QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamın mina xəritəsinin Azərbaycana verilməsinə rəsmilərin reaksiyası

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Ermənistana təhvil verilib.

BAKI, 12 iyun - Sputnik. Azərbaycanın Ağdam rayonunun mina xəritələrini Ermənistandan alması müqabilində 15 erməni hərbçini təhvil verməsindən sonra siyasətçilər və rəsmi şəxslər bu vacib hadisə barədə fikirlərini bildirməyə başladılar.

"Şadam ki, mənim aktiv dəstəyim və bizim strateji partnyorumuz, ABŞ Dövlət katibinin köməkçisi Filip Rikerin iştirakı ilə Azərbaycan tərəfi 15 Ermənistan vətəndaşını azad etdi, onlar öz ailələrinə Gürcüstan vasitəsilə qovuşdular", - Gücüstanın Baş naziri İrakli Qaribaşvili özünün Facebook səhifəsində yazıb.

Öz növbəsində ABŞ-ın Dövlət katibi Entoni Blinken Twitter səhifəsində qeyd edib ki, ABŞ Azərbaycanın 15 ermənini azad etməsini alqışlayır.

​"Biz Gürcüstan hökumətinə tərəflər arasında danışıqlara kömək göstərilməsində həyati vacib roluna görə təşəkkür edirik. Belə addımlar regionun xalqlarını layiq olduqları dinc gələcəyə yaxınlaşdırır", - Dövlət katibinin bəyanatında deyilir.

Rusiyanın Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında Azərbaycanın mina xəritələri müqabilində 15 ermənini azad etməsi xəbərini yayaraq qeyd edib: "Çoxdan gözlənilən xoş xəbər. Tərəflərin bu cür addımlarını alqışlayırıq".

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də kənarda qalmayıb: "Azərbaycan və Ermınistanın paralel humanitar jestlərini - tutulanların buraxılmasını və minalanmış ərazilərin xəritəsinin verilməsini alqışlayıram".

O, Twitter səhifəsində vurğulayıb ki, Avropa İttifaqı bu prosesi dəstəkləyib və proqressin tezləşməsi üçün köməyini təklif etməyi dayandırmayacaq.

Gürcüstanın XİN rəhbəri David Zalkaliani qeyd edib ki, ermənilərin öz ölkələrinə qaytarılması və Azərbaycanın minalarla bağlı lazımi materiallarla təmin edilməsi Cənubi Qafqazın üç ölkəsi arasında münasibətlərin başlanğıcıdır. Bu barədə isə APA-nın yerli bürosu məlumat verib.

Gürcü nazirin sözlərinə görə, Azərbaycanın azad etdiyi ermənilər artıq Ermınistan ərazisindədirlər.

Azərbaycan 15 ermənini hansı şərtlərlə buraxdı?

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.

Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir", - məlumatda vurğulanıb.

Ermənistan minalanmış ərazilərin xəritəsini könüllü surətdə verməkdən imtina edir

Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfinə və beynəlxalq təşkilatlara minalanmış ərazilərin xəritəsini almaq üçün müraciət etsə də, Ermənistan birmənalı şəkildə həmin xəritələri verməkdən imtina edib. Nəticədə atəşkəs dövründə onlarla Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və yaxud yaralanıb.

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır.

Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən deyib ki, "Biz bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq".

"Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etmək lazım olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”, – S.Lavrov demişdi.

Qeyd edək ki, iyunun 12-də xarici ölkələrin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərini qəbul edərkən Azərbaycan Prezidenti yaxın vaxtlarda mina xəritələri ilə bağlı yaxşı xəbərlərin olacağına ümid etdiyini bildirib: "Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etmədən öncə heç nə söyləmək istəmirəm. Lakin Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək".

Eləcə də oxuyun:

  • Minalanmış ərazilərin xəritəsi: Nə vaxt veriləcək?

  • Beynəlxalq qurumlar mina xəritələrini ermənilərdən tələb etsin - Zamin Zeynal danışır

  • ABŞ rəsmisi Yerevanı bütün mina xəritələrini Azərbaycana verməyə çağırdı

  • Mina qurbanlarının sayı daha da arta bilər - Hafiz Səfixanov

Xəbər lenti
0