10:11 19 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
Azərbaycan və Qazaxıstan hərbçiləri arasında protokol imzalanıb

Qazaxıstan generalları Bakıya gəlib

mod.gov.az
CƏMİYYƏT
Qısa URL
26 0 0

Azərbaycan və Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargahları arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

BAKI, 13 iyul — Sputnik. İyulun 13-dən Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini — Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Saken Jasuzakovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumata görə, qonaqlar əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq “Şərəf Kitabı” imzalanıb.

Azərbaycanın müdafiə nazirinin birinci müavini — Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla general-polkovnik S.Jasuzakov arasında əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib. Görüşdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktı, qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu qonaqların diqqətinə çatdırılıb.

Sonra tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, Silahlı Qüvvələrin nümayəndələrinin qarşılıqlı təcrübə mübadiləsi, Xəzər dənizi hövzəsində, o cümlədən ölkələrimizin yerləşdikləri regionlarda təhlükəsizlik məsələlərini ətraflı müzakirə ediblər.

Sonda Azərbaycan və Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargahları arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

Azərbaycana səfəri çərçivəsində Qazaxıstan nümayəndə heyətinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzi, Hərbi Dəniz Qüvvələrinin bazası və Azərbaycan sülhməramlıları ilə tanışlığı planlaşdırılıb.

Səfər iyulun 15-dək davam edəcək.

Əsas mövzular