18:12 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
QARABAĞ
Qısa URL
962

Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Orta məktəbdə çağırışa qədərki hazırlıq fənn müəllimi işləyən qəhrəmanımız isə tələbələrinə gerçək müharibə təcrübəsindən bəhs edir, onları sülhün qarantı kimi yetirşdirməyə çalışır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

video: Taleh Mahmudov/Gülnar İbrahimova 

BAKI, 25 may — Sputnik. Qalib müəllim... 44 günlük Vətən müharibəsində onların torpaqlarımızın geri qaytarılmasında əvəzsiz rolu oldu. Bu torpaq üzərində, bu savaşda, müharibədə qanı ilə tarix yazanlardan biri də Gənclərin çağırışa qədərki hazırlıq fənn müəllimi, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, mayor Elnur İsayevdir.

O da 30 il həsrətində olduğumuz torpağa bizi geri qaytaranlardandır.

45 yaşlı həmsöhbətimizin özünü dərk etdiyi yaşlar dünya tarixində insanlığa yönələn ən böyük vəhşiliklərdən biri hesab edilən Xocalı soyqrımının baş verdiyi dövrə təsadüf edir. 20 Yanvar hadisələri, Xocalı faciəsi, daha sonra isə cənnət torpaqlarımızın işğal olunması, insanların yurd-yuvalarından didərgin düşməsi, körpələrimizin amansızlıqla öldürülməsi gənc oğlanın içində böyük nifrət, qəzəb yaratdı və zamanla onu daha da böyütdü, hərbçi kimi yetişdirdi... Beləcə, o, gənc yaşlarından içində alovlanan qisasını 30 il sonra - 44 günlük Vətən Müharibəsində ala bildi.

Sputnik Azərbaycan Elnur İsayevlə görüşüb müharibə həyatı haqda danışıb.

Öncə qəhrəmanımız haqda qısa məlumat:

E.İsayev 1976-cı ildə Gəncə şəhərində anadan olub. O, 1997-1998-ci illərdə Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, orada alpinizm, antiterror və digər təlimləri bitirdikdən sonra könüllü olaraq cəbhə bölgəsinə yollanıb. 2014-cü ildə könüllü olaraq mayor rütbəsindən tərxis olunub. Daha sonra 321 nömrəli orta məktəbdə hərbi müəllim kimi fəaliyyətini davam etdirib, 2017-ci ildən 160 nömrəli klassik gimnaziyada hərbi hazırlıq müəllimi kimi fəaliyyət göstərməyə başlayıb.

Qəhrəmanımızın müharibə ilə bağlı qeydlərindən

E.İsayev də 2020-ci ilin avqustundan artıq müharibənin başlayacağını ehtimal edibmiş. Müharibəyə hazırlaşmaq, çevikliyini artırmaq üçün həmin vaxtdan etibarən mütəmadi olaraq idmanla məşğul olan E.İsayev oktyabrın 9-dan odun-alovun içinə atılır: "Kəşfiyyatçılar çox zaman öncədən hər şeyi ehtimal edə bilirlər. Mən də avqustdan müharibənin olacağını ehtimal etmişdim. Sentyabrın əvvəlləri idi, dostum səfərbərliyə müraciət etdi, elə oldu ki, onu apardılar, mən qaldım. İki-üç dəfə müraciət etsəm də, dedilər ki, yaşınız uyğun deyil, sizi apara bilmərik. Bir müddət sonra zəng edib dedilər ki, təcili gəlməlisiniz. Ağcabədiyə, oradan da Füzuliyə, N saylı hərbi hissəyə yollandım. Oktyabrın 9-u idi, qızğın döyüşlər gedirdi. Qoşunlarımız sürətlə irəliləsə də, bunkerlərdə olan ermənilər çıxmaq istəmirdilər. Mənə qədər iki bölük komandiri şəhid olmuşdu. Mən onların yerinə təyin olunmuşdum. Səhəri gün artıq döyüşdə idim. Alınmayan bunkerin birini aldıq. Hadrut-Şuşa istiqamətində də bir bunker vardı, o da strateji yüksəklikdə idi. Mən vurulandan iki gün sonra qəhrəman əsgərlərimiz həmin bunkeri aldılar".

Ən dəhşətli döyüşlər - Şuşa

Müəllim ilk döyüş tapşırığı və iştirakçısı olduğu digər döyüşlərdən danışır: "Birinci tapşırığımız bu olub ki, düşmən postuna girib erməni hərbçisinin ölüsünü çıxarmaq, imkan varsa, meyitini sürüyüb gətirmək. Elə bilirsiniz, insan öldürmək asan şeydir? Çox çətin bir şeydir. Öncə uzaqdan öldürməyə başladım. Şəraiti elə yaradırdıq ki, düşmən məhv olurdu, əksər hallarda vəziyyət yaranırdı, minaya düşüb ölürdülər. Döyüş asandır, çətini döyüşə hazırlıq və müharibədən sonrakı mərhələdir. Həm də bir var, beynəlxalq konvensiyalar, bir də var, Allahın qanunları. Əgər sən onu əsir götürə bilərsənsə, öldürmək düz deyil, bu, Allaha xoş getməz".

Ən dəhşətli döyüşlər isə Şuşa ətrafında olub: "Şuşa ətrafında ağır döyüşlər oldu. Təsəvvür edin, bunkerlərin altından tanklar çıxırdı, bunkerlərindən pulemyot atılırdı, ermənilər gizlənirdilər, biz isə yox. Müharibənin qarşıdakı günlərində ermənilərin gözləri o qədər qorxmuşdu ki, müharibə edəcək halları yox idi, ən yaxşı halda qaçırdılar".

"Tapşırıq verildi ki, bir kənd var, onu almalıyıq, irəli getdik. Bölüyümüz 54 nəfərdən ibarət idi. Kəndin sağ və solunda dağ var idi, gecə ilə gedib həmin kəndi götürdük, bir ev qalmışdı, gedib həmin evi də götürdük. Bölük kənddə idi, gecə elə oldu ki, ermənilərin xüsusi təyinatlıları gəlib bizi mühasirəyə aldılar ki, əsir götürsünlər. Bir rus əsgərim var idi, onu 3 kilometr arxada müşahidəçi kimi qoymuşdum. Qumbaranı tulladım, onlar bildilər ki, biz həmin evdəyik, bir də gördüm ki, erməni qumbarası düz ayağımın altına düşdü. Qumbara necə partladısa, onun zərbə dalğası məni evin üstündən 10 metr aralıya, ermənilərin üstünə tulladı. Orada minalar basdırmışdıq. Ermənilər qaçanda minaya düşdülər. İki-üç gün onların meyitləri orada qaldı", - deyə o əlavə edir.

Qəhrəmanımızın 10 metr aralıya tullanması isə əsgərləri arasında maraqlı bir hadisə kimi yad edilib, Elnur müəllim deyir ki, sonradan şəhid olan çavuşlarından biri soruşurmuş ki, necə oldu, siz elə tullandınız?!

© Sputnik / Murad Orujov
Gənclərin çağırışa qədərki hazırlıq fənn müəllimi, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, mayor Elnur İsayev

"İrəli!" demək asan deyil

Hərbçi ailələri də müharibə iştirakçıları kimidir. Zaman onları dözümlü edir. İki övlad sahibi olan Elnur İsayevin övladları, həyat yoldaşı bu çətinliyin nə olduğunu hər kəsdən daha yaxşı bilirlər. Hərbçi ailəsi həsrətin, günlərlə yol gözləməyin də nə olduğunu yaxşı başa düşür. Ancaq yaralı vəziyyətdə olduğu üçün ailəsi ilə rabitəsi kəsilən E.İsayevdən 3 gün xəbər-ətərin çıxmaması artıq ailəsində narahatlığa səbəb olmuşdu: "Hərbçi ailəsi elə hərbçi kimi bir şeydir. Ailəm mənimlə birgə cəbhəboyu ərazilərin hamısında yaşayıb. Onlar özləri də hərbçi kimidirlər. Döyüş tapşırıqlarına gedəndə hər zaman qanlı geyimlərlə gəlmişəm. Bu səbəbdən övladlarım üçün mənim müharibədə iştirakım adi hal almışdı. Yaralananda cibimdə bir qırıq telefon vardı. Bizim mobil operatorun şəbəkəsi gəlmədi, bir qədər də qabağa sürünüb ikinci dəfə zəng edəndə şəbəkə gəldi, rəisimizə zəng etdim. Hücuma keçib məni təxliyə etdilər. Minaatanın atəşi altında məni ərazidən çıxartdılar. Adımı, soyadımı deyəndən sonra özümdən getmişdim. Üç gün məndən xəbər-ətər olmayanda ailəm narahat olmağa başlayıb. Gözümü açanda Bakıda idim, palatama ağır bir şey gətirdilər, açanda gördüm ki, içindəki qanlı geyimimdir. Haradasa, bir kiloya yaxın qan var idi torbada, bir də döyüşdə yanımda olan telefonum, kəmərim... Telefonu təmizlədim, indiyədək də onu saxlayıram. Amma qan iyi üzərindən getməyib".

"Bəs müharibədə sizin üçün ən çətin olan nə idi?" sualına cavabına "əmr vermək idi" deyir Elnur müəllim: "Çətin olan əsgərə "irəli, ölümə gedin" demək idi, mən o komandanı verə bilmirdim. Özüm irəlidə gedirdim, onlar arxamca gəlirdilər".

Qalib müəllim deyir ki, bu müharibə tamamilə fərqli, taktiki gedişlər isə çox sürətli idi: "Bir var, Vətən, Vətən deyirsən, bir də var ki, dediyindən daha artığını əməlinlə göstərirsən. Əsas odur ki, torpaq uğrunda can verdik, qan tökdük. Bunu bizim cavanlar bacardılar. Şəhidlərimiz də oldu. Mən şəhid olmadım, şəhidlik hər kəsə qismət olmurmuş..."

Hazırda qəhrəmanımızın hər iki ayağında 70 qəlpə, pəncəsində isə qırıqlıq var: "Minaatan mərmisi partlayanda arteriyam dağılıb. Yaxınlıqda əməliyyat olundum, həkim qanaxmanı saxlaya bilmədiyi üçün arteriyamı bağlayıb, kapron qoyub. Damarımı sağ ayağımdan kəsib sol ayağıma kaprondan qoyublar. Damarım açılmadığı üçün qan dövranım və ürəyimdə problemlər var".

© Sputnik / Murad Orujov
Gənclərin çağırışa qədərki hazırlıq fənn müəllimi, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, mayor Elnur İsayev

E.İsayev deyir ki, ermənilərdən qisasını hələ 2014-cü ilədək alıbmış: "Sadəcə bəzi detallar var, məxfidir, onları demək istəmirəm. Tək mən yox, elə yetişdirdiyim snayperlər də bu qisası aldılar. Bir snayperim vardı, Füzulidə 800 metrdən düşmən polkovnikini sağ gözündən vurmuşdu. Bu dəfə də qatıldım, bir ağsaqqal, kəşfiyyatçı kimi gedib dəstək oldum. Torpaq üzərinə qan düşürsə, o, torpaqdır. Əsas odur ki, qalib gəldik".

Qalib müəllim

O bu gün şagirdlərinin əsl qəhrəmanına, idealına çevrilib. E.İsayevin şagirdləri qəhrəman Qalib müəllimləri ilə fəxr edirlər. Elə özü də şagirdləri ilə fəxr edir, onlarla işləməkdən zövq alır. E.İsayev müəllim ailəsində böyüdüyü üçün müəllimliyin nə qədər çətin olduğunu hələ uşaq yaşlarından anlayırdı. Uşaq psixologiyasını yaxşı bilən müəllim belə hesab edir ki, dünyada ən ağır psixologiya elə uşaq psixologiyasıdır: "Uşağa qışqırmaq, xətrinə dəymək olmaz. Elə eləməlisən ki, yaxşı qiymət alsın, 2 yazmaq olmaz. Hərbi ölüm-dirim dünyasıdır, məktəb isə tamam başqa bir aləmdir. Çünki sən gələcək üçün bir şəxsiyyət formalaşdırırsan. Elə dərs keçməlisən ki, şagirdlərin səni sevə bilsinlər. Hərbidə bilirsən ki, ya öləcəksən, ya da öldürəcəksən. Müəllim işi isə daha çətindir".

Onun bu gün qazandığı titullardan biri də Qalib Müəllim adıdır.

Qeyd edək ki, II Vətən müharibəsində ümumilikdə respublika üzrə 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim bu müharibəyə öz töhfəsini verib. Onlardan ümumilikdə 20 təhsil işçisi şəhid olub. Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində çalışan 122-si müəllim və 5-i direktor müavini olmaqla, ümumilikdə paytaxtın 127 təhsil işçisi də Azərbaycan ordusu sıralarına qoşulmaq üçün müraciət edib. Onlardan 38 nəfər döyüşlərdə iştirak edərək qəhrəmanlıq və şücaəti ilə torpaqlarımızın azad olunması işinə töhfəsini verib.

Qeyd edək ki, yazı və videomaterial Təhsil Nazirliyinin media nümayəndələri üçün elan etdiyi “Qalib müəllim” müsabiqəsi üçün yazılıb.

Eləcə də oxuyun:

Rahibin son yazısı: “Döyüşə gedirik, silməyin, xatirə” - FOTO

Müharibə uşaqlarının yuxuları və kəndləri... – GÜLƏBİRD QEYDLƏRİ

Azadlıq üçün qızlıq arzularıyla vidalaşan "Qəqəni" - İndi o, xilaskardır

Teqlər:
video, xatirə, hərbi, müəllim, Şuşa

Əsas mövzular