CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda azyaşlı uşaqları dini sektalara cəlb edirlər

© AFP 2023 / MOHAMMED HUWAISHicablı uşaq
Hicablı uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Kəmalə Aşumova: Uşaqların dini sektalara cəlbi problemi artıq ölkənin ayrı-ayrı regionlarında deyil, bütün Azərbaycanda mövcuddur.

BAKI, 3 dek-Sputnik. Azərbaycanda məktəbyaşlı uşaqlar müxtəlif dini sektaların təlimlərinə cəlb edilir.

Sputnik-in məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Trend-ə bildirib ki, uşaqlar din altında müxtəlif bəhanələrlə orta məktəblərdən uzaqlaşdırılır və dini ayın, mərasimlərə qatılırlar: "Bu, təkcə islam dini ilə bağlı məsələ deyil. Məktəbyaşlı uşaqların müxtəlif təriqət və sektaların təlimlərinə cəlb edilməsi hallarına rast gəlirik".

G.İsmayılov əlavə edib ki, dini sektalara cəlb edilən uşaqların sayını deyə bilməz: "Biz bunun statistikasını aparmırıq. Amma Gəncədə baş verən son hadisələri, eləcə də Gəncədə İcra Hakimiyyəti tərəfindən haqlı olaraq edilmiş müdaxilələrə baxsanız, belə halların şahidi olarsınız".

"Ümidli Gələcək" Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova Trend-ə bildirib ki, təşkilatın Sosial Xidmət mərkəzlərində reabilitasiya olunan uşaqlar arasında dini sektalara cəlb olunan uşaqlar da olub.

Onun fikrincə, uşaqların dini sektalara cəlbi problemi artıq ölkənin ayrı-ayrı regionlarında deyil, bütün Azərbaycanda mövcuddur: "Vəziyyət onu göstərir ki, dini sektalara yönləndirlən uşaqların sayı elə də az deyil. Dini sektaların olduğu bölgələrdə uşaqların onlara cəlbi riski hələ də var".

K.Aşumova qeyd edib ki, dini sektalara, əsasən, keçid dövrünü yaşayan 14-18 yaşlı uşaqlar cəlb edilir: "Onlar ailədə qayğı görməyən, iradəsi zəif olan, ünsiyyətə olan tələbatlarını ailədə tapa bilməyən, psixoloji travma ilə üzləşən, eyni zamanda sosial vəziyyəti aşağı olan ailələrin uşaqları olurlar. Onları bu sektalara yaşca böyük olan insanlar, gənclər cəlb edirlər. Bizim rastlaşdığımız hallar göstərir ki, uşaqlar "vəhhabizm" deyilən cərəyanlara qoşulurlar. Bu cərəyana qoşulduqdan sonra onlar üz görünüşlərində dəyişiklik etməyə, ailədə valideynlərin sözünü dinləməməyə başlayırlar".

Uşaqların "dəstəkverici" vədlərlə dini sektalara cəlb edildiyini deyən K.Aşumovanın sözlərinə görə, dini sektalara üz tutan uşaqlar çox ciddi psixoloji təsir altında olduqlarından onların reabilitasiyası çətin aparılır.

Təşkilat rəhbəri deyib ki, həm ailə, həm də uşaq psixoloqları uşağın cəmiyyətə inteqrasiyası üçün işlər görsə, həmin uşaqlar dini sektalardan yayındırıla bilər: "Belə uşaqlar barədə bizə fərdi olaraq məlumat verilir, ya da məlumatlar orta məktəblərdən alınır. Bu sektaların sayəsində uşaqlar cinayətə də sövq edilir və cinayətkar uşağa çevrilirlər".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, uşaqları inkişaf etdirmək üçün idmana və s. məşğuliyyətə yönləndirmək əvəzinə, zorakılıq törətməyə yönləndirmək çox təəssüfedicidir: "Cox təəssüf ki, bu gün Bakının kəndlərində erkən nikah, təhsildən yayınma və uşaqları digər mənfi hallara cəlb etmə prosesləri davam edir. Son faktlar göstərir ki, uşaqlar nəinki təhsildən yayındırılır, onlar həm də dövlət qurumlarının nümayəndələrinə qarşı zorakılığa istiqamətləndirilir. Bu uşaqlar gələcəyin əsgəri, həkimi, hakimi, biznesmeni və s.-dir. Bu gün biz bu uşaqlara hansı məlumatlara çatdırsaq, onlar gələcək nəsillərə də onu çatdıracaqlar".

E.Səfərov əlavə edib ki, belə halların qarşısının alınması üçün ehtiyac olduqda yerli icra hakimiyyətlərinin Qəyyumluq və Himayəçilik komissiyaları tərəfindən məhkəmələrdə valideyn hüquqlarının məhdudlaşdırlıması məsələsi qaldırılmalıdır.

Bu faktların qarşısının alınması üçün maarifləndirmə işlərinin gücləndirilməsini də vacib sayan komitə rəsmisi bildirib ki, ilk növbədə, yerlərdə uşaqların təhsilə cəlb edilməsi üçün işlər gücləndirilməli, uşaqlarını, xüsusilə qız uşaqlarını təhsilə cəlb etməyən valideynlər məsuliyyətə cəlb edilməlidirlər.

E.Səfərov deyib ki, uşaqların dini etiqad hüququ tanınır, amma bu, onların təhsil almaq hüququna, onların inkişafına maneə yaratmamalıdır.

Komitə rəsmisi hesab edir ki, uşağını dini etiqada görə təhsildən yayınmağa məcbur edən valideynlər məsuliyyətə cəlb edilməlidir: "Bu işə həm polis, həm yerli icra hakimiyyəti orqanları, həm də təhsil müəssisələri cəlb edilməlidir".

Xəbər lenti
0