04:53 14 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0722
  • RUB0.0237
QARABAĞ
Qısa URL
82

İllərdir doğma yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlər, yaxın zamanlarda öz doğma torpaqlarına qayıdacaqlar.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. Yolumuz şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Tərtər rayonunun, Suqovuşan kəndinədir. Avtomobilimiz yeni inşa edilmiş Tərtər-Suqovuşan-Talış yolu ilə şütüyür. Düzənlikdən dağlara doğru irəlilədikcə, müxtəlif relyef formalarını seyr edə-edə azadlığa qovuşmuş Vətən torpağına tez çatmaq üçün səbirsizlənirik. Həm də erməni vəhşiliyi nəticəsində dağıdılaraq məhv edilən və hər cığırı, hər daşı adamda vahimə yaradan küçələri keçdikcə, fikirləşirik ki, kainatın bəzəyinin insan olduğunu əbəs yerə deməyiblər.

Nəhayət, dağlar qoynunda yerləşən Suqovuşan kəndinə çatırıq. Kənardan kənd görünüşünü saxlasa da, işğalda olduğu müddətdə Ermənistan ordusu tərəfindən tamamilə dağıdılaraq viran edilib.

© Sputnik / Emin Alisahib
Tərtərdə Suqovuşan su anbarına mənzərə

Suqovuşan Tərtər rayonunun Çaylı inzibati ərazi dairəsində yerləşən kənddir. Vətən müharibəsi zamanı  Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. Bu kəndi başıbəlalı kənd də adlandırmaq olar. Çünki, ermənilər tərəfindən işğal edilən Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə azad edilib. Lakin 1994-cü ildə yenidən ermənilərin işğalına məruz qalıb. 3 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tərtər şəhərindən suqovuşana yeni asfalt yol çəkilib. İndi hamar yol bu səfalı kəndə üz tutmaq istəyənlərin işini bir az da asanlaşdırır.

  • Suqovuşan su anbarı yaxınlığında təhlükəsizlik tablosu
    © Sputnik / Emin Alisahib
  • Tərtərdə Suqovuşan su anbarına mənzərə
    © Sputnik / Emin Alisahib
  • Tərtərdə Suqovuşan kəndinə mənzərə
    © Sputnik / Emin Alisahib
1 / 3
© Sputnik / Emin Alisahib
Suqovuşan su anbarı yaxınlığında təhlükəsizlik tablosu

Suqovuşan kəndi həm siyasi, həm mənəvi, həm də iqtisadi baxımdan əhəmiyyətli bir ərazidir. Belə ki, kənd ərazisində su anbarı və ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları var. 1976-cı ildə istismara verilən Suqovuşan su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır.

Suqovuşan su anbarı kəndin işğaldan azad edilməsindən sonra Tərtər və ətraf rayonların suvarma suyuna olan tələbatının ödəməkdə bilavasitə rol oynayır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrini suvarma suyu ilə təmin edir.

© Sputnik / Emin Alisahib
Tərtərdə Suqovuşan kəndinə mənzərə

28 il ərzində Suqovuşan su anbarının işğalda qalması səbəbindən torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. İndi isə hər şey fərqlidir. Artıq Suqovuşan su anbarından Tərtər çayına suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.

İndi burada çatışmayan sadəcə sakinlərdir. Suqovuşan insan nəfəsini gözləyir. 

Əsas mövzular