CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ədil Arifoğlu: Kartof-soğandan reportaj hazırlayandan hərbi reportyor olmaz

© AFP 2023 / SAID KHATIBСотрудники прессы, фото из архива
Сотрудники прессы, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.06.2021
Abunə olmaq
Reportyor Ədil Arifoğluda Birinci Qarabağ müharibəsinin dəhşətlərini əks etdirən 500 saatlıq material var və o, materialların məhv olmasından qorxur.

BAKI, 27 iyun — Sputnik. Hər kəs onu çəkiliş zamanı boğazından yara almış reportyor kimi tanıyır. 1992-ci ildən başlayaraq ölkəmizin ən çətin və ən qızğın döyüşlərini onun gözü ilə baxırıq. Söhbət hazırda AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, müharibə reportyoru Ədil Arifoğludan gedir. Ədil müəllim Birinci Qarabağ savaşında başına gələn hadisələrdən, Azərbaycanda hərbi reportyorluğun vəziyyətindən Sputnik Azərbaycan-a danışıb: "Füzulinin, Cəbrayılın, Qubadlının, Ağdamın, Kəlbəcərin və digər işğal olunmuş ən qızğın müharibələrin getdiyi döyüş nöqtələrindən çəkmişəm. Xocalı faciəsi baş verəndə Seyidağa ilə Çingiz getilər Xocalını çəkdilər, mən isə fevralın 28-i məsciddə başı kəsilmiş, doğranmış, şaxtadan donmuş meyidləri çəkdim. Mən Çingiz Mustafayevlə "215 kl" studiyasında işləyirdim. Təəsüf ki, o az işlədi, şəhid oldu. Biz həftə 2 dəfə döyüş bölgəsinə gedirdik. Elə bölgə yoxdur ki, oradan materialım olmasın. Haradasa 1 ildir sosial şəbəkədəyəm. 2016-cı ildən "Youtube" kanalıma həmin videoları yerləşdirməyə başladım. Öz yaramlanma kadrımı yerləşdirmişdim, 200 nəfər şərh yazmışdı, onlardan 195-i "Allah rəhmət eləsin" yazmışdı. Bəzən deyirlər "Ədil müəllim, atam şəhid olub, sizin çəkdiyiniz kadrlarda atamı görüdüm". Bundan gözəl nə ola bilər?".

Qəhrəmanımız döyüşlər zamanı yaralanma anında danışıb: "1994-cü ilin fevralın 12-ində Füzuli rayonunun Seyidəhmədli və Qorqan kəndlərinin azad olunması uğrunda döyüş gedəndə orada çəkiliş aparırdım. Mən kəndin azad olunması uğrunda əsgər və zabitlərimizlə birlikdə döyüşə girmişdim, döyüşü çəkirdim. Mənimlə birlikdə rəhmətlik operator Fikrət Qafarov da çəkiliş edirdi. O arxada "rezerv" deyirlər, yəni, ehtiyat əsgərlərimizin yanında idi. Orada yaralandım. Mənim yaralanma kadrımı o çəkib. Snayper gülləsi idi, 3 güllədən sonra boğaz nahiyəmdən yaralandım. İki əməliyyatdan sonra gülləni çıxara bildilər. Füzulinin Şükürbəyli kəndində səhra hospitalı var idi, həmin hospitalda məni əməliyyat elədilər. Çox təəssüf ki, çəkdiyim kadrlardakı əsgər və zabitlərin demək olar ki, 70%-i şəhid olub. 1992-94-ə qədər mən çəkilişlər etdim. Hər kəs məni boğazında yara almış reportyor kimi tanıyır".

Bu yaxınlarda CNN-nin müxbiri Fulya Öztürk haqqında film çəkilişlərinə başlanılıb. Bu məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Ədil müəllim bu mövzuya öz münasibətini bildirdi: "Bizim haqq səsimizi dünyaya çatdıran istənilən jurnalistin xidməti qiymətləndirlməlidir. Fulya xanım haqqında film çəkmək qəbahət deyil. Fulyanın etdiklərini biz 90-larda etmişik. Ağdamda bombardımanın altında çəkmişik. Bomba evə düşür, dağıdır. Biz həmin anı çəkmişdik. Biz çəkirdik, amma bizim dünyaya çıxışımız yox idi, gəlirdik Bakıya, Bakıdan ötürürdük".

Müsahibimiz deyir ki, onun üçün ən ağrılı kadrlar Kəlbəcərdə çəkdikləridir: "Aprel ayında insanların Kəlbəcəri tərk etməsi kadrları dünyada daha çox yayılıb. 1992-93-cü illərdə Türkiyədən, Rusiyadan və digər ölkələrdən Azərbaycana gəlirdilər. Həmin dövrdə ölkəmizə gələn jurnalistlər gəlib bizim çəkdiyimiz videoların nüsxəsini aparırdılar. Azərbaycanın haqq səsinin yayılması naminə o kadrları verirdik. Çox utandırıcı haldır ki, 44 günlük müharibədə bizim reportyorlarımız o kadrları çəkmədilər. Niyə bizim əhalimiz müharibə xəbərlərini CNN-dən almalıdırlar? Müəyyən adamlar deyir icazə vermədilər. Bizi də qoymayıblar o vaxt getməyə. Füzulidə, Cəbrayılda döyüşlər gedirdi, icazə vermirdilər. Gizli yolla gedib çəkmişdik. Hətta hərbi hissənin vertolyotuna minmişik, gəlib düşmüşük Kəlbəcərə, Kəlbəcərdən çıxanda da axırıncı vertolyotla çıxmışıq. Bu kadrların hər biri mənim "Youtube" kanalımda var".

Hərbi reportyor müharibə dönəmində hazırlanan repotajları tənqid etdi. Müsahibimiz təəssüflə qeyd edir ki, 44 günlük müharibədə Birinci Qarabağ müharibəsində reportyorluq etmiş hərbi reportyorların təcrübəsindən yararlanmadılar: "Biz çox şanlı bir tarix yaşadıq – rayonlarımız, kəndlərimiz azad olundu. Amma biz bunun kadrlarını görə bilmirik. Bir kəndin belə azad olunmasını xəyal edirdik, bizə nağıl kimi görünürdü. Amma neçə rayon işğaldan azad olundu. Kəlbəcərin azad olunması bizim üçün nağıl idi. Amma nə olsun, bunları çəkən olmadı. Nə olardı, imkan verəydilər hərbçilərlə birlikdə operator da girərdi işğaldan azad olunmuş torpaqlarımıza. Görün nə gözəl olardı. Təbii ki, o çəkdiklərini birbaşa ötürməyəcəkdilər. O montaj olunacaqdı. Ola bilər müəyyən kadrlar var ki, onlar efirə getməməlidir. 1992-ci ildə senzura var idi. Biz gedib çəkib gətirirdik, onlar nəyə icazə verirdilərsə, gedir efirə. Bu gün də bunu etmək olardı.".

"Təəssüf ki, 44 günlük müharibədə hərbi jurnalistikaya şou kimi baxdılar. Niyə şou yaratdılar? Şou yaratmaq lazım deyildi. Döyüşdə sən 40 km arxadasan, mərmi gəlir düşür partlayır, burada şou göstərməyin nə mənası var idi. Bir jurnalistin qarşısına mərmi düşmüşdü, dəfələlə bunu reklam elədilər ki, jurnalistin qarşısına mərmi düşüb. Axı bu nəyə lazım idi? Dünyada belə bir kadr yoxdu ki, reportyora güllə dəysin, başqa kamera da bu anı çəksin, üstəlik güllənin çıxarılma anı da çəkilsin. Heç mən bununla fəxr etmirəm. Olub da, məgər digər vuruşanlar bunu bayraq edirlər? – Yox. Heç mən bunu bir dəfə də olsun dilimə gətirmədim. Amma gedib arxa cəbhədən bir-iki kadr çəkən özünü qəhrəman hesab elədi. Sosial şəbəkələrdə fotolar çəkib paylaşırdılar. Sənə şəkil lazım idisə, Bakıda da səngər var. Gedərdin orada istədiyin qədər kadr şəkil çəkdirərdin. Amma müharibəyə getmişdinsə, normal kadr gətirərdin" - deyə Ə. Arifoğlu əlavə etdi.

Arifoğlunun dediyinə görə, hər televiziyada bir hərbi redaktor olmalı idi: "Opertorlar çəkməli idilər, onların çəkdiklərini hərbi senzuradan sonra buraxmalı idi. O vaxt bu var idi. 44 günlük müharibədə bilməyərəkdən koordinatları verən oldu, hadisənin içində canlı yayım etmək istəyən oldu. Müharibədə canlı yayım olmaz. Düşmən ən çox televiziyanı izləyir. Bir televiziyamız xəbər verdi: Saat 12:30-da ermənilər zavodu vurdular. 14:30-da rayonun mərkəzini vurdular, 15:30-da filan binanı vurdular. Erməniyə kordinatları verdin ki, sənin atdığın roketlər haralara düşdü. Bu, bilməməzlikdən irəli gəlir. Kartofdan, soğandan reportaj hazırlayandan hərbi reportyor olmaz. Onları müharibəyə göndərmək olmaz".

"Mən 100 faiz deyirəm, 3-cü Qarabağ müharibəsi olarsa, antiterror əməliyyatı olsa belə, mən orada olacam. Və göstərəcəm ki, hərbi müxbirliik nədir. Bilirsiniz, dağılmış evi gedib çəkmək bizim üçün qəbuledilməz idi. Özümüzə ayıb hesab edirdik. Deyirdik dağıdılmış evi çəkməkdənsə get səngəri, müharibəni çək. Deyirdik kənd azad olunacaq, biz ora daxil olacaq çəkəcək. Elə də edirdik. Həmin dönəmlərdə azad olunan kəndlərə hərbçilərlə birlikdə daxil olurduq".

Ədil müəllim deyir ki, sabah işğaldan azad olunan rayonlar haqqında sənədli film çəkmək istəsələr, filmdə istifadə etmək üçün keyfiyyətli kadrlar yoxdur: "O vaxt 1992-ci ildə Ağdərənin azad olunmasını mənimlə bərabər Allahverdi Əsədov, Seyidağa Mövsümlü çəkmişdilər. Girib döyüşü çəkmişdik. Bundan başqa, Horadiz əməliyyatında döyüşə girib azad olunma proseslərini çəkmişik. Amma təəssüf ki, bu müharibədə ortaya çıxarılacaq bir kadr yoxdur. Tutaq ki, Qubadlının azad olunması haqqında sənədli film çəkmək istəyirik. Filmin hazırlanması üçün kadr varmı? – Yoxdur. Nə vaxta qədər dron kadrlarına baxmaq olar? Gərək imkan veriləydi, çəkilişlər olaydı. Müəyyən telefon kardlarından başqa, heç nə yoxdur. Baxırsan hamı hərbi jurnalistdir, hamı hərbi ekspertdir. Ömründə bir dəfə ön cəbhədə olmayanlar özünü hərbi reportyor, hərbi ekspert kimi təqdim edir. Yaxşı, hərbi reportyorsansa, çəkdiyin kadrlar hanı? Bu boyda qələbə qazanıldı, kadrlar yoxdur. Hər bir rayona girişlər, çıxışlar, əsgər və zabitlərlə müsahibələr olmalı idi, amma olmadı".

"Hazırda 44 günlük müharibənin montajı ilə məşğuluq. Müdafiə nazirliyinin dronla çəkdiyi kadrlar və ermənilərə qarşı artilleriya zərbələrindən başqa heç nə yoxdur" deyir Ə.Arifoğlu: "44 günlük müharibədə ən yaxşı kadrları Vahid Mustafayevdən əldə etdim. Onun Tərtərdə çəkdiyi kadrları bəyəndim. O da 90-ların təcrübəsindən qaynaqlanır. Nizami Abbasın, mənim, Rahib Qəribin, Vahid Mustafayevin, rəhmətlik Seyidağa Mövsümlünün təcrübəsindən yararlanmaq lazım idi. Hələ özümü demirəm, Rahib Qəribi, Nizami Abbası qabağa vermək lazım idi. Azərbaycanın ən dəhşətli anlarının kadrları var, amma qələbə kadrları yoxdur. Arxa cəbhədə olan insanlar qələbəni hiss etmirlər. Çünki, görməyiblər. Xocalıdan tutumuş Daşaltı əməliyatına qədər olan bütün hadisələr çəkilib. Məsələn, mən gedirdim Ağdamda çəkirdim, Seyidağa gedirdi Zəngilanda çəkirdi. Mən Füzulidə çəkirdim, Nizami gedirdi Ağdərədə çəkirdi. Biz o qədər mehriban idik ki, biz bir-birimizə kadrlarımızı bağışlayırdıq. Vahid Mustafayevdən soruşdum ki, axı sən döyüşə girə bilən oğlan idin, nə oldu? Dedi "belə alındı"".

Müsahibimiz onunla çiyin-çiyinə çalışan Milli Qəhrəman Çingiz Mustafayevlə bağlı bəzi faktlara aydınlıq gətirib: "Bir faktı deyim. Çingiz Mustafayev şəhid olmazdan 15 gün öncə televiziyadan çıxarılmışdı. Səbəb bu idi ki, Xalq Cəbhəsi hakimiyyəti onu sevmirdi. May ayının sonunda onun işdən çıxarılması ilə bağlı əmr verildi. Çingiz şəhid olandan sonra onun kamerası üstündə dava düşdü. Onun kamerasını götürüb çəkilişə getmək istiyirdilər, məhv etmək üçün. İstədiklərinə nail oldular, kamera və onun çəkdikləri məhv oldu. Şayələr gəzirdi ki, Çingiz hərbi qadağalara qulaq asmadığına görə, şəhid olub. Bu, yalandır. Mən də yaralanmışdım, ölsəydim deyəcəkdilər hərbi qadağalara qulaq asmadığına görə şəhid olub. Müharibəni çəkirsənsə, əmin ol ki, ölüm riski 95%-dir. Kameranı snayper çox asan vura bilir. Mənim sadəcə bəxtim gətirib ki, ölməmişəm, qəlpə başımın arxasında qalıb".

Ədil müəllim deyir ki, onda Birinci Qarabağ müharibəsinin dəhşətlərini əks etdirən 500 saatlıq material var. O, materialların məhv olmasından qorxur. Həmsöhbətimiz Qarabağ müharibəsinə aid arxivin yaradılmasının vacib olduğunu vurğulayıb: "Əfsus ki, 30 il müharibə şəraitində yaşadıq, hələ də yaşayırıq. Bu illər ərzində nəinki hərbi reportyor yetişdirildi, hətta Birinci Qarabağ müharibəsində reportyorluq etmiş insanların arxivlərinə nəzər yetirilmədi. Azərbaycan Televiziya məkanında Qarabağ müharibəsi arxivi yoxdur. Arxiv materiallar yalnız ayrı-ayrı şəxslərin evlərindədir. Bunlar tarixdir, saxlamaq lazımdır. Ümumiyyətlə, bizdə hərbi kadrlara, hərbi reportyorluğa laqeyid münasibət var. Goranboyun 3 kəndi ermənilər tərəfindən bombalanmışdı. O kəndlərdəki insanlardan müsahibələr var. Bu kimi 100-lərlə reportajlar var ki, onlar arxivlərdə yoxdur. Müəyyən arxiv matrialları ANS-də, məndə, Seyidağa Mövsümlüdə, Nizami Abbasda var. Axı bunu bir yerə yığmaq olardı. Mən dəfələrlə demişəm, müharibə ilə bağlı məndən kimsə material istiyərsə, mən onu verərəm. Mən çox narahatam ki, sabah bir şey olar, hamısı məhv olar. Axı bunlar müharibə arxividir. 2016-cı ilin Aprel döyüşlərindən heç bir kadr yoxdur. O boyda Lələtəpə alınıb, bir dənə kadr yoxdur. Telefon çəkilişləri ilə heç nə etmək olmaz. Guya jurnalistlərin təhlükəsizliyinə görə bunu edirlər. Hərbiçi şəhid ola bilər, jurnalist yox? Hansı üstünlüyü var ki, jurnalistin? Amma getsəydi, tarix yaradardı".

"Ən böyük arzum, ərazi bütövlüyümüzün bərpa olnmasıdır. Ağdərə də, Xocalı da, Xocavənd də, xüsusən də Xocalı qaytarılmalıdır. Yəqin ki, bir gün onlar da bizə qayıdacaq. Əvvəllər 1 kəndin belə azad olunmasını xəyal edirdik. Amma o qədər torpaqlarımız azad olundu. Mən nə vaxtsa mənim əməyim qiymətləndirsin deyə müharbə reportyoru olmadım. Heç sonralar da düşünmədim ki, niyə mənim zəhmətim qiymətləndirilməyib. Çünki, mən heç nə haqqında düşünmürdüm. Mən yalnız vətəndaşlıq borcumu yerinə yetirirdim. Mən bununla fəxr edirəm. Azərbaycanın ən faciə günlərini, ən ağır nöqtələri – işğal olunmuş rayonlarda, müharibənin qızğın nöqtələrində çəkilişlər aparmışam, dünyaya çatdırmışam. Mən bunu heç vaxt reklam etməmişəm. Pafoslu səslənməsin, bunu vətən üçün etmişəm. Necə ki, digər insanlar gedib vuruşurdular, şəhid olurdular. Mən də getdim, xalqın ən acı məqamlarını dünyaya çatdırdım. Fərx edirəm ki, heç olmasa nəsə etmişik" - deyə hərbi reportyor fikrini tamamladı.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Xəbər lenti
0