QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocalı dəhşətlərinin canlı şahidi: "Ağlıma da gəlməzdi ki, belə bir hadisə baş verə bilər"

© Sputnik / Shahperi AbbasovaVərziyar Əliyeva
Vərziyar Əliyeva - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Abunə olmaq
Vərziyar Əliyeva: "Yanlış anlamasınlar, Bakı da bizim vətənimizdir, bizə qol-qanad açdı. Amma biz burada qonağıq. Xocalının torpağı, suyu tam başqa idi".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Bəşəriyyətin ən qanlı faciəsində xeyli sayda əzizini itirənlərdən biri də Vərziyar Əliyevadır. Həmsöhbətimiz həmin gecə ilə bağlı acı xatirələrini Sputnik Azərbaycan-a danışıb: "1988-ci ilin sentyabrından onlar bizə atəş açmağa başladılar. 1988-ci ildə kəndimizdə toy idi, toyumuzu dağıtdılar. O dövrdə qadınlı-kişili hər kəs baltayla, dəhrəylə, ov tüfəngləri ilə onları susdurdular. 4 il biz müharibə şəraitində yaşadıq. Tanklarla bizə atəş açırdılar, biz mücadilə aparırdıq, oradan çıxmırdıq. Atışma olan kimi qadınlar, körpələr zirzəmiyə girirdi, kişilərimiz isə onlarla savaşa çıxırdılar".

"Mənim yoldaşım Əbülfət Əliyev Əlif Hacıyevlə hava limanında polis işləyirdi. Ermənilər hava limanını partlatdılar. 366-cı motoatıcı alay 4 bir tərəfdən Xocalını mühasirəyə aldı. Tanklarla, toplarla dinc əhalinin üstünə getdilər. Bəşəriyyətin ən dəhşətli soyqırımını etdilər. 613 nəfərimizi bir gecədə öldürüblər. Onlar çox qorxaq millətdir. Hamımız bilirik ki, onların arxasında kimlər durur. Qorxaq olduqları qədər də hiyləgərdirlər", - deyə V.Əliyeva əlavə edib.

Vərziyar xanım faciədən bir neçə gün öncə Xocalıdan çıxıb. Dediyinə görə, onun Xocalıdan çıxması bir təsadüf olub: "Həmin hadisədən bir neçə gün öncə təsadüfən övladlarımı əvvəlcə Ağdama, sonra da Bakıya gətirdim. Bu da tam təsadüfən baş verdi. Biz vaxtaşırı baş verən atışmalara adət etmişdik. Mənim heç ağlıma da gəlməzdi ki, belə bir hadisə baş verə bilər. Uzaqdan vertolyotu görüb iki uşağımı götürüb vertolyota mindik. Məndən sonra anam və bir çox Xocalı sakini gəldi. Anamın ayağında problem var idi. Atam onu vertolyotla Ağdama göndərdi. Kişilər xeyli sayda Xocalı sakinini – qadınları, qocaları və uşaqları vertolyotla göndərib, qalıb Xocalı uğrunda vuruşublar. Çıxa bilməyənlər həmin gecə həlak oldu".

O dövrkü hakimiyyət Xocalı sakinlərinə vəd verib ki, Əsgəran rayonu alınacaq, vertolyotla Ağdama gedənlər yenidən Xocalıya qayıdacaqlar: "Anamgil gələndə çox sevindim. Hamımız Ağdamda hoteldə qalmışdıq. Dedilər Əsgəranı alacaqlar. Biz də Xocalıya qayıdacağıq. Sevinirdik, inanırdıq, ümidlə oturmuşduq. Axşam şam yeməyini yeyəndən sonra bir qadının qışqırıq səslərini eşitdim. "Ay camaat, Xocalını yandırırlar". Hoteldəki bütün insanlar aşağı düşdülər. Dedilər Xocalıya dörd bir tərəfdən hücum olub. Səhəri gün uşaqlarımızı bağçaya qoyub Ağdam xəstəxanasına qaçdıq. Saatda bir axsaya-axsaya, ayağı donmuş adam gəlirdi".

© Sputnik / Shahperi AbbasovaHeyran Əliyeva və onun itkin düşmüş ailəsi
Xocalı dəhşətlərinin canlı şahidi: Ağlıma da gəlməzdi ki, belə bir hadisə baş verə bilər - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Heyran Əliyeva və onun itkin düşmüş ailəsi

Qəhramanımız danışır ki, övladlarını həyat yoldaşı Əbülfət Əliyevə qurban vermək istəyib: "Getmişdim Qara Qayaya, indi ora "Qanlı Qaya" deyirlər. Bizim millətimizi ən çox orada qırmışdılar. Mənim atamı da orada öldürmüşdülər. Biri mənə dedi ki, yoldaşını çiynindən və budundan vurublar, qan axa-axa gəlirdi. Dedim, axı onun zirehli gödəkçə, kaskası olmalı idi. Təcili getdiyindən onları geyinməyib. İnsanları çiynində daşıyıb. Həmin gün səngərdə onunla olan insanlara deyib ki, elə darıxmışam ki, burnumun ucu göynəyir uşaqlar üçün. Ağdam məscidində bütün ölüləri yuyub kəfənləyirdik. Sağ olsun Ağdam camaatı, axundları, kömək edirdilər. Atam ölmüşdü, dedilər yoldaşım sağdır. Ağdam xəstəxanasına gətiriblər. Oradan Ağdam xəstəxanasına qaça-qaça getdim. Dilim-ağzım qurusun, ilk dəfə balalarımı yoldaşıma qurban dedim. Dedim kaş yoldaşım sağ olsun".

"Heç kimi xəstəxanaya buraxmırdılar. Komandirin müavini var idi, Kamil Məmmədov. Gördüm o üzünü tutub ağlaya-ağlaya düşdü pilləkənlərdən. Dedim "Əbülfət öldü?" Heç nə demədi, artıq mən anladım ki, yoldaşım ölüb. O boyda insanı yarıb keçdim içəri. Baxdım ki, hələ istidir. İnanın, elə bil Əbülfət gülürdü. Mən bu vaxta qədər çox şəhid görmüşəm, baldızım da tibb bacısıdır xəstəxanaların birində. O da mənim sözümü təsdiqləyir. Elə bil bütün şəhidlər gülümsəyir. Elə bil, şəhid olduğuna sevinirlər".

Həmsöhbətimizin bacısı Heyran xanımın ailəsi və özü də həmin gecə itkin düşüb: "Bacım Heyran və ailəsi – 2 oğlu, həyat yoldaşı tamamilə məhv oldu. Meşədə itkin düşüblər. Xoşqədəm Hidayətqızının "Səni axtarıram" və Rusiyada yayımlanan eyniadlı verilişə müraciət elədik, dedik bəlkə tapılar. 11 ölkəyə məktub yazmışam, dedilər bəlkə satıblar oralara. Dedilər Ermənistan və Gürcüstan arasında olan sərhəddə bir ferma var, onları ora aparıblar. Amma sonrakı taleyindən xəbərimiz yoxdu. 4 yaşında bir oğlu Mehdi qaldı, o da kolun dibində ilişib qalıb deyə sağ qalıb".

© Sputnik / Shahperi AbbasovaVərziyar Əliyevanın atası Mürşüd Hüseynov və həyat yoldaşı Əbülfət Əliyev
Xocalı dəhşətlərinin canlı şahidi: Ağlıma da gəlməzdi ki, belə bir hadisə baş verə bilər - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Vərziyar Əliyevanın atası Mürşüd Hüseynov və həyat yoldaşı Əbülfət Əliyev

Müsahibimiz bir gecədə 10 nəfər doğma insanını itirib: "Qardaşlarım 2 gün meşədə qalmışdılar. Ayaqları donmuşdu. Şükür ki, onlar sağ qaldılar. Qardaşlarımın birinin 65, digərinin də 58 yaşı var. Onlar müharibə vaxtı deyirdilər ki "bizim burada nə işimiz var? Biz indi cəbhədə olmalıyıq". Atam da 57 yaşında şəhid oldu. Müharibədə kişilərin ölməsi normaldır, amma uşaqların ölməsi isə dəhşətdir. Gəncədə baş verən terrordan olan kadrları görəndə sanki Xocalı soyqırımını yenidən yaşadım. 10 nəfər doğmam o gecə şəhid oldu. Hələ itkin düşənlər də var".

"Mənim baldızımın bir oğlu var idi, adı Ürfət idi. Baldızım onu tək böyütmüşdü. Bakı Slavyan Universitetində oxuyurdu. Qiyabi təhsil aldığından orada müəllim kimi də işləyirdi. Əlinə tüfəng alıb gəldi Xocalıya. O, meşəylə gələndə onları girov götürmüşdülər. Baldızımın oğlu ilə birlikdə xeyli insanı girov götürmüşdülər. Qardaşım girovluqdan gəldi. Deyirdi birdən məni aparsalar, səsini çıxarma, səsini çıxarsan qanımı halal eləmərəm. Həmin an ermənilər girib içəri 13 nəfər oğlanı götürüblər. Bir ailənin 3 oğlunu da götürüblər. Ürfətgil "Qarabağ Azərbaycanındır" dedikcə döyürdülər. Qadınlar qorxusundan səslərini çıxara bilməyiblər. 13 nəfəri çölə çıxarıblar. Birdən güllə səsi eşidildi. Dedik "balalarımızı öldürdülər". Ondan sonra bir maşın səsi gəldi. Onları apardılar. Səhəri gün Allahverdi Bağırovun köməkliyi ilə onları dəyişiblər. Dəyişəndə gözaltı qarın üstünə baxdım ki, qan var yoxsa yox. Gördüm ki, qarın üstündə qan yoxdu. Başa düşdük ki, onları sağ aparıblar. Anası oğlunun yolunu gözlədi ölənə kimi. Baldızım bura gələndən sonra onun sevdiyi şeyləri yemirdi. Baldızım Slavyan Universitetindən küsmüşdü. Deyirdi bir dəfə də olsun Ürfəti anmadılar. Halbuki oranın tələbəsi və müəllimi olub".

Müsahibimiz Xocalının gözəlliklərindən göz yaşları ilə danışıb: "Yeni ev tikmişdim. Sevincimin həddi-hüdudu yox idi. Amma uzun sürmədi. Yanlış anlamasınlar, Bakı da bizim vətənimizdir, bizə qol-qanad açdı. Amma biz burada qonağıq. Xocalının torpağı, suyu tam başqa idi. Qapqara torpağı var idi. Orada yetişən meyvə-tərəvəzin dadı tam fərqli idi. İndi bilmirik biz nə yeyirik. Ağzımızın dadı qaçıb. Bura gələndə neçə il su içə bilmədim. Rayonlara gedəndə orada yetişən mer-meyvədən üzüb yeyirəm ki, bəlkə ağzım dad tapar. Amma o dadı hiss etmirəm".

Xəbər lenti
0