07:15 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
12622

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev: Yoxlamalara iri müəssisələr problem yaratmır. Əksinə deyir ki, yoxla problemimi aradan qaldırım.

BAKI, 14 avq — Sputnik. Yay mövsümü olduğundan tez-tez zəhərlənmə faktları ilə rastlaşırıq, insanlarda kütləvi zəhərlənmə faktıda qeydə alınır ki, bu da əsasən toylarda baş verir.  Bu zəhərlənmə halları da demək olar ki, sanitar-gigiyenik qaydalara riayət olunmaması nəticəsində baş verir. Elə son belə bir hadisə — avqustun 8-də Bakıda fəaliyyət göstərən “Zəngəzur” şadlıq sarayında 77 nəfərin zəhərlənməsi hadisəsi də məhz gigiyenik qaydalara riayət olunmaması faktı olub. Bütün bunları nəzərə alaraq gələcəkdə belə hallarla rastlaşmamaq üçün Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevə müraciət etdik. 

İmran Abdullayev Sputnik-ə müsahibəsində bildirdi ki, bu gün ölkədə fəaliyyət göstərən bütün növ iaşə, şadlıq sarayı, ticarət müəssisələrinin əksəriyyətinin fəaliyyətində gigiyena qaydalarına riayət olunması məsələsində ciddi nöqsanlar var: “Yəni vəziyyət elə də ürəkaçan deyil və nöqsanlar var. Ona görə də bu nöqsanların aradan qaldırılmasında ilk növbədə həmin obyektlərin rəhbərləri, sahibkarlar özləri işlərinə məsuliyyətlə yanaşıb işlətdikləri müəssisədə gigiyenik qaydalara riayət olunmasına çalışmalıdırlar. Çünki iaşə müəssisəsinin əsas iş prinsipi gigiyenik qaydalara riayət olunmaqla fəaliyyət göstərməsidir. Məhsul haradan alınır, mənşəyi nədir, qəbul etdiyi məhsulu, ərzağı gigiyenik-sanitar qaydalara uyğun yerdə saxlamalıdır və sair.”

Epidomioloq bildirib ki, toylarda bəzən masalara yuyulmamış meyvələr gətirilir və yaxud mənşəyi bəlli olmayan qidalar təqdim edilir.

“Belə hallarla bağlı bizə kifayət qədər məlumatlar və şikayətlər daxil olur. Xüsusən də toyda istifadə olunan tortlar, şirniyyatlar və sair məhsullar, şadlıq sarayının rəhbərliyi ilə vətəndaşın iş birlyi nəticəsində  gigiyenik qaydalara riayət olunmadan hazırlanan məhsullar insanlara təqdim olunur. Bu da nəticədə xoşagəlməz  hadisələrə gətirib çıxarır. Biz belə halları yoxlayırıq və ortaya çıxan nöqsanların aradan qaldırılmasına çalışırıq.  Axı müəssisə rəhbəri bilməlidir ki, o bu hala yol verməklə cinayət məsuliyyəti daşıyır. Qanunvericilik bu halları qadağan edir. Şadlıq sarayı, ticarət obyektləri, iaşə müəsisələri məhsulları ancaq qanuni fəaliyyət göstərən istehsal müəssisəsindən, həmin məhsulu müşayiət edən sənədlə birlikdə almalıdır”,  - deyə epidomioloq vurğulayıb.

İ. Abdullayev əlavə edib ki, digər problemlərdən biri də şadlıq saraylarında saxta içkilər və bölgələrdə şadlıq saraylarının vətəndaşlara icarəyə verilməsi  ilə bağlıdır: “Bölgələrdə şadlıq saraylarının vətəndaşlara icarəyə verilməsi nəticəsində xeyli sayda zəhərlənmə faktı aşkar olunub. Şadlıq sarayları 300-500 manata vətəndaşa icarəyə verilir və oradakı yeməklərin əksəriyyəti ev şəraitində gigiyenik qaydalara riayət olunmadan hazırlanır. Sonda biz vətəndaşlar da bunun acı nəticəsini yaşamalı oluruq. Bax şadlıq saraylarının sahibləri bu məsələdə də məsuliyyət daşıyırlar. Axı şadlıq sarayında onun öz personalı işləməlidir və orada digər şəxs işləyə bilməz.”

Bu faktların vaxtında aşkar edilib, ciddi tədbir görülməsi məsələsinə gəldikdə epidemioloq bildirdi ki, 2014-cü ildə  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiə  olunması haqqında “ qanun qəbul olunandan sonra bu sahədə müəyyən çətinliklər yaranıb. “Belə ki, qanun qüvvəyə mindikdən sonra yoxlamalar ancaq planlı qaydada dövlət reyestri əsasında aparılır və bundan kənar istənilən vaxt yoxlamalar aparmağa imkan verilmir. Düzdür, sahibkarın fəaliyyətinə qanunsuz müdaxilə yolverilməzdir, ancaq sahibkar da öz  fəaliyyətində məsuliyyətli olub qanunlara və gigiyenik qaydalara əməledərək fəaliyyət göstərməlidir. Biz o zaman vaxtından əvvəl  yoxlama apara bilirik ki, onda yoxlama aparılacaq müəssisə təhlükəli risq qrupuna düşsün. Məsələn, “Zəngəzur” şadlıq sarayındakı hadisə böyük risq qrupuna aid olduğundan orada vaxtından əvvəl yoxlamalar aparıldı və bir ildən sonra orada növbədənkənar yoxlama aparılacaq. Bu yoxlamalar ancaq risq qiymətləndirilməsi əsasında aparılır”, — deyə  İ. Abdullayev qeyd edib.

Epidemioloq onu da əlavə etdi ki, hətta planlı yoxlama zamanı da ortaya ciddi problemlər çıxır: “Problem isə ondan ibarətdir ki, müəyyən edilmiş vaxt nəzərdə tutulan müəssisədə yoxlamaya gedirsən və  müəssisənin  sahibinin dəyişdiyinin şahidi olursan. Belə olan halda isə qanunvericilik yoxlamanın aparılmasına imkan vermir və nəticədə yoxlama aparmaq olmur. Baxmayaraq ki, yoxlama aparmaq istədiyimiz müəssisə yerindədir və fəaliyyət göstərir, ancaq sahibkar dəyişdiyindən yoxlama aprmaq mümkün deyil.  Qanunda da burada yoxlamanı aparmaq üçün müddəa nəzərdə tutulmur və təkrar yoxlama da mümkün deyil. Yoxlama ancaq növbəti təqvim planına uyğun aparıla bilər. Bax belə problemlər var. Bu isə adamı düşünməyə vadar edir.”

Yoxlamalar zamanı ortaya çıxan problemlərdən danışan İ. Abdullayev bildirdi ki, təqvim planına uyğun şadlıq sarayına yoxlamaya gedəndə həmən gün orada toy olmadığından şadlıq sarayı işləmir: “Qapıda ancaq gözətçi oturub və deyir ki, kimsə yoxdur. Belə olan halda qanun orada digər tarixdə təkrar yoxlama aparmağa imkan vermir. Qanundankənar yoxlamaların aparılmasının isə mürəkkəb qaydaları var. Vaxtından əvvəl və qanundankənar yoxlama üçün ya şikayət olmalıdır, ya müəssisə rəhbəri özü müraciət etməlidir. Yaxud da planlı yoxlama zamanı ciddi nöqsanı aradan qaldırılmasının icrasını yoxlamaq məqsədi ilə yoxlama aparıla bilər. Digər hallarda yoxlama aparmaq qadağandır. Yəni mövcud qanunvericilik sahibkarın fəaliyyətinə qanunsuz müdaxiləyə imkan vermir.”

İ. Abdullayev hesab edir ki, belə hallarda sahibakar sui-istifadə hallarına yol verir: “Düzdür, bu hamıya aid olmasa da, belə hallar mövcuddur. Yəni burada sahibkar anlamalıdır ki, əgər hakimiyyət ona sahibkarlığın inkişafı naminə yaşıl işıq yandırıbsa, bundan sui-istifadə etməli deyil, əksinə qanunun tələblərinə riayət etməlidir. Məsuliyyət daşıyıb gigiyenik qaydalara əməl etməlidir. Əgər sahibkar  öz işində səhlənkar və ya biganədirsə, ora nəzarətçi qoysan da xeyri yoxdur.

Bəzən şadlıq sarayında işçilərin tibbi arayışını yoxlamaq istəyirsən, ən yaxşı halda sənə 8-10 nəfərin sənədini təqdim edir. Hələ o da olsa. Bu yolla onlar həm vergi orqanlarını, həm əmək müfəttişliyini və digər aidiyyatı dövlət qurumlarını aldadırlar.”

Epidemioloq əlavə etdi ki, bununla belə müəssisə rəhbəri özü dəvət edir və fəaliyyətini yoxlatdırır: “Yoxlamalara əsasən iri istehsal müəssisəsi  problem yaratmır. Əksinə deyir ki, yoxla problemimi aradan qaldırım.”

İ. Abdullayev bildirdi ki, yoxlama zamanı ən ciddi problemi kiçik iaşə və istehsal müəssisələri yaradır: “Yoxlamaya gedirsən qapını bağlayır və üzünə  açmır. Əgər qaranlıq bir işin və ya nöqsanın yoxsa, niyə qapını açmırsan, yoxlama aparmağa imkan vermirsən? Bax əsas problem kiçik müəssisələrlə bağlıdır.”

Teqlər:
Zəngəzurdakı zəhərlənmə, Zəngəzur restoranındakı zəhərlənmə, Zəngəzur restoranında zəhərlənmə, İmran Abdullayev

Əsas mövzular