CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mərkəzi Bankın doqquz əməkdaşı Vətən müharibəsində iştirak edib

© AR Ministry of DefenceAzərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Bankın 14 əməkdaşı Vətən müharibəsində iştirakla bağlı ordu sıralarına cəlb olunub. Onlardan 5 nəfəri təlimlərdə iştirak etdikdən sonra ehtiyata buraxılıb

BAKI, 8 yanvar — Sputnik. İkinci Qarabağ müharibəsində iştirak edən Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşları Vətən qarşısında borclarını şərəflə yerinə yetirərək iş yerinə qayıdıblar. Onlar iş kollektivi tərəfindən böyük coşqu ilə qarşılanıblar.

AMB-dən Sputnik Azərbaycan-a bildirilib ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Vətən müharibəsində iştirak edən əməkdaşlarla görüşüb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti və rəhbərliyi ilə Azərbaycan Ordusu dünya hərb tarixinə əbədi həkk olunan böyük zəfər çalıb. Erməni işğalçıları məhv edilib, doğma torpaqlarımız 44 gün ərzində azad olunub. Milli tariximizin böyük qəhrəmanlıq salnaməsi kimi bu möhtəşəm zəfər xalqımıza bütöv Azərbaycanda yaşanmaq sevinci bəxş edib.

E.Rüstəmov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, xalqımızın qəlbində əbədi yaşayacaqlarını bildirib.

Mərkəzi Bankın 14 əməkdaşı Vətən müharibəsində iştirakla bağlı ordu sıralarına cəlb olunub. Onlardan 5 nəfəri təlimlərdə iştirak etdikdən sonra ehtiyata buraxılıb, 3-ü zabit olmaqla 9 nəfər isə İkinci Qarabağ müharibəsinə qatılaraq cəbhədə hərbi əməliyyatlarda bilavasitə iştirak edib. Düşmən üzərində böyük qələbəmizi şərtləndirən çoxsaylı üstünlüklərdən biri də ordumuzun yüksək texniki-intellektual hazırlığı olub. Müharibədə iştirak etmiş əməkdaşların texnoloji fəaliyyət istiqamətləri üzrə ixtisasları da bunu bir daha göstərir.

Əməkdaşlardan bir qrupu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə, həmçinin döyüş hazırlığı, nizam-intizam və qoşun xidmətinin təşkilində yüksək nəticələr əldə etdiyinə görə Fəxri fərmanla təltif olunub.

Sonda Vətən müharibəsi iştirakçıları ilə birgə xatirə şəkli çəkilib.

Xəbər lenti
0