17:30 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
656610

"Şuşaya ilk daxil olan biz idik. Biz oraya, demək olar ki, dırnaqlarımızla dağa qalxaraq daxil olduq. Onlar bizi başqa yoldan gözləyirdilər"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 17 dekabr — Sputnik. Həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində yaralanan zabit var gücü ilə sağalmağa çalışır ki, qazi adı almasın və cəbhəyə qayıtsın.

Minlərlə mərd oğlumuz torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə canlarından keçməyə hazır idi. Onlardan biri də XTQ-nin giziri, 29 yaşlı Babayev Ülvi İlham oğludur. Ülvi Şəki rayonunun Cumakənd kəndində dünyaya göz açıb. Ailədə iki oğuldan biri olan qəhrəmanımız atasız böyüyüb. Anası onlara həm ana, həm də ata olub. Ülvinin anası hər zaman övladlarını vətən sevgisi ilə böyüdüb.

Ülvi uşaqlıq vaxtından hərbiyə böyük maraq göstərib. 2016-cı il Aprel döyüşlərində iştirak edən Ülvi dizindən qəlpə yarası alıb. Həmin döyüşlərdə yaralanmasına baxmayaraq müalicə alaraq hərbi xidmətini davam etdirmək üçün işinə geri qayıdıb.

© Sputnik / Leyla Abdullayeva
XTQ-nin giziri Ülvi Babayev

Bu il sentyabrın 27-də başlayan Vətən müharibəsində ilk gündən döyüşən qəhrəmanımız özü haqda danışmaq istəməsə də, təkidimizlə yaralanmağından, döyüş tarixçəsindən bizə məlumat verdi: “Bilirsiniz ki, müharibədə öndə gedən bizim qoşun növü olub. Biz öncə Füzuli rayonu istiqamətində əks-hücuma keçdik. Və ilk dəfə elə Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə güllə yarası aldım. Yaralanmağıma baxmayaraq həkim müdaxiləsindən sonra mübarizəni davam etdirdim. Bizim bir amalımız vardı - ancaq və ancaq irəli. İkinci dəfə Cəbrayıl uğrunda gedən döyüşlərdə kontuziya aldım. Amma yenə döyüşdən qalmadım. Məqsədimiz sonacan getmək idi. Getdik də...

Demək olar ki, bütün döyüşlərdə iştirak etdim və ən çətin - Şuşa döyüşlərinə qatıldıq. Şuşaya ilk daxil olan biz idik. Biz oraya, demək olar ki, dırnaqlarımızla dağa qalxaraq daxil olduq. Onlar bizi başqa yoldan gözləyirdilər. Biz isə tam başqa istiqamətdə hücum etdik. Çox ağır döyüşlər oldu. Onlar bizim səsimiz gələndə: “Yaşma, Yaşma”, - deyib qışqırıb qaçırdılar. Ermənilər müharibə vaxtı heç vaxt bizimlə üzbəüz döyüşə girmirdilər.

Biz Şuşanı işğaldan azad etdikdən sonra azca rahatlamışdıq ki, yanıma "Qrad" mərmisi düşdü. Və mən bu döyüşdə daha ağır kontuziya aldım. Həmin an yarğana düşüb özümdə olmamışam. Saatlarla yaralı vəziyyətdə qalmışam. Dostlarım məni tapıb yarğandan hospitala aparıblar. Gözlərimi hospitalda açdım”.

Qəhrəmanımız ordumuzun mərd oğullarının heç nədən qorxmadığından, hətta yoldaşlarının həyatını qurtarmaq üçün canlarından keçdiklərindən də danışıb.

© Sputnik / Leyla Abdullayeva
XTQ-nin giziri Ülvi Babayev

“Biz bu müharibədə hər şey gördük. Birlik, bərabərlik, hətta bir-birinə görə canından keçən oğullar gördük. Ən çox yadda qalan hadisə Şuşa uğrunda gedən döyüşlərdə bir yoldaşımızın bizim həyatımızı xilas etmək üçün etdiyi qəhrəmanlıqdır. Bu hadisə həm ağrılı, həm də qürurvericidir.

Şuşaya bir istiqamətdə hücuma keçdik. Sonra geri qayıdıb digər tərəfdən hücum etməli idik. Bu zaman bir hərbçi yoldaşımız yaralandı. O, təkidlə onu orada qoyub getməyimizi istədi. Amma onun təkidinə baxmayaraq  kürəyimizə aldıq və yola düşdük. Azca getmişdik, həmin yoldaş: “Heç olmasa, silahımı mənə verin, sizə çox ağır olmasın”, - dedi. Biz də verdik. Elə verən anda: “Razı olmaram mənə görə şəhid olasınız”, - deyərək öz silahı ilə çənəsinin altından vurdu. Biz dəhşətə gəldik. Kaş ki onu dinləməzdik və ona silahını verməzdik. Baxın, belə oğulları olan torpaq basılarmı? Siz cavab verin”, - qəhrəmanımız Ülvi Babayev kövrəlir.
© Sputnik / Leyla Abdullayeva
XTQ-nin giziri Ülvi Babayev və anası Laləzar xanım

Ülvinin danışdıqca narahat olduğunu görüb anası Laləzar xanımı dinlədik. O, Ülvinin bir neçə dəfə yaralanmasına baxmayaraq bundan xəbəri olmadığını, bilən zaman çox həyəcan keçirdiyini dedi: “Ülvi Aprel döyüşlərində bir dəfə, Vətən müharibəsində isə dörd dəfə yaralanıb. Apreldə qəlpə yarası, Vətən müharibəsində isə 1 dəfə güllə yarası, 3 dəfə kontuziya alıb. Amma oğlum heç birini bizə bildirməyib. Mən onun yaralandığını biləndə artıq Ülvi özünə gəlmişdi. Aprel döyüşləri zamanı uzun müddət Ülvidən xəbərimiz olmamışdı. Hətta bəzi qohumlarımıza demişdilər ki, şəhid olub. Amma sonradan məlum oldu ki, yaralıdır. Mən iki oğlumu çox çətinliklə, təkbaşına böyütdüm. Ülvi əsgərlikdən qayıtdıqdan sonra qəti şəkildə bildirdi ki, hərbiyə qayıdır. 10 ildən artıqdır ki, vətən sevgisi Ülvinin çəkdiyi hər bir çətinlikdən üstün olub. İndi də səbirsizliklə sağalıb işinə qayıtmağa tələsir. Mən də bir ana olaraq hər zaman oğlumun arxasındayam. İki oğlumun ikisi də bu Vətənə qurbandır.

Bir də qəlbən onu bildirmək istəyirəm ki, ağır vəziyyətdə olan yaralı əsgərlərimiz var. Əgər onlara hansısa bir orqanım lazımdırsa, bir ana kimi canla-başla verməyə hazıram”.

Onu da qeyd edək ki, Ülvi Babayev dəfələrlə yaralanmasına baxmayaraq qazi adından imtina edib. O, tezliklə sağalıb xidmətə qayıdacağı günü səbirsizliklə gözləyir.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Teqlər:
döyüş, Qarabağ, xatirə, Şuşa, yaralı, hərbçi, qazi

Əsas mövzular