07:20 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
80 0 0

Ekoloq: "Meşələrin yandırılması, heyvanların öldürülərək ətrafa atılması gələcəkdə ağır fəsadlarla nəticələnə bilər. Güclü infeksiyalar, epidemiyalar baş verə bilər".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Ermənistanın işğal olunmuş ərazilərdə törətdiyi ağır cinayətlərdən biri də ekoloji cinayətlərdir. Silahlı təcavüzün başlanmasından keçən müddət ərzində işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri də talan edilib, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilib, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulub.

Ekoloq Telman Zeynalovun sözlərinə görə, Ermənistanın 30 il müddətində Azərbaycana məxsus ərazilərdə törətdiyi ekoloji cinayətlərə görə Azərbaycan təzminat almalıdır.

"Meşələrin yandırılması, heyvanların öldürülərək ətrafa atılması gələcəkdə ağır fəsadlarla nəticələnə bilər. Güclü infeksiyalar, epidemiyalar baş verə bilər. Çünki öldürülən hər bir heyvanın orqanizmində minlərlər mikroorqanizmlər var. Və bu da təbiətə atılıb. Yəni insanlığı xəstəliklər gözləyir. Buna görə də diqqətlə davranmaq lazımdır", - deyən ekspert bildirib ki, təbiət öz-özünü bərpa etmək xüsusiyyətinə malikdir.

Yəni dəyən zərərlər zamanla aradan qalxacaq. Ancaq bəzi problemlər var ki, onları bərpa etmək üçün insan amili önəmlidir. Bu səbəbdən də Ermənistan beynəlxalq məhkəmələrə verilməli və təzminat tələb edilməlidir: "Düşünürəm ki, Azərbaycan bu addımı atacaq".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun sözlərinə görə, Ermənistan tərəfindən işğal altındakı ərazilərdəki flora və faunanın məhvi, xüsusən də Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimizdə yaşı iki min ildən artıq olan təbiət abidələrinin - çinarların kəsilməsi, Şuşa ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforla yandırılması, indi də Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətdir.

O əlavə edib ki, bu barbarlığı bir neçə gün əvvəl yayılan foto və videolarda daha aydın şəkildə görmək mümkündür.

Belə ki, ekoloji cinayətlər illərlə Azərkosmosdan alınmış foto faktlarda da təsdiq olunub. Eyni zamanda, yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırım, yaradılmış Əməliyyat qrupunda təmsil olunan nazirliyimizin əməkdaşlarının keçirdiyi monitorinqlərin ilkin nəticələrində də öz əksini tapıb.

V.Kərimov qeyd edib ki, mövcud faktlar müvafiq beynəlxalq konvensiyaların katibliklərinə təqdim edilib.

"Ekoloji terror faktlarına qiymət verilməsi üçün səylərimizi davam etdirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlərə artıq başlanıb. İşğaldan azad olunmuş ərazilərdə noyabrın 11-dən başlayaraq müxtəlif növ ağac tingləri əkilir, meşə örtüyünün və yaşıllıqların bərpası istiqamətində tədbirlər görülür. Qarabağ ərazisində fəaliyyətimiz bundan sonra daha da intensivliklə davam etdiriləcək", - deyə nazir müavini bildirib.

Teqlər:
işğaldan azad edilmiş ərazilər, Qarabağ, Ermənistan, ekoloji fəlakət, Telman Zeynalov, Ekologiya və təbii sərvətlər naziri

Əsas mövzular