12:13 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
QARABAĞ
Qısa URL
58420

"Həm hərbçilərimizə zərər yetirir, gəlib səngərlərə mina basdırırdılar, həm də kəndin çıxışlarına, otlaq sahələrinin girişinə. Biz bu gün də həmin minalardan zərər çəkirik" - keçmiş cəbhə bölgəsinin sakini.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 4 aprel — Sputnik. Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür. 2005-ci ildə BMT Baş Assambleyasında elan edilib və hər il mütəmadi olaraq qeyd edilir. Nəzərə alsaq ki, minalar və müharibənin digər partlamamış qalıqları hər ay dünyada 2000-ə yaxın insanın ölümünə və şikəst olmasına səbəb olur, deməli, məsələ olduqca ciddidir. Bir çox hallarda isə münaqişə və müharibələrdən sonra tərk edilərək qalmış və uzun illər təhlükə yaradan mina və partlamamış hərbi sursatların qurbanları əsasən mülki şəxslər olur. Hansı ki, bu kimi şəxslər bizdə də kifayət qədərdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Birinci Qarabağ müharibəsi dövründən bu günə kimi ermənilər Azərbaycan torpaqlarını minalayaraq, azərbaycanlılara qarşı minlərlə terror aktı törətməyə çalışıblar. Baş verən partlayışlar nəticəsində yüzlərlə adam həyatını itirib, yüzlərlə insan müxtəlif bədən xəsarəti alıb. Minlərlə mal-qara tələf olub.  44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı zəfər yenə ermənilərin xislətini və terrorçu ruhunu ortaya qoydu. Düşmən humanitar atəşkəs müddətindən istifadə edərək, bütün əraziləri minaladı. Hazırda ermənilərin basdırdığı minaları Azərbaycan dövləti ilə yanaşı, Türkiyə və Rusiyanın minatəmizləyən qrupları aşkarlayaraq, zərərsizləşdirməyə çalışır.

  • Elgün Ələkbərov, zərərçəkən
    © Sputnik / Emin Alisahib
  • Məhərrəm Nəbiyev, zərərçəkən
    © Sputnik / Emin Alisahib
  • Zahir Cəfərov, zərərçəkən
    © Sputnik / Emin Alisahib
  • Partlayış
    © Sputnik / Emin Alisahib
1 / 4
© Sputnik / Emin Alisahib
Elgün Ələkbərov, zərərçəkən

Elgün Ələkbərov Tərtər rayonunun Seydimli kənd sakinidir. 34 yaşlı Elgünün 5 və 6 yaşlarında 2 övladı var. Ailəsini dolandırmaq üçün traktor sürücüsü işləyir. Sonuncu əkin işi yanvarın 28-də olub. Yəni ermənilərin basdırdığı minaya tuş gəldiyi gün. Müsahibimiz deyir ki, bəlkə də tanrı onu övladlarına bağışlayıb. Yoxsa partlayışa səbəb olan tank əleyhinə mina onun ölüm səbəbi olacaq, övladları isə yetim qalacaqdı:

“Torpağı əkirdim, 2-3 baş əkmişdim. Birdən partlayış baş verdi. Elə bil, məni traktorla birlikdə qaldırıb çırpdılar yerə. Hər tərəf qara his idi, traktordan düşüb uzaqlaşdım. Üzüm-başım qan içində idi. Ayağa qalxıb yeridim ki, görüm əl-ayağım salamatdır? Sonra aqronom minaya düşdüyümü görüb məni xəstəxanaya çatdırdı”.

Tərtərin Qapanlı kənd sakinləri də 30 ilə yaxın bir müddət ərazində erməni təxribatları ilə üz-üzə qalıblar. Ermənilər bu yaşayış məntəqəsinə, demək olar ki, az qala bütün növ silahlardan atəş açıblar. Bəzən isə erməni diversant qrupları kəndin ətrafına minalar basdıraraq, kənd sakinlərini təşviş içində saxlamağa çalışıblar. Müsahibimiz Məhərrəm Nəbiyev atası ilə birlikdə mal otararkən minaya düşüb. Məhərrəm yaralanıb, atası Yusif Nəbiyev həyatını itirib. Məhərrəm bir tərəfdən atasını itirib, digər tərəfdən də ailənin yeganə dolanışıq yolu olan bütün mal-qarası tələf olub. “Mənfur düşmənlərimiz həm hərbçilərimizə zərər yetirir, gəlib səngərlərə mina basdırırdılar, həm də kəndin çıxışlarına, otlaq sahələrinin girişinə. Biz bu gün də həmin minalardan zərər çəkirik. Mən özüm şəxsən 1994-cü ildə atamla birlikdə minaya düşmüşəm. Mən aralı olduğum üçün salamat qaldım, lakin atam rəhmətə getdi, 6-7 baş heyvanımız da tələf oldu”.

© Sputnik / Emin Alisahib
Minalı ərazi

Zahir Cəfərov da minanın partlaması nəticəsində zərər çəkib. “Səhər idi, heyvanlarımızı aparırdım otarmağa.  Dörd baş camış idi, bir də balaları, camış minaya düşdü, hamısı tələf oldu. Bu gün, şükür, torpaqlarımız alınıb. Sadəcə bir az gözləmək lazımdır ki, bu insanlar bir də zərər çəkməsinlər. Ermənilər elə bir millətdir ki, minaları ağlagəlməz yerlərə düzür. Həm də xəritəsini vermir, yerini demir. Ona görə də gözləsinlər ki, minalar təmizlənsin”.

Bəli, kimisi bu cür hadisədən zərər çəkir, kimisi də doğma torpağını görmək istəyindən… 30 il məcburi köçkün həyatı yaşayan bəzi soydaşlarımız son günlər səbirsizlik göstərərək, bütün güc strrukturlarının, DİN, FHN, MN və ANAMA-nın xəbərdarlığına məhəl qoymayaraq, işğaldan azad olunan  torpaqlara keçmək niyyətinə düşürlər. Bu da çox vaxt bədbəxt hadisə ilə nəticələnir. Halbuki,  adı çəkilən qurumlar keçmiş cəbhə xətti boyunca və cəbhə kəndlərinə ərazilərin minalı olduğu barədə yazılı lövhələr də yerləşdirib. Amma bəzən insanların həmin ərazilərə keçməsi bədbəxt hadisələrə səbəb olur.

© Sputnik / Emin Alisahib
Yolda tablo

Hətta son günlər ANAMA-nın mina təmizləyən əməkdaşının da minaya düşmə faktı qeydə alınıb. Bu səbəbdən də siz siz olun, gizlin yolla o yerlərə keçməyə cəhd etməyin. Ən azından ermənilərin öz arzularına çatmalarına imkan verməyək. Həmçinin minatəmizləyənlərin öz canı bahasına o yerlərdə minaları aşkar etməsinə və zərərsizləşdirməsinə mane olmayaq.

Teqlər:
cəbhəboyu zona, mina, Qarabağ

Əsas mövzular