12:47 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
QARABAĞ
Qısa URL
21010

"Ermənilər dünya alimlərini cəlb edib, bar-bar bağırırlar. Amma bizim nəyisə sübut etməyimizə ehtiyac yoxdur. Sadəcə olanları dünyaya göstərmək lazımdır".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 16 fevral — Sputnik. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı, bu işğalı müşayiət edən etnik təmizləmə, soyqırımlar dövlətimiz və xalqımız əleyhinə törədilmiş cinayətlərin başlanğıcı idi. İşğaldan sonra ermənilər cinayətlərinin icrasının yeni mərhələsinə keçdilər.

Tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Xəqani Alməmmədov vaxtilə işğal olunmuş Qarabağ ərazilərində qanunsuz qazıntılar və erməni arxeoloqları və arxeogenetiklərinin çirkin məqsədləri haqqında Sputnik Azərbaycan-a danışıb: "Azərbaycan xalqının təbii sərvətlərinin talanması, tarixi maddi-mədəniyyət (əsasən, islam dövrünə aid) abidələrin dağıdılmasını işğalçı tərəf tam məxfilik siyasəti altında apardığı halda, Azərbaycanın yazısız dövr (prehistory) və Qafqaz Albaniyası abidələrinin qanunsuz arxeoloji tədqiqini isə geniş informasiya dəstəyi ilə gerçəkləşdirir.

Bununla işğalçı tərəf iki əsas məqsədi hədəfləyib: 1) Qanunsuz arxeoloji tədqiqatlara əcnəbi alimləri dəvət etməklə, həmçinin, qanunsuz arxeoloji tədqiqatların nəticələrini, o cümlədən arxeometrik tədqiqatların nəticələrinin beynəlxalq elmi jurnallarda və beynəlxalq elmi konfransların materiallarında dərc edilməsi ilə qondarma "Arsax respublikasının" beynəlxalq hüququn subyekti kimi, yəni "müstəqil dövlət" kimi tanıdılması; 2) Qanunsuz arxeoloji tədqiqatlarla əldə edilmiş maddi mədəniyyət nümunələrinin, tapıntıların qeyri-elmi yozumu və arxeometrik tədqiqatlar ilə ermənilərin bölgənin "aborigen əhalisi" olmasını hər bir vasitə ilə dünya elmi ictimiyyətinə "sübut" etmək"".

Tarixçi bildirir ki, erməni işğalçıları tərəfindən qanunsuz qazıntıları başlamaq üçün ilk və əsas abidə kimi Azıx mağarısı seçilmişdi: "1999-2001-ci illərdə Azıxda qanunsuz olaraq həyata keçirilən bu qazıntılara maliyyə də Avropa fondlarından bu cinayətə cəlb edilmiş bəzi Qərb alimlərinin hesabına əldə edildi. Bu qanunsuz qazıntılara İngiltərənin ("British Airways"/"British Mediterranean Airways", London Universitetinin Arxeologiya İnstitutu, "The Harold Hyam Wingate Trust Foundation"), İspaniyanın (Elm və Texnologiya Nazirliyi, "The Royal Society") nüfuzlu təsisatları maliyyə dəstəyi ayırmışdılar. Bu sponsorların birbaşa dəstəyi ilə 2002-ci ildən bu yana Azıxda 40-dan çox beynəlxalq ekspedisiya üzvü çalışmışdı. Ekspedisiya üzvləri arasında Britaniya Təbiət Tarixi Muzeyinin əməkdaşı Piter Endryus (onun əsərlərinə 2018-ci ilin martınadək 8813 istinad verilmişdir) bu layihənin elmi məsləhətçisi, İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo (2018-ci ilin martınadək onun elmi əsərlərinə 3128 istinad verilmişdir), Patrisio Dominges və İzabella Torres, İrlandiyadan (İngiltərə) isə Con Myurri və başqa tanınmış mütəxəssislər var idi".

Bəşərin beşiyinə uzanan qara əllər: orada kəşfiyyat aparmaq ən böyük cinayətdir>>

"Qanunsuz qazıntılar, qazıntılardan əldə edilmiş tapıntılar və aparılmış arxeometrik tədqiqatların nəticələri barədə "Springer" nəşriyyatı tərəfindən çap edilmiş və "Azokh Cave and the Transcaucasian Corridor – 2016" adlanan toplu "Springer" bazasından satışa çıxarıldı. 2018-ci ilin martına olan məlumata görə, artıq Yer kürəsinin müxtəlif yerlərindən qədim dövr üzrə mütəxəssislər tərəfindən bu toplu alınıb. 2018-ci ilin martına olan məlumata görə, bu kitabı 2520 alim artıq alıb və Azıxda qanunsuz qazıntılar aparmış avropalı arxeoloqların, paleontoloqların, paleogeoloqların elmi məqaləsinə 103 istinad verilib", - deyə o əlavə edib.

Ermənilərin cinayətkar əməlləri bununla da bitməyib: ""Azokh Cave and the Transcaucasian Corridor – 2016" toplusunda qanunsuz qazıntılarda iştirak etmiş alimlər "Arsax respublikasının" rəhbərliyinə minnətdarlıq bildirir, ərazinin Azərbaycan Respublikasına deyil, separatçılara aid olduğunu daim vurğulayırlar. Azıx mağarısının adını erməni transliterasiyasında "azox" kimi göstərən bu əsər dünyanın tanınmış elmi kitabxanalarında yer taparaq faktiki erməni terrorçularının xeyrinə təbliğata zəmin verib".

Xəqani Alməmmədov bildirir ki, qanunsuz arxeoloji tədqiqatlar işğal edilmiş torpaqlarımızın digər guşələrində də aparılıb: "Məsələn, 2017-ci ildə ermənilərin guya "qədim erməni şəhəri Tiqranakert" adı verdiyi Ağdamın Şahbulaq qalasının şimal divarı ərazisində aparılan qazıntı işlərini Xankəndi Dövlət Universitetinin Tarix kafedrasının müdiri Vardqes Safaryan həyata keçirib. Arxeoloji ekspedisiyaya isə Yerevan Dövlət Universitetinin Tarix fakültəsinin Kulturologiya kafedrasının rəhbəri Hamlet Petrosyan adlı erməni başçılıq edib. Həmin qanunsuz qazıntılar sonra da davam etdirilib və 150 hektar sahəyə səpələnmiş Şahbulaq qalasının ətrafında antik dövrə və erkən orta əsrlərə məxsus tikililər, yeraltı sərdabələr və s. abidələr erməni "qara arxeoloqları" tərəfindən "aşkarlanıb". Məlumat üçün bildirim ki, təkcə 2019-cu ildə "Tiqranakert" qazıntıları üçün "Arsax hökuməti" tərəfindən 18 milyon dram, təxminən 38 min ABŞ dolları ayrılmışdı".

"Həmçinin, ermənilər Kəlbəcər, Xankəndi, Xocavəndin Tuğ kəndi, həmçinin, Daşaltı (ermənilər birbaşa Azərbaycan toponimini tərcümə edərək onu "karin tak" kimi tanıdırlar) kəndi yaxınlığında mağaralarda və digər ərazilərdə qədim yaşayış məskənləri, kurqan tipli qəbir abidələri, Alban kilsələri kimi tarixi-arxeoloji abidələrdə qanunsuz tədqiqatlar aparırdılar", - alim deyir.

Həmsöhbətimizin sözlərinə görə, ermənilər işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz tədqiqatlarla UNESCO–nun "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi" haqqında 1954-cü il Konvensiyası (Convention for the Protection of Cultural Property in the Event of Armed Conflict with Regulations for the Execution of the Convention 1954) və "Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri" haqqında 1970-ci il Konvensiyasının (Convention on the Means of Prohibiting and Preventing the Illicit Import, Export and Transfer of Ownership of Cultural Property 1970) müddəalarını da kobud şəkildə pozublar: "1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokol isə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirib. Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin üzərinə "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasını qadağan etməsi və qarşısını alması kimi öhdəlik qoyur".

Müsahibimizin sözlərinə görə, erməni silahlı birləşmələrinin nəzarətində olan zaman Dağlıq Qarabağdakı Azıx mağarasında tədqiqatlar aparan alimlərə Azərbaycan Baş Prokurorluğu cinayət işi açıb: "Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun Etnogenomika laboratoriyasının başçısı Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo (Yolanda Fernandez-Jalvo), Böyük Britaniyanın Blanford Muzeyinin "Azox layihəsi"nin direktoru Tanya Kinq və Londonda Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryusun 2002-ci ildən etibarən işğal edilmiş ərazilərimizdə yerləşən Azıx mağarasında arxeoloji qazıntı işlərini həyata keçirmələrinə, İspaniyanın Milli Təbiət Muzeyi və həmin ölkənin Elm və Texnologiya Nazirliyi, Böyük Britaniyanın Qaluay Universiteti, "Armenian General Benevolent Union"un London filialının qazıntı işlərinə maliyyə və digər dəstək vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə onların barəsində cinayət işi qaldırılaraq İnterpol xətti ilə bu şəxslər axtarışa da verildi. Yenə erməni lobbisinin, həmçinin, Qərbin ermənipərəst dairələrinin təsiri nəticəsində İnterpol faktiki terroçuları və cinayətkarları himayəyə götürərək, bu alimlər üçün axtarışı dayandırdı. Bu faktın özü İnterpol kimi təşkilatın ermənipərəst, anti-Azərbaycan, "ari" irqçi mövqeyində durmasının bariz göstəricisidir. Çünki bu təşkilat Azərbaycan torpaqlarının işğalı zamanı bəşəriyyətə qarşı cinayət törətmiş erməni terrorçularının həbs edilməsi barədə Azərbaycan hökumətinin tələbini yerinə yetirməkdən imtina etmişdi".

"Bütün bunlara baxmayaraq, rəsmi Bakı bu istiqamətdə ardıcıl siyasət aparmaqda davam etmiş və bu siyasət öz bəhrələrini vermişdi" deyən tarixçi qeyd edir ki, 2016-cı ilin dekabr ayında, "Qolos Armeniya" qəzetinə müsahibə verən Azıxda aparılan qanunsuz qazıntıların ermənilər tərəfindən olan rəhbəri Levon Yepiskoposyan Azərbaycan dövlətinin hətta bu sahədə onlara maneə olmağı bacardığını da etiraf etmişdi: "Onun sözlərinə görə, ermənilər Amerika Birləşmiş Ştatlarından Azıxda qazıntı aparmaq üçün külli miqdarda qrant almaq istəyirmişlər. Hətta fondun birinci turundan da keçdiklərindən ermənilər artıq maliyyəni əldə edib daha böyük qazıntılar aparacaqlarına da əmin idilər.

Lakin Azərbaycan dövlətinin işə qarışması və Amerika Birləşmiş Ştatlarında yerləşən bu fondla danışıqlardan sonra qanunsuz olaraq aparılan bu qazıntıların Azərbaycanın icazəsi olmadan həyata keçirildiyini sübut edə bilmişdi və fond ermənilərdən arxeoloji və arxeometrik tədqiqatlar üçün rəsmi Bakının icazəsi olmadan qrant ayırmayacağını bildirmiş, Azərbaycandan icazə sənədinin onlara təqdim edilməsini tələb etmişdi. Ermənilər qondarma Dağlıq Qarabağ rejiminin sənədləri ilə fonda müraciət etdiyində isə bu adda bir ölkənin olmadığı onlara bildirilir və beləliklə Azərbaycan dövləti ermənilərin qanunsuz qazıntılarında əsas maliyyə yollarından birini kəsməyə müvəffəq olur".

Ermənistan vaxtilə işğal altında olan torpaqlarımızda arxeoloji qazıntılar aparmaq üçün milyonlar xərcləyib: "2016-cı ildən etibarən, Levon Yepiskoposyanın verdiyi müsahibəyə görə, artıq Azərbaycan tərəfi bilməsin deyə, işğalçı tərəf "beynəlxalq" qanunsuz tədqiqatların maliyyəsinin həcmi və mənbəyi barədə məlumatları məxfiləşdirmişdi. 2017-сi ildə digər cinayətkar Hamlet Petrosyan bildirmişdir ki, ""Arsaxda" arxeoloji tədqiqatlara maliyyə dəstəyi lazımdır, bunun üçün Ermənistan hökuməti 5,5 milyon erməni dramı maliyyə vəsaiti ayırmalıdır, digər vəsait erməni diaspor fondlarından toplana bilər. Həmçinin, bu cinayətkar qeyd etmişdi ki, Azərbaycan tərəfinin cəhdləri "Arsaxda" arxeoloji qazıntıların qarşısını ala bilməsə də, bu qazıntıların Avropa və ABŞ fondları tərəfindən açıq maliyyələşməsinə ciddi maneəçilik törədir".

Psevdoalimlər, gil səhəng və ya Azıx mağarasıyla bağlı tənqidə dözməyən digər "tapıntılar">>

Tarixçi qeyd edib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə arxeoloji qazıntıların aparılması ən vacib məsələlərdən biri olmalıdır: "Artıq bütün bunlar keçmişdə qalıb. Ərazilər minalardan təmizləndikdən sonra oralarda ciddi tətqiqat aparmaq lazımdır. Çünki Qarabağ elə bir ərazidir ki, oranın hər qarışı tarixdir. Ermənilər dünya alimlərini cəlb edib, bar-bar bağırırlar. Amma bizim nəyisə sübut etməyimizə ehtiyac yoxdur. Sadəcə olanları dünyaya göstərmək lazımdır".

Teqlər:
tarix, arxeologiya, erməni vandalizmi, erməni yalanları, tarixi abidələr, Qarabağ, Azərbaycan, Şahbulaq qalası, Mazıx kəndi

Əsas mövzular