QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Öz qanı ilə tarix yazan astaralı şəhid Orxan Babayev

© Sputnik / Rahim MuradovAstaralı şəhid Orxan Babayev
Astaralı şəhid Orxan Babayev - Sputnik Azərbaycan, 1920, 09.11.2022
Abunə olmaq
Orxan qumbaraatan idi, orada düşmənin bir neçə tankını və zirehli texnikasını məhv etmişdi. Dostu deyir ki, əgər Orxan olmasaydı, itkilərimiz çox olacaqdı.
BAKI, 9 noyabr — Sputnik. Şuşa şəhərini erməni qəsbkarlarından azad edərkən adını öz qanı ilə tarixə yazan Daxili Qoşunların Baş çavuşu Şəhid Orxan Babayev. 1994-cü ildə Astaranın Kijəbə qəsəbəsində dünyaya göz açan Orxan ailədə 3-cü övlad olub. "
Biz ailədə 4 qardaş olmuşuq, Orxan məndən sonra 3-cü qardaş idi. Orxan çox mehriban, sadə, yolagedən biri idi. Yaş fərqimiz az olduğuna görə çox yaxın münasibətimiz var idi. Nə çətinliyi, nə sevinci var idisə mənimlə bölüşürdü."- Elvin Babayev şəhid qardaşı haqqında Sputnik Azərbaycana müsahibəsində bildirib.
Elvin Babayev qardaşı Orxanla 44 günlük Vətən müharibəsi zamanı tez-tez əlaqə saxladığını deyib:
"Qərara gəldik ki onun müharibədə olduğunu valideynlərimizə deməyək. Yoxsa onlar üçün hər gün bir ilə dönəcəkdi. Bu səbəbdən sıx-sıx biri-birimizlə əlaqə saxlayırdıq. Döyüşlər zamanı uzun-uzadı danışmağa vaxt olmadığına görə, müəyyən zaman çərçivəsində biri-birimizdən hal-əhval soruşurduq. Harada olduğunu mənə müəyyən şifrələrlə deyirdi. Noyabrın 7-də Şuşa ətrafında şəhid oldu".
© Sputnik / Rahim MuradovAstaralı şəhid Orxan Babayevin fotoları və şəxsi əşyaları
Astaralı şəhid Orxan Babayev - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Astaralı şəhid Orxan Babayevin fotoları və şəxsi əşyaları
Elvin torpaqlarımızın işğaldan azad edilməsində şəhid qardaşının da payının olmasından qürurlandığını ifadə edib:
"Bu hissi sözlə ifadə etmək olmur. Qardaş itirmək çox acı bir şey olsa da, onun şəhid olması, necə deyərlər, 30 illik xalqımızın həsrətinə son qoyması, bu cür qəhrəmanlıq göstərərək şəhadətə qovuşması ilə ancaq fəxr edirəm. Qürur hissi duyuram ki, Orxan kimi qardaşım var".
Orxanın döyüş və xidmət yoldaşı, eyni zamanda həmkəndlisi Şəhriyar Mərufov da bizimlə xatirələrini bölüşüb: "Biz əvvəldən də dost idik. Hərbi xidmət sadəcə dostluğumuzu daha da möhkəmlətdi. Biz orada çətin günlərdən, çətin sınaqlardan, kurslardan keçmişik. Hərbi xidmətdə isə bizim Orxanla münasibətimiz 2016-cı ildən başlayıb və daha da möhkəmlənib". 
Dostlar müharibə zamanı Füzuli istiqamətindən hərəkətə başlayıblar. Ondan sonra Cəbrayıl, Hadrut, Xocavənddə döyüşüblər. Ən qızğın, son döyüşləri isə Şuşa şəhərini düşmən işğalından azad etmək uğrunda olub.
"Bizə verilən tapşırığa əsasən 3-4 gün ərzində Şuşa şəhəri istiqamətində hərəkət etdik. Biz orada meşələrdən, dağlardan, dağ cığırlarından və çətin yollardan ac-susuz keçdik. Hətta elə olurdu ki, Orxanla birlikdə bir peçenyeni bir neçə hissəyə bölüb yeyəndən sonra hərəkətə başlayırdıq. Şuşada birbaşa düşmənin üzərinə hücumə keçdik.
© Sputnik / Rahim MuradovAstaralı şəhid Orxan Babayevin fotoları və şəxsi əşyaları
Astaralı şəhid Orxan Babayev - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Astaralı şəhid Orxan Babayevin fotoları və şəxsi əşyaları
Orada 1553-cü zirvədə düşmənlə atışmada, düşmən postunun yerləşdiyi yüksəkliyi ələ keçirəndən sonra hər qrupa ayrı-ayrı tapşırıqlar verildi. Bizim qrupu həmin yüksəkliyin mühafizəsi üçün saxladılar. Orxanın hərəkət etdiyi qrup isə Şuşanın mərkəzinə doğru irəliləməli idi".
Şəhriyar deyir ki, məhz Orxanın qəhrəmanlığı nəticəsində onların dəstəsində itki az olub: "Şuşa-Laçın koridoru istiqamətindən hərəkət edən erməni tankları bizə atəş açmağa başladılar. Orxan qardaşımız qumbaraatan idi və orada düşmənin bir neçə tankını və zirehli texnikasını məhv etmişdi. O, orada böyük qəhrəmanlıq göstərdi. Əgər o texnikalar məhv edilməsəydi, bizim işimiz çətinləşəcək və itkimiz çox olacaqdı. Noyabrın 5-də mən həmin yüksəklikdə yaralandıqdan sonra onlar döyüş tapşırığını davam elədilər və noyabrın 7-də Şuşa qalası yaxınlığında ermənilərin minaatandan atdığı mərminin partlaması nəticəsində Orxan qardaşımız şəhid oldu".
© Sputnik / Rahim MuradovAstaralı şəhid Orxan Babayevin medalının vəsiqəsi
Astaralı şəhid Orxan Babayev - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Astaralı şəhid Orxan Babayevin medalının vəsiqəsi
Noyabrın 8-i Şuşa alınan gün, xəstəxanada yatan Şəhriyara Orxanın şəhid olduğunun deyiblər.
"Biz buna inanmırdıq. Döyüşlərin bitməyinə 2 gün qalmışdı, həm də elə cəsur, igid qardaşımızı itirməyi biz qəbul edə bilmirdik. Həmişə hücum əmrini gözləyirdik. Bizim Orxanla xüsusi təyinatlıları seçməyimizin, yəni orada xidmət etməyimizin səbəblərindən biri də torpaqlarımızın işğal altında olması idi. İnanırdıq ki, bir gün bu tapşırıq olacaq və torpaqlarımızı düşməndən azad edəcəyik. Torpaqları azad etdikcə, postları aldıqca, bizə dincəlmək əmri veriləndə istirahət etmək yox, qabağa gedib yeni torpaqları işğaldan azad etmək istəyirdik", - deyə Şəhriyar bildirir.  
Prezident İlham Əliyevin sərəncamına əsasən Orxan Babayev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Xəbər lenti
0