoyulmasının tərəfdarıdır, ancaq düşünmür ki, bu addımlar siqaret çəkənləri belə pis vərdişlərdən çəkindirə bilər: "Bu, sadəcə sözügedən tədbir siqaret çəkənləri harda gəldi siqaret çəkməkdən çəkindirə bilər."

Şair Rüstəm Behrudi deyib: "Mən özüm də siqaret çəkən olduğumdan qadağanın müsbət nəticə verəcəyinə inanmıram. Canatma olan yerdə onu cəza ilə aradan qaldırmaq mümkün deyil. Sadəcə olaraq, adamlara onun ziyanlı bir şey olduğunu anlatmaq gərəkdir". 

Məsələ ilə bağlı əməkdar artist, qiraətçi Ağalar Bayramov deyib:

"Bu qərar Türkiyədə çoxdan var və onlar da əməl edirlər.  Amma, biz ipə-sapa yatan deyilik. Qanun hamı üçün olsa, işləyəcək, yox, əgər imtiyazlara görə olsa, onda o qanun kağız üstündə qalacaq".

Təbii ki, siqaret çəkib çəkməmək hər şəxsin öz işidir. Ancaq bu zərərli vərdiş digər insanlara zərər verməməlidir. Bu baxımdan, cəza şərtlərinin sərtləşməsini cəmiyyətdə dəstəkləyənlər çoxdur.  Bununla belə, siqaret çəkən vətəndaşların hüquqları barədə də unutmaq olmaz. Əvvəlcə ictimai yerdə onlar üçün xüsusi yerlər ayrılmalı, yalnız bundan sonra cəza mexanizmləri işə düşməlidir.

Siqaretin ziyanı barədə gənc nəslə elə onların tam olaraq aludə olduğu başqa bir vərdiş vasitəsi ilə — sosial şəbəkələr vasitəsi ilə təbliğat aparmaq daha məqsədəuyğun olardı.  Unutmayaq ki, yanan siqaretin ucundakı istilik 900 selsi dərəcə, ağızdakı istilik isə 30 dərəcəyə bərabərdir. Bu istiliklər səbəbilə tütün yarpağında olan  maddələr dəyişimə uğrayır və yeni kimyəvi maddə yaranır. Bir nəfəs siqaret tüstüsündə 300 milyon dənəcik olduğu müəyyən edilib.

Gündə bir paket siqaret çəkən insanın minlərlə dəfə içə çəkmə hərəkəti etdiyini nəzərə alsaq, orqanizmə daxil olan zərərli kimyəvi maddələrin miqdarını asanlıqla anlamaq olar. Siqaret tüstüsündə olan əsas maddələr kokain və morfi qədər asılılıq yarada bilir.  Nikotin qanda oksigen daşınmasına mane olan və ölümə yol açan maddədir.

Qeyd edək ki, Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb.

Hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaret səbəbli xəstəliklərdən dünyasını dəyişir. ABŞ alimlərinin araşdırmalarına  görə, belə davam edərsə, 2020-ci ildə dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretə bağlı olacaq və hər il təxminən 10 milyon insan siqaretdən öləcək. Bu 10 milyon insanın 7 milyonu inkişaf etməkdə olan ölkələrdə olacaq. 

Teqlər:
xərçəng, nikotin, Rüstəm Behrudi, Ağalar Bayramov, İTV, İmir Məmmədli, Kolumb, Aqşin Yenisey, İnzibati Xətalar Məcəlləsi, siqaret, Azərbaycan

Əsas mövzular