21:00 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
QARABAĞ
Qısa URL
4110

Ballıqayadakı ailəsinə çatmaq üçün ata postda duran əsgərlərə yalan danışır: qırılan bizim ailəmizdir. Faciə yerinə çatanda isə yalanının həqiqət olduğu ortaya çıxır. Ballıqaya qətliamında ailəsini itirən Vəzir Hümbətov faciə haqda Sputnik Azərbaycan-a danışır.

Üçüncü yazı

Bu gün, yəni avqustun 28-i Ballıqaya faciəsinin növbəti ildönümüdür. Həmin faciədə 24 nəfər azərbaycanlı amansızlıqla qətlə yetirilib. Hətta hadisə zamanı elə ailə var idi ki, erməni cəlladları onlara yaşadıqları yerdən tərpənməyə belə aman verməyib. Dinc sakinləri elə olduqları yerdə yandırıblar. Ballıqaya faciəsində ailə üzvlərini itirən Vəzir Hümbətov bu barədə Sputnik Azərbaycan-a danışıb.

1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində daha bir amansız cinayət - Ballıqaya qətliamı törədilib. Nəticədə 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib, onların arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq isə hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Həmin ailələrdən biri də Laçın rayonundan məcburi köçkün düşərək, Ballıqaya ərazisində müvəqqəti məskunlaşan Vəzir Hümbətovun ailəsidir. Faciə zamanı həyat yoldaşı və 6 övladını itirən müsahibimiz hadisəni belə xatırlayır.

© Photo : Vezir Gumbatov
Hümbətova Gülnar Vəzir qızı

“Biz Laçın rayonundan məcburi köçkün düşəndə Laçın rayonunu ermənilər tutmuşdular. Yolumuz Kəlbəcər istiqamətinə düşdü. Kəlbəcərdən gəlib Murovdağı aşdıq, Göygöl rayonunun ərazisinə gəlib, orada məskunlaşdıq. Yeddi ailə idik. Qohum-əqraba... Yeddi ailədə ümumilikdə 30-35-ə yaxın adam var idi. Məskunlaşıb, 3-4 aya yaxın qaldıq orada. Göygöl rayonunun ərazisində. Ondan sonra payız düşürdü. Dedik, köçək gedək Qarabağa sarı. Çünki qohum-əqrəbanın yanında məskunlaşmaq lazımdır. Gəldik Goranboy rayonu ərazisində Ağcakənd qəsəbəsindəki Ballıqaya ərazisinə. Bizim də malımız, qoyunumuz, heyvanımız vardı. Ona görə oradan da yaylağa çıxdıq. Üç-dörd gün qalandan sonra gəldim Bərdə rayonuna. Burada dedilər ki, Tərtər rayonunun Talış kəndində camaata - laçınlılara ev verirlər. Orada boş evlər vardı. Getdim axtardım. Bir ev tutdum. Qayıtdım gəldim Bərdə rayonunun Kətəlparaq kəndinə. Qardaşımı göndərdim. Dedim ki, get o evin qapısında dur, heç kəs girməsin. Gedirəm evi köçürüm, gəlim”.

"Amma mən ailəmi həvəslə tutduğum evə yox, son mənzilə gətirməli oldum," - müsahibim deyir.

V.Hümbətov qeyd edib: “Getdim, Goranboy rayonunda Ağcakəndə çatanda postda qabağımızı kəsdilər, dedilər ki, yuxarıda atışma olub. Adam öldürüblər. Heç kəsi buraxmırıq. Mən orada onlara yalandan dedim ki, o qırılan adamlar bizim adamlardır. Elə dedim ki, məni buraxsınlar. Buraxdılar, keçdim. Qabaqda bir post da vardı. Orada da dedilər ki, keçmək olmaz. Adam öldürüblər. Onlara da dedim ki, bizim camaatdır qırılan. Buraxdılar bizi... Çatdım yaylaq yerinə. Haradasa 2 saatlıq uzaq yol idi, enişli-yoxuşlu. Çatdım oraya”.
© Photo : Vezir Gumbatov
Vəzir Hümbətovun həyat yoldaşı Hürzaman xanım

Taleyin acı oyunu. Sən demə, Vəzirin uşaqlarını görmək üçün danışdığı yalan doğru imiş... Ballıqayaya çatan müsahibimiz balalarını görmək üçün tələsdiyi ünvanda gördüklərindən dəhşətə gəlir: “Çatdım ki, hamını qırıblar. İyirmi dörd nəfəri qətlə yetiriblər. Bir-ikisi sağ qalıb. Bir-ikisi qaçıb. Bir-ikisi yaralı qalıb. Qətlə yetirilənlər hamısı alaçıqda yaşayırdılar. Orada taxtadan bir daxal vardı. Ailəmi yığmışdım ora. Gəldim ki, daxalı ermənilər yandırıblar. Ailəmə od vurub, yandırmışdılar. Daxalda hamısı yanıb. Sümüklər qalıb. Kül tökülüb. Taxta qırığı, şifer paraları tökülüb, sümüklərin üstünü basdırıb”.

"Balalarımın sümüklərini, torpağı, daşı-qumu qazaraq, onları yeni ünvanımıza köçmək üçün gətirdiyim maşının arxasına yığdım. Cansız bədən də yox, sadəcə yanan ailəmdən geriyə qalan sümükləri", -  deyə o əlavə edir.

“Qazdım torpağı, külü... Dağıtdım. Meyitlərin hamısını, sümükləri oradan çıxartdım. Yığdıq maşınların üstünə. Götürdük gəldik Bərdəyə. Orada da meyitləri Bərdənin Qaradəmirçi, Nazırlı, Tumaslı kəndlərinin qəbristanlıqlarına apardılar. Bizimkini də Ağdam rayonunun Güllücə kəndinə. Yoldaşımın əmisi orada yaşayırdı. Oraya apardılar. Orada da qəbrin üstün götürəndən sonra aradan 3-4 ay keçmiş Ağdam rayonu işğal olundu. Oradan da çıxdıq. Qəbirlərimizin hamısı girov qaldı”.
© Photo : Vezir Gumbatov
Hümbətov İsmayıl Vəzir oğlu

Müsahibimiz deyir ki, ötüb-keçən 29 il ərzində acıları dinməyib: "Nəhayət ki, Ali Baş Komandanımız İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması əmri ilə ordumuz işğalda olan ərazilərimizi geri qaytarana kimi... İndi xeyli sakitləşmişəm. 29 ildən sonra mən Ağdama getdim və erməni terroru nəticəsində yandırılıb, məhv edilən ailəmin, doğmalarımın qəbrini tapıb, ziyarət etdim".

“Bu gün cənab prezidentimizin sayəsində, ordumuzun hesabına getdik oraya çıxdıq. Məni apardılar Ağdamın Güllücə kəndinin qəbristanlığına. Getdim, qəbri tapdım. Ziyarət etdim. Laçın rayonunun Nağdalı kəndinə getmişdim. Oradan öz həyətimizdən torpaq gətirmişdim, su gətirmişdim. Suyu da, torpağı da tökdüm qəbrin üstünə. Xeyli təsəlli aldım orada. Bir az baxdım o üzə-bu üzə. Daşı təmizlədim. Qəbri dağıdıblar, amma eşib, meyiti çıxarmayıblar. Elə bil ki, təsəlli tapdım”, - o əlavə edib.

Qeyd edək ki, tarixdə Ballıqaya qətliamı kimi tanınan hadisə 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş verib. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 insanı amansızlıqla qətlə yetirib, 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.

Eləcə də oxuyun:

Teqlər:
Laçın, Goranboy, faciə, qətliam, erməni terroru

Əsas mövzular