05:54 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
21210

8 noyabr Azərbaycan tarixində Şuşanın işğaldan azad edilməsi günü kimi qaldı. Bu günü daha da əbədiləşdirmək üçün Azərbaycanda 8 noyabrı həm də "qəhrəmanlar günü, kişilər günü" kimi elan etmək olar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 noyabr — Sputnik. Şuşa 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Şuşanı itirmək yaralı bir quşun qanadını itirməsi demək idi Azərbaycan üçün. Ermənilər isə "Şuşi" adlandırdıqları bu şəhərə 1828-1830-cu illərdə Rusiya imperiyası dövründə köçürülüb.

Şuşanı geri qaytarmaq, hər bir azərbaycanlının arzusu idi. Və noyabrın 8-də ölkə başçısı Şuşanın işğaldan azad edildiyini elan edəndə, hər bir azərbaycanlı qürur keçirirdi.

Gənc nəsil Şuşanın ancaq videogörüntülərini, fotolarını görüb. Amma hər birimiz bilirik ki, orada bizim canparçamız Şuşamız var.

Ekspertlərin fikrincə, Şuşanın işğaldan azad edilməsində Azərbaycan Ordusunun əsgərləri böyük şücaət göstərib.

Polkovnik Şair Ramaldanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumiyyətlə müharibə zamanı bütün döyüşlər mərkəzdən idarə edilərək aparılıb.

İşğaldan azad edilmiş hər hansı bir ərazinin xüsusiyyətinə uyğun olaraq, orada olan düşmən və digər amillər nəzərə alınaraq, hansı qüvvələrin ayrılması müəyyənləşdirilir.

"Nəticə göz qabağındadır. Azərbaycan Ordusu bu istiqamətdə alınan tapşırığı yerinə yetirdi və Şuşanı işğalçılardan azad etdi. Azərbaycan Ordusu Şuşanı öz əlləri ilə düşməndən təmizləyib. Şuşanın azad edilməsi xüsusi təyinatlı bölmələr tərəfindən kəndbəkənd, küçəbəküçə, evbəev yaxın döyüş aparılaraq azad edilib", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Şuşa hər baxımdan strateji ərazidir. Şuşanın işğaldan azad edilməsini işğalçıların "ürəyinə bıçaq sancılması kimi" izah etmək olar:

"Şuşa böyük üstünlüyə malik yaşayış məntəqəsidir. Şuşa hər zaman alınmaz qala hesab edilib. Və ermənilər düşünə bilməzdilər ki, Şuşa Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilə bilər. Bu onlar üçün gözlənilməz idi. Və demək lazımdır ki, Şuşanın işğaldan azad edilməsi ermənilər üçün mənəvi-psixoloji baxımdan böyük zərbə idi".

Polkovnikin sözlərinə görə, Şuşa hərbi baxımdan da strateji əhəmiyyətə malik olub. Belə ki, Şuşa separatçı rejimin idarə edildiyi Xankəndinə 11 kilometr məsafədə yerləşir. Şuşanın coğrafi baxımdan yüksəkliyini nəzərə alsaq, Azərbaycan üçün bütün istiqamətlərdə prespektiv yaradırdı.

8 noyabr Azərbaycan tarixində Şuşanın işğaldan azad edilməsi günü kimi qaldı. Bu günü daha da əbədiləşdirmək üçün Azərbaycanda 8 noyabrı həm də "qəhrəmanlar günü, kişilər günü" kimi elan etmək olar.

Ş.Ramaldanovun fikrincə isə bundan sonra Azərbaycanda hər gün kişilər günü kimi qeyd edilməlidir.

Tarixçi Kamran İsmayılovun sözlərinə görə, hazırda Şuşa rayonunun 39 ərazi vahidi Ermənistanın hərbi təcavüzü nəticəsində ziyan çəkib.

O bildirib ki, dəniz səviyyəsindən 1300-1500 metr hündürlükdə yerləsən Şuşanın unikal iqlimi, havası, mineral bulaqları öz müalicəvi xüsusiyyətləri ilə Davos və Kislovodsk kimi tanınmış kurortları geridə qoyub.

Erməni işğalçıları Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi sayılan, "Qafqazın konservatoriyası" adını qazanmış Şuşa şəhərində Azərbaycan xalqının və mədəniyyətinin izlərini silmək üçün xüsusi canfəşanlıq göstəriblər.

350 hektarlıq qoruq zonası olan Şuşada 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya əhəmiyyətli abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, milli musiqimizin klassik ənənələrini özündə yaşatması, onun "mədəniyyətimizin beşiyi" adlandırılmasına səbəb olub. Bu abidələrin çoxu XVIII-XIX əsrlərə aiddir.

Teqlər:
Ermənistanın hərbi təcavüzü, Davos, Şuşa şəhəri, Şair Ramaldanov, Şuşanın azad olunması

Əsas mövzular